AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosiologiya şöbəsinin əməkdaşı, iqtisad elmləri doktoru, sosioloq Əhməd Qəşəmoğlunun “Sosial-iqtisadi proseslərin idarə olunmasında ahəngyol nəzəriyyəsindən istifadə” adlı monoqrafiyası nəşr olunub.
Nəşrin elmi redaktoru professor İlham Məmmədzadə, rəyçiləri AMEA-nın müxbir üzvü Əyyub Quliyev, fələsəfə elmləri doktoru Füzuli Qurbanov və dosent Aqil Eyvazovdur.
Monoqrafiya müəllifin təklif etdiyi, artıq beynəlxalq elm aləmində geniş tanınan ahəngyol elmindən sosial-iqtisadi proseslərin idarə olunmasında istifadə yollarına həsr edilib.
Kitabda sosial-iqtisadi proseslərin mahiyyəti dərindən araşdırılıb, bu sahədə yeni yanaşmaya ehtiyac olduğu göstərilib. Sosial-iqtisadi proseslərin uğurla idarə edilməsi üçün elmi bazanın formalaşması, bu sahədə sosiologiya elminin rolu barədə ətraflı məlumat verilib. Sistem nəzəriyyəsindən, ahəngyol elmindən və onun əsas müddəalarından, metodlarından sosial-iqtisadi proseslərin daha uğurlu şəkildə idarə edilməsi yolları göstərilib.
Yeni bir yanaşma əsasında yazılmış kitab sosiologiyanın, müasir elmin bu sahədəki inkişafı üçün də olduqca faydalı ola bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.