AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən “Müasir Azərbaycan dili və nitq mədəniyyəti məsələləri” kitabı çap olunub.
Monoqrafiyanın elmi redaktorları akademik Möhsün Nağısoylu və professor İsmayıl Kazımov, redaktorları filologiya üzrə elmlər doktoru Nərgiz Hacıyeva, dosentlər Təhminə İsmayılova və Aytən Bəylərovadır. Nəşrin rəyçiləri isə professorlar Qəzənfər Kazımov və İsmayıl Məmmədlidir.
Kitabda Azərbaycan dilinin nitq mədəniyyəti məsələləri müxtəlif aspektlərdən təhlil olunur.
Vəsaitdə professor Nadir Məmmədlinin “Nitqə verilən mədəni tələblər”, İsmayıl Kazımovun “Morfologiya və nitq mədəniyyəti”, Aytən Bəylərovanın “Leksikologiya və nitq mədəniyyəti”, Sevinc Məmmədovanın “Dilimizin saflığını qoruyaq”, Təhminə İsmayılovanın “Gözəl nitqin arqumentləri”, Təranə Şükürlünün “Orfoepiya və nitq mədəniyyəti”, Sayalı Sadıqovanın “Terminologiya və nitq mədəniyyəti” və Zülfiyyə Quliyevanın “Nitq mədəniyyəti və evfemizm” mövzusunda məqalələri öz əksini tapıb.
Monoqrafiyada bildirilir ki, işgüzar ünsiyyətin əsas vəzifəsi təkcə informasiya vermək və ya qəbul etmək deyil, həm də insanlar arasında qarşılıqlı münasibəti yeni, daha yüksək səviyyəyə qaldırmaq və dəstəkləməkdir.
Nitq mədəniyyəti bir elm sahəsi olaraq dilçiliyin ən aktual problemlərindən biri kimi diqqət mərkəzindədir. Nitq mədəniyyəti həm də insan şəxsiyyətinin formalaşmasında önəmli rol oynayır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.