Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan Respublikasının demoqrafik inkişafına həsr olunan kitab çapdan çıxıb
21.12.2021 14:26
  • A-
  • A
  • A+

Azərbaycan Respublikasının demoqrafik inkişafına həsr olunan kitab çapdan çıxıb

İqtisadiyyat İnstitutunun Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Şahbaz Muradovun “Azərbaycan Respublikasının demoqrafik inkişafı: tarixi dəyişikliklər, yeni meyillər, problemlər (1828-2020-ci illər)” kitabı çap olunub.

Monoqrafiya Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, xalqı öz ətrafında sıx birləşdirərək rəşadətli ordumuzun köməyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etmiş, öz adını tarixə qızıl hərflərlə yazdırmış İlham Əliyevin anadan olmasının 60 illiyinə həsr edilib.

Kitabın elmi redaktoru institutun böyük elmi işçisi, iqtisadçı demoqraf Çingiz Baxış, rəyçiləri iqtisad elmləri doktoru, professor Gülənbər Əzizova və iqtisad üzrə fəlsəfə doktoru, dosent Rüfət Efendiyevdir.

Vəsaitdə zəngin tarixi, rəsmi statistik və elmi mənbələrin məlumatları əsasında son 200 ilə yaxın dövr ərzində (1828-2020-ci illər) əvvəlcə çar Rusiyası dövründə onun tərkibinə qatılmış Şimali Azərbaycanın (Bakı, Elizavetpol (indiki Gəncə) və İrəvan quberniyaları) (1828-1917-ci illərdə), öz müstəqilliyini qazanmış Xalq Cümhuriyyətinin dövründə (1918-1920-ci illər) və SSRİ-nin tərkibinə qatılmış Azərbaycan SSR-nin, sonra isə müstəqilliyini yenidən bərpa etmiş müstəqil Azərbaycanın (1991-2020-ci illərdə) demoqrafik inkişaf vəziyyətində - əhalisinin sayı, cins-yaş quruluşu və milli tərkibində, şəhər və kənd yerləri arasında bölünməsində, doğum, ölüm, təbii artım, nikah və boşanma səviyyələrində, sağlamlığı və ömür uzunluğunda və miqrasiyası prosesində baş vermiş dəyişikliklər və onlara təsir etmiş amillər qiymətləndirilib. Habelə əsərdə həmin dövrlərin sosial-iqtisadi, sosial-siyasi, tarixi, milli və mədəni xarakterli nəticələri, eləcə də yaxın və uzaq gələcəkdə respublikada demoqrafik vəziyyətin nizamlanmasının prioritet istiqamətləri müəyyənləşdirilib.

Monoqrafiyada aparılmış tədqiqatlar real həqiqətlərə əsaslanır və sosial-iqtisadi, sosial-siyasi, etno-demoqrafik xüsusiyyətlər və mövcud statistikanın imkanları nəzərə alınmaqla həyata keçirilib. Vəsaitdə müasir Azərbaycanın əsas demoqrafik göstəriciləri dünyanın müxtəlif ölkələrinin müvafiq göstəriciləri ilə müqayisə edilərək onun həmin göstəricilər üzrə dünyadakı yeri müəyyən olunub.

Kitab  elmi işçilər, ali məktəblərin professor-müəllim və tələbələri, habelə demoqrafiya elmi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: