Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“XX əsrin I yarısında Azərbaycan ictimai fikrində iqtisadi portretlər” kitabı çapdan çıxıb
13.01.2022 12:18
  • A-
  • A
  • A+

“XX əsrin I yarısında Azərbaycan ictimai fikrində iqtisadi portretlər” kitabı çapdan çıxıb

AMEA-nın İqtisadiyyat İnstitutunun İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi şöbəsinin baş elmi işçisi, iqtisad elmləri doktoru (i.e.d.), dosent Seyfəddin Səməndərovun “XX əsrin I yarısında Azərbaycan ictimai fikrində iqtisadi portretlər” kitabı nəşr olunub.

İqtisadiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilən monoqrafiyanın elmi redaktoru, i.e.d., professor İsa Alıyev, rəyçiləri AMEA-nın müxbir üzvü, i.e.d., professor Akif Musayev və i.e.d., professor Hacıağa Rüstəmbəyovdur.

Təqdim edilən monoqrafiyada XX əsrin I yarısında Şimali Azərbaycanda iqtisadi fikrin formalaşmasında rolu olan elm və siyasi xadimlərin, ədib və publisistlərin ictimai-iqtisadi fikirləri tədqiq olunur, iqtisadi fikrin inkişafında əsas istiqamətlər dəyərləndirilir.

XX əsr, o cümlədən həmin əsrin I yarısı mühüm tarixi hadisələr, iqtisadi irəliləyişlər, elmi-texniki dəyişikliklər, inqilablar, milli azadlıq hərəkatları, müharibələr, böhranlar kimi hadisələrlə zəngin bir tarixi dövrdür. Heç də təsadüfi deyildir ki, XX əsrin I yarısı böyük kəşf və nailiyyətlərin əldə edilməsi ilə diqqəti cəlb edir. Dünyanın yaradıcı və inqilabi yenilənməsi prosesləri demək olar bütün sahələrdə maddi, mədəni, sosial-siyasi, iqtisadi və s. sahələrdə özünü büruzə verir. XX əsrin I yarısı eyni zamanda cəmiyyətlər daxili və beynəlxalq arenada kəskin sosial-sinfi və geosiyasi mübarizələr dövrü kimi, həmçinin iqtisadi və ictimai-siyasi planda kapitalizm epoxası, kapitalizmin yüksək mərhələsi imperializm dövrü kimi xarakterizə edilir.

Azərbaycan cəmiyyəti, ictimai iqtisadi fikri dövrün çağırışlarına cavab verərək XX əsrin I yarısında spesifik inkişaf yolu keçib. Belə bir zəmində XX əsrin I yarısında Azərbaycan ictimai fikir tarixində iqtisadi məsələlərlə bağlı fikirlərin toplanılaraq ümumiləşdirilməsi, əsas inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilən araşdırmaların aparılması hər şeydən öncə milli ictimai şüurun mühüm istiqamətlərindən biri Azərbaycan iqtisadi fikir tarixinin öyrənilməsinə xidmət edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: