Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Vətənim” verilişinin “Stalin və Azərbaycan ziyalılığı” mövzusunda yeni buraxılışı yayımlanıb
05.01.2022 16:28
  • A-
  • A
  • A+

“Vətənim” verilişinin “Stalin və Azərbaycan ziyalılığı” mövzusunda yeni buraxılışı yayımlanıb

Mədəniyyət kanalında yayımlanan “Vətənim” verilişinin növbəti buraxılışı “Stalin və Azərbaycan ziyalılığı” mövzusuna həsr olunub.

Veriliş AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun təqdimatında yayımlanıb. Verilişdə 29 il Sovet İttifaqına rəhbərlik etmiş İosif Stalin repressiyalarının dəhşətlərindən, repressiyalar zamanı əksinqilabi fəaliyyətdə, casusluqda, anti-sovet təbliğatı aparmaqda şübhəli bilinən insanların təqibi, güllələnməsi, həbs olunması, əmək düşərgələrinə göndərilməsindən bəhs edilib.

Akademik R.Hüseynov repressiya qurbanları olan ziyalılarımızın yaxınlarının repressiya dövrü ilə bağlı ona danışdığı əhvalatları təqdim edib.

O, Stalini Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadəni güllələnməkdən xilas etməsindən söz açıb. Akademik Stalin və M.Ə.Rəsulzadə arasında olan dostluq münasibətlərindən danışaraq Stalinin M.Ə.Rəsulzadəyə özü ilə birgə fəaliyyətini davam etdirməyi təklif etdiyini, lakin M.Ə.Rəsulzadənin mühacirətə getməyi seçdiyini diqqətə çatdırıb.

R.Hüseynov Azərbaycanın Xalq artisti, görkəmli aktyor, opera müğənnisi, rejissor, pedaqoq, tanınmış teatr xadimi Hüseynqulu Sarabskinin Stalinlə bağlı xatirələri barədə məlumat verib. Muzeyin baş direktoru Sovet bəstəkarı, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəyovun “Koroğlu” operasını yazmasının tarixçəsindən danışıb, bu operanın onu təqiblərdən xilas etdiyini bildirib.

“Ü.Hacıbəyov kimi dühanın varlığı mədəni həyatımızda elə bir dalğa idi ki, hər sahəyə onun bəhrəsi çatırdı”, - deyə qeyd edən R.Hüseynov 1940-cı illərdən sonra Ü.Hacıbəyovun müxtəlif bəhanələr ilə təqiblərə məruz qaldığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: