Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Nizami Gəncəvi almanaxı”nın II cildi nəşr olunub
13.12.2021 17:16
  • A-
  • A
  • A+

“Nizami Gəncəvi almanaxı”nın II cildi nəşr olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsi tərəfindən “Nizami Gəncəvi almanaxı”nın II cildi nəşr edilib.

 

Ədəbiyyat İnstitutunun Elmi şurasının 6 iyul 2021-ci il tarixli qərarı ilə çap olunan almanaxın baş redaktoru müəssisənin baş direktoru, akademik İsa Həbibbəylidir. II cildin redaksiya heyətinə akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü Nüşabə Araslı (elmi məsləhətçi), filologiya elmləri doktoru Əlizadə Əsgərli, dosent Aygün Bağırlı, dosent Zəhra Allahverdiyeva (məsul redaktor) və Lalə Paşayeva (koordinator) daxildir.

 

II cild Prezident İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamının mətni ilə açılır. Sonra akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi: ömür və sənət yolu” araşdırması yer alıb. Nəşrdə Ədəbiyyat İnstitutunun əməkdaşları ilə birgə ümumilikdə 20 tədqiqatçının mövzu ilə bağlı məqalələri cəmlənib.

 

Almanaxa daxil olan məqalələr Nizami Gəncəvinin həyat və yaradıcılığına dair mühüm elmi problemlərin həllinə yönəlib. Azərbaycan dövlətinin apardığı müstəqil siyasət, torpaqlarımızın azad olunması və düşmən üzərində çaldığımız şanlı tarixi zəfər, eləcə də “Nizami Gəncəvi İli” şairin irsinə yeni baxış, daha obyektiv elmi meyarlar tələb edir. Almanaxın bu sayında həmin tələblər nəzərə alınmaqla, dahi şairin həyatı, mühiti və yaradıcılığı ətrafında aparılan mühüm əhəmiyyət daşıyan araşdırmalar təqdim olunur.

 

Qeyd edək ki, Nizami Gəncəvi almanaxlarının nəşr ənənəsi 1940-cı ildən başlayıb. “Nizami Gəncəvi almanaxı”nın I cildi 2019-cu ildə çap olunub.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: