Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Yəhudilik dininin müqəddəs kitabı “Tanax”ın ikinci hissəsi Azərbaycan dilində nəşr edilib
23.12.2021 10:24
  • A-
  • A
  • A+

Yəhudilik dininin müqəddəs kitabı “Tanax”ın ikinci hissəsi Azərbaycan dilində nəşr edilib

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda yəhudilik dininin müqəddəs kitabı “Tanax”ın ikinci hissəsi olan “Peyğəmbərlər” kitabı nəşr edilib.

Kitabı ilk dəfə olaraq orijinaldan Azərbaycan dilinə Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqov tərcümə edib. Kitabın redaktoru akademik Gövhər Baxşəliyevadır. “Ön söz” mütərcim, dosent Teymur Sadıqov tərəfindən yazılıb. Məsləhətçi Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix İlxanoviçdir.

“Tanax”ın birinci hissəsi “Tövrat ilk dəfə olaraq 2019-cu ildə T.Sadıqov tərəfindən orijinaldan Azərbaycan dilinə tərcümə edilib. “Tanax”ın ikinci hissəsi olan “Peyğəmbərlər” kitabı da dünyanın bir neçə dilinə tərcümə olunub. Lakin Azərbaycan dilində “Peyğəmbərlər” kitabının ibri dilindən orijinal mətni ilə müqayisəli şəkildə tərcüməsi yox idi.

Tərcümə zamanı bir çox çətinliklərə baxmayaraq, Teymur Sadıqovun ibri, türk, ingilis, ərəb və rus dillərini mükəmməl bilməsi ona yəhudi dilinə aid təfsirlərə, şərhlərə və ümumilikdə bu mövzu ilə bağlı əsərlərə müraciət etməklə bu problemləri həll etmək imkanı verib. Burada məhz yəhudi alimlərinin, ravvinlərinin və müdriklərinin fikirləri əsas tutulur.

Peyğəmbərlər” kitabının özündə cəmləşdirdiyi kitablar əsasən tarixin xronoloji bir dövrünü əhatə edir. Kitab iki bölməyə bölünür. Birinci bölmə əsasən tarixi xüsusiyyət daşıyır. İkinci bölmə isə əsasən təbliğçilik xüsusiyyətli peyğəmbərliklərdən ibarətdir.

Burada əsasən Musa peyğəmbərdən sonra müəyyən bir dövr ərzində gələn peyğəmbərlərdən və ümumən baş verən hadisələrdən məlumat verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: