Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan şərqşünaslığı” jurnalının növbəti sayı işıq üzü görüb
16.12.2021 12:57
  • A-
  • A
  • A+

“Azərbaycan şərqşünaslığı” jurnalının növbəti sayı işıq üzü görüb

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının növbəti sayı işıq üzü görüb.

Jurnal əsasən bu il 880 illik yubileyi qeyd edilən görkəmli Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunub. “Nizami-880” rubrikasında akademik Gövhər Baxşəliyevanın məqaləsində Nizami Gəncəvinin türk olmasına dair şairin öz yaradıcılığından sübutlar gətirilir, filologiya elmləri doktoru Mehdi Kazımov Cəmalinin “Xəmsə”yə nəzirəsindən bəhs edir, filologiya elmləri doktoru Şəfəq Əlibəyli “Xəmsə”də cəvahirat adlarının linqvopoetik təhlilini aparır, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva orta çağ şeirində “Məxzənül-əsrar”a poetik-semantik müraciətlərdən yazır. Özbəkistanlı alim, tarix elmləri üzrə fəlsəfə doktoru Vera Muxamedjanova Azərbaycan və özbək xalqlarının tarixində Nizami və Nəvai şəxsiyyətindən bəhs edir. Filologiya üzrə fəlsəfə doktoru Lalə Bayramovanın məqaləsində dastan janrının “Xəmsə”də inikası, filologiya üzrə fəlsəfə doktoru Aygün Əlizadənin yazısında isə Nizami və irfan mövzusuna toxunulur. Bu bölümdə, həmçinin Şərqşünaslıq İnstitutunda şairin yubileyi ilə əlaqədar keçirilən konfrans və seminarlar barədə məlumatlar dərc olunub.

Növbəti rubrikada Mustafa Kamal Atatürkün 140 illiyi ilə əlaqədar məqalələr çap edilib. Jurnalda, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yol xəttinə, Yunus Əmrə yaradıcılığına, Abay Kunanbayevə, Şərqşünaslıq İnstitutunun tədqiqatlarına həsr olunmuş məqalələr, nəşr olunan yeni kitablar, müəssisədə keçirilən tədbirlər, əməkdaşların iştirak etdikləri beynəlxalq konfranslar barədə məlumatlar da yer alır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: