Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan elminə ağır itki üz verib
29.12.2021 14:35
  • A-
  • A
  • A+

Azərbaycan elminə ağır itki üz verib

Görkəmli kimyaçı alim, AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Biomimetik katalizatorlar üçün üzvi liqadların sintezi laboratoriyasının rəhbəri, kimya elmləri doktoru, professor Sərdar Zeynalov dekabrın 29-da vəfat etmişdir.

Sərdar Bahadur oğlu Zeynalov 1952-ci il fevralın 2-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Kimya fakültəsini bitirmiş, 1973-1975-ci illərdə orta məktəbdə müəllim işləmiş, 1975-1979-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) aspiranturasında oxumuşdur. 1979-1981-ci illərdə həmin institutda kiçik elmi işçi, 1981-1991-ci illərdə böyük elmi işçi, 1991-ildən vəfatına kimi laboratoriya müdiri vəzifəsində çalışmışdır.

1979-ci ildə “Etilen və propilen qlikolların tsikloheksil efirləri və onların törəmələrinin  alınması və işlənməsi” mövzusunda namizədlik, 1991-ci ildə isə “Alitsiklik sırası qlikolların sadə efirləri, onların çevrilmələri və tətbiqi” mövzusunda “Neft-kimyası” ixtisası üzrə doktorluq dissertasiyası müdafiə etmişdir.

O, 1991-2019-cu illərdə “Üzvi kimya” ixtisası üzrə Koordinasiya şurasının üzvü, 2005-2007-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) “Kinetika və kataliz” və “Üzvi kimya” ixtisasları üzrə Dissertasiya şurasının nəzdində seminarın sədri, 2015-2018-ci illərdə Azərbaycan Respublikasının Pre­zi­denti yanında Ali Attestasiya Komissiyasında Ekspert şura­sının üzvü, 2019-cu ildə isə Ali Attestasiya Komissi­yasında Kimya elmi sahəsi üzrə Ekspert şurasının sədri işləmişdir.

Onun tərəfindən 200-dən çox epoksid, çoxfunksiyalı və makrotsiklik  birləş­mələr  sintez edilmiş, epixlorhidridlərin aromatik turşularla, oksiturşularla, aminlərlə və aminoturşularla reaksiyasının mexanizmi və kinetikası tədqiq edilmişdir. Alınan birləşmələr plastifikator, sürtkü yağları, lakboyaları və yapışdırıcı kompozisiya, bioloji aktiv və ətirli maddələr kimi tətbiqə tövsiyə olunmuşdur.

S.Zeynalov 200-dən çox elmi əsərin, o cümlədən 6 kitabın, 25 müəlliflik şəhadətnaməsi və patentin müəllifi idi. Onun rəhbərliyi ilə 7 fəlsəfə, 1 elmlər doktoru hazırlanmışdır.

O, 2016-cı ildə AMEA-nın Fəxri fərmanı ilə təltif olunmuşdur.

Tanınmış alim, bacarıqlı elm təşkilatçısı professor Sərdar Zeynalovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: