Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Vətən müharibəsinin şəhidi Elmir Məmmədovun şəxsi əşyaları muzeyə təhvil verilib
10.01.2022 16:08
  • A-
  • A
  • A+

Vətən müharibəsinin şəhidi Elmir Məmmədovun şəxsi əşyaları muzeyə təhvil verilib

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Elmir Məmmədovun materialları Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.

Elmir Məmmədov 1999-cu il iyunun 3-də Salyan rayonunun Xocalı kəndində anadan olub. 2004-2008-ci illərdə Xocalı kənd tam orta məktəbində, 2008-2015-ci illərdə isə Salyan şəhərinin 1 saylı tam orta məktəbində təhsil alıb. 2015-2020-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ali təhsil alıb.

Azərbaycan Ordusunun əsgəri olan Elmir Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Elmir Məmmədov həmin gün - 27 sentyabrda şəhid olub.  Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Elmir Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Həmçinin 8 may 2021-ci il tarixində Azərbaycan Respublikasının Təhsil Naziri Emin Əmrullayevin əmrinə əsasən Elmir Məmmədov ölümündən sonra “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” yubiley medalı ilə təltif edilib.

Qeyd edək ki, şəhid Elmir Məmmədovun şəxsi əşyaları dayısı tərəfindən muzeyin Vətən müharibəsi fonduna təhvil verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: