Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.12.2021 16:12
  • A-
  • A
  • A+

Biofizika İnstitutunda gənc alimin elmi məruzəsi dinlənilib

Biofizika İnstitutunda gənc alimin elmi məruzəsi dinlənilib

AMEA-nın Biofizika İnstitutunda növbəti elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə institutun icraçı direktoru, biologiya üzrə elmlər doktoru Kərim Qasımov açaraq tədbir iştirakçılarına gənc alim barədə məlumat verib.

Sonra AMEA və Fransanın Monpelye Universitetinin 2019-2022-ci tədris illəri üzrə birgə təşkil etdiyi ikili doktorantura proqramının qalibi, institutun İnteqrativ biologiya laboratoriyasının kiçik elmi işçisi Zərifə Osmanlının “Alternativ proteomların quruluş və funksional annotasiyası” mövzusunda məruzəsi dinlənilib.

Gənc alim məruzəsində ikili doktorantura proqramı çərçivəsində aparılan birgə tədqiqatlardan, əldə olunan nəticələrdən, layihənin məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verib. Məruzəçinin sözlərinə görə, genom ardıcıllığı məlumatlarının həcminin artım sürəti həmin məlumatların analizi üçün metodoloji-texniki imkanlarımızın inkişaf sürətini əhəmiyyətli dərəcədə üstələyir və bu tədqiqatçılar üçün yeni, ciddi problemlər yaradır: “Milyonlarla zülal ardıcıllığının bioloji mənasını açmaq üçün onların 3D quruluşu ilə yanaşı, təkamül və funksional əlaqələri haqqında da sistematik yanaşmalar və məlumatlar tələb olunur. Qeyd olunan tendensiyaya uyğun olaraq, doktorantura layihəsi çərçivəsində proteomların geniş miqyaslı quruluş və funksional annotasiyası üçün bioinformatik proqramların yaradılmış və “qaranlıq proteoma”-nın tədqiqinə xüsusi diqqət yetirilib. “Qaranlıq proteoma” daha çox tandem təkrarlar, daxilən nizamsız bölgələrdən və aqreqasiyaya meylli olan motivlərdən ibarətdir”, - deyə bildirən gənc alim əlavə edib ki, layihənin əsas istiqaməti alternativ proteomaların quruluş-funksional annotasiyası və onların kanonik proteomalarla müqayisəli analizidir.

Məruzəçi vurğulayıb ki, aparılan ilkin müqayisəli analizlərdə alternativ splaysinq nəticəsində yaranan izoform və onların kanonik proteoma dəstinə daxil olan zülallarının quruluş vəziyyətlərində bəzi fərqlər aşkar edilib.

Gənc alimin sözlərinə əsasən, layihə çərçivəsində aparılan tədqiqatlar genomların yalnız qismən məlum olan kodlaşdırma potensialının mümkün qədər tam aydınlaşdırılmasına, nisbətən daha çox təkamül “təzyiqi” altında olan genom bölgələrinin təyin edilməsinə, alternativ proteomaların quruluşunun öyrənilməsinə və xüsusən də onların tandem təkrarlanan, amiloidogen xüsusiyyətli bölgələrinin annotasiyasına, kanonik və alternativ zülal ardıcıllıqları arasındakı quruluş və funksional fərqlərin müəyyənləşdirilməsinə önəmli töhfələr verə bilər.

Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: