Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.12.2021 11:58
  • A-
  • A
  • A+

Kimya Elmləri Bölməsinin Ümumi yığıncağında institutların illik hesabatları müzakirə edilib

Kimya Elmləri Bölməsinin Ümumi yığıncağında institutların illik hesabatları müzakirə edilib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda AMEA-nın Kimya Elmləri Bölməsinin Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş iclası keçirilib.

Tədbirdə AMEA-nın Kimya Elmləri Bölməsinin həqiqi və müxbir üzvləri, elmi müəssisələrin baş və icraçı direktorları, elmi katibləri, elmi informasiya, ictimaiyyətlə əlaqələr, təhsil və beynəlxalq əlaqələr şöbələrinin rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Kimya Elmləri Bölməsinin Elmi şurasının sədri, akademik Dilqəm Tağıyev iclasın Bölməyə daxil olan institutların 2021-ci ildə apardıqları elmi tədqiqat işlərinin yekunlarına həsr olunduğunu qeyd edib.

Sonra akademik Yusif Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun icraçı direktoru, texnika elmləri doktoru Nizami Mürsəlov sözügedən müəssisədə cari ildə aparılan elmi-tədqiqat işləri, nəşr olunmuş məqalələr, tətbiq olunan işlər, beynəlxalq əlaqələr, keçirilən tədbirlər barədə məlumat verib. Alim bildirib ki, cari ildə elmi müəssisədə 6 problem üzrə aparılan elmi-tədqiqat işlərinin nəticəsi olaraq 5 mühüm elmi nəticə əldə edilib. İnstitut əməkdaşları tərəfindən “Kaspi-X” inhibitoru və “Xəzər” deemulqatorunun istehsal texnologiyası təkmilləşdirilib və müvafiq müqavilələr əsasında istehsal edilib. Bu il əməkdaşlar tərəfindən alınmış Qarabağ-4 boy stimullaşdırıcısı Tərtər rayonunda sınaqdan keçirilib və yaxşı nəticələr əldə edilib. Cari ildə institut əməkdaşları tərəfindən əldə edilən nəticələr 60-ı xaricdə (26-sı impakt faktorlu jurnallarda) olmaqla 111 elmi məqalədə, 162 tezisdə (60-ı xaricdə), 5 patentdə (2 Avrasiya patenti) öz əksini tapıb, tətbiq üçün 3 iş tövsiyə edilib. Həmçinin, 2021-ci ildə 4 kitab və 5 monoqrafiya, 2 dərslik çap edilib. 2021-ci ildə institut əməkdaşlarının məqalələrinə 1100-ə yaxın istinad edilib. İnstitutda Elmin İnkişafı  Fondunun 1 qrant layihəsi çərçivəsində tədqiqatlar aparılıb.

Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı təmsil etdiyi qurumun cari ildəki hesabatını təqdim edib. Alim bildirib ki, cari ildə institutda 3 problem üzrə aparılan elmi-tədqiqat  işləri nəticəsində 7 mühüm elmi nəticə əldə edilib. İnstitut əməkdaşları 2021-ci ildə “Baku Steel Company” MMC, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Saatlı rayonunun pambıqçılıqla məşğul olan fermer təsərrüfatları ilə müqavilələr əsasında tətbiq yönümlü birgə işlər aparıb və uğurlu nəticələr əldə ediblər. Aparılmış tədqiqatların nəticələri 161 məqalə və 149 tezis şəklində çap olunub. Cari il ərzində 99 məqalə “Web of Science” (“Clarivate Analytics” və “Scopus”) və 26 məqalə digər beynəlxalq bazalara daxil olan impakt faktorlu jurnallarda dərc olunub. “Clarivate Analytics” bazasında yer alan ən yüksək impakt faktorlu jurnallarda çap olunan məqalələrdən 6-ı Q1, 3-ü Q2, 26-ı Q3, 7-i isə Q4 qrupuna daxildir. 2021-ci  ildə  institut əməkdaşlarının məqalələrinə 1300-dən çox istinadlar edilib. Həmçinin cari ildə institut əməkdaşları tərəfindən 5 monoqrafiya çap edilib, 9 patent alınıb və patent almaq üçün 5 iddia sənədi Əqli Mülkiyyət Agentlyinə təqdim edilərək ilkin ekspertizanın müsbət rəyi alınıb. Çap olunan monoqrafiyalardan biri “Generis Publişinq” nəşriyyatında (Moldova) çap edilib, “İntech Open” nəşriyyatında (Böyük Britaniya) çap olunan “Nano- və mikrokapsulyasiya, Metodlar və tədbiqlər” adlı 9 fəsildən ibarət kitabın 7-ci fəsli institutun alimləri tərəfindən yazılıb. Cari ildə institutda 3 Beynəlxalq qrant, həmçinin Socar və Elmin İnkişafı  Fondunun 7 qrantı çərçivəsində tədqiqatlar davam etdirilib,  2 layihə isə Gənc Alim və Tədqiqatçıların 5-ci qrant müsabiqəsinin qalibi olublar.

Daha sonra akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyev təmsil etdiyi müəssisənin 2021-ci ildə aparılan elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən hesabatı təqdim edib. Akademik bildirib ki, Aşqarlar Kimyası İnstitutunun əməkdaşları tərəfindən 2021-ci ildə 4 mühüm elmi nəticə əldə olunub. Eyni zamanda cari ildə Aşqarlar Kimyası İnstitutu tərəfindən yaradılmış xüsusi təyinatlı itiyerişli nəqliyyatın yeni nəsil gücləndirilmiş dizel mühərriki üçün М-16ИХП-3у motor yağının Ukraynanın Xarkov şəhərində yerləşən “V.O.Malışev adına Zavod”da sınaqdan keçirilib və təqdim olunan motor yağının xeyli üstünlüyə malik olduğu müəyyən olunub. Həmçinin institutda yaradılmış “Depressator-AKİ” aşqarının istehsalı institutun “Aşqar” EİB-də davam olunaraq yüksək parafinli neftlərin (Qazaxıstan və Türkmənistandan Sanqaçal terminalına daxil olan neftlər) Bakı-Ceyhan boru xətti ilə uzaq məsafəyə ötürülməsində istifadə olunmaq üçün ARDNŞ-ə təqdim olunur. İstehsal olunan “Depressator-AKİ” aşqarı institut tərəfindən vaxtaşırı müəllif nəzarətindən keçirilir. İl ərzində 43 elmi məqalə, o cümlədən onlardan 15-i respublikada, 28-i xaricdə (16 məqalə “Web of Science” və “Scopus” bazalarında, 12 məqalə isə digər beynəlxalq bazalara daxil olan jurnallarda) çap olunub. Cari ildə 17 patent alınıb. İnstitut alimlərinin məqalələrinə 250-yə yaxın istinad edilib, eləcə də Elmin İnkişafı Fondunun 4 qrantı çərçivəsində tədqiqatlar aparılıb.

Tədbirdə Polimer Materialları İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov təmsil etdiyi elmi müəssisədə cari ildə aparılan elmi-tədqiqat işləri, əldə olunan nəticələr, nəşr olunmuş məqalələr haqqında məlumat verib. Alim bildirib ki, AMEA-nın Polimer Materialları İnstitutu cari ildə aparılan elmi-tədqiqat işləri 3 mühüm elmi nəticə ilə yekunlaşıb. Aparılan elmi-tədqiqat işlərinin nəticəsi 3 monoqrafiyada, 65 çap olunmuş məqalədə öz əksini tapıb. Məqalələrdən 13-ü respublikada, 52-si xaricdə, o cümlədən 20 məqalə “Web of Science” və “Scopus” bazalarında referatlaşan  jurnallarda çap olunub.

Aparılan müzakirələrdə akademiklər Adil Qəribov, Abel Məhərrəmov və başqaları iştirak edərək fikir və təkliflərini səsləndiriblər.

Sonra çıxış edən akademik Dilqəm Tağıyev AMEA-nın 2020-2025-ci illər üçün qəbul edilmiş konsepsiyasında nəzərdə tutulmuş prioritet istiqamətlər üzrə tədqiqat işlərinin davam etdirilməsinin, eyni zamanda respublika iqtisadiyyatına töhfə verə bilən elmi-tədqiqat işləri ilə bağlı aparılan araşdırmaların daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Akademik qeyd edib ki, ölkəyə idxal olunan məhsulların yerli məhsullarla əvəz edilməsi sahəsində görülən işlərə diqqət artırılmalıdır.

Sonda Kimya Elmləri Bölməsinin Ümumi yığıncağı Neft-Kimya Prosesləri, Kataliz və Qeyri-üzvi Kimya, Aşqarlar Kimyası və Polimer Materialları institutlarının 2021-ci ildə apardıqları elmi tədqiqat işlərinin yekunlarına dair hesabatların qəbul olunaraq AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsini yekdilliklə dəstəkləyiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: