Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Tanınmış fizioloq alim Elmira Pənahovanın 80 illik yubileyi qeyd edilib
13.01.2022 16:52
  • A-
  • A
  • A+

Tanınmış fizioloq alim Elmira Pənahovanın 80 illik yubileyi qeyd edilib

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda tanınmış fizioloq alim, biologiya elmləri doktoru Elmira Pənahovanın 80 illik yubileyi qeyd edilib.

Tədbirdə Fiziologiya İnstitutunun baş direktoru, professor Ulduz Həşimova çıxış edərək alimin elmi və elmi-təşkilati fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Elmira Pənahova Bakı şəhərində ziyalı ailəsində anadan olub. İlk təhsilini Bakıda alıb, lakin valideynlərinin Moskva şəhərinə köçməsi ilə əlaqədar olaraq, orada təhsilini davam etdirib və orta məktəbi əla qiymətlərlə bitirib.

O, 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsinə daxil olub və oranı 1964-cü ildə müvəffəqiyyətlə bitirib. Sonra AMEA-nın Fiziologiya İnstitutunda kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlayıb və sonralar orada elmi işçi, böyük elmi işçi, qrup rəhbəri və laboratoriya müdiri vəzifələrində çalışıb.

Moskva şəhərində yerləşmiş Ali Sinir Fəaliyyəti və Neyrofiziologiya İnstitutuna təcrübəçi kimi ezam olunub. O, iki illik elmi ezamiyyətdən qayıtdıqdan sonra AMEA-nın Fiziologiya İnstitutunda “Fiziologiya” ixtisası üzrə aspiranturaya qəbul olunub və “Ada dovşanının orta beyinin retikulyar nahiyyəsində yekun ocağın yaranmasında neyron aktivliyinin tədqiqi” mövzusunda dissertasiya işini müdafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsi alıb. 2013-cü ildə isə “Görmə persepsiyasının sentrifuqal tənzimlənməsinin neyrofizioloji tədqiqi” mövzusunda doktorluq işini müdafiə edib və biologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

E.Pənahova biologiya və tibb elmləri sahəsinin prioritet istiqamətlərinin əsas problemlərindən biri olan “Görmə persepsiyasının sentrifuqal tənzimlənməsinin neyrofiziologiyası” üzrə mövzuların nəzəri əsaslarını fundamental və praktiki təhlil etmiş araşdırıcı və aparıcı alimlərdən biridir. Onun bu sahədə almış olduğu elmi nəticələr Azərbaycan elminin daha da formalaşmasına xidmət edib, əldə olunan mühüm nəticələri isə respublika və beynəlxalq elmi konfrans, seminar və simpoziumlarda müzakirə edilərək, alim və aparıcı mütəxəssislər tərəfindən qəbul olunaraq yüksək qiymətləndirilib.

Onun tərəfindən ilk dəfə olaraq görmə sisteminin strukturlarına amiqdalyar kompleksin polifunksional təsirinin mövcud olunması sübut edilib. Müəyyənləşdirilib ki, Altsheymer xəstəliyi zamanı amiqdala-görmə sistemi arasında tandem pozulur. Bu fikir Amerika alimləri Friz və Ameral tərəfindən konfokal və elektron mikroskop vasitəsi ilə primatlar üzərində aparılmış tədqiqatlarda öz təsdiqini tapıb. Həmçinin müəyyən edilib ki, sarıkök ekstraktının tətbiqi ilə yaddaşın bərpası təmin olunur. Hal-hazırda onun rəhbərliyi altında görmə analizatorunun perseptiv-koqnitiv funksiyalarının pozulması və aqnostik sindrom ilə müşayiət olunan neyrodegenerativ xəstəliklərin patogenezinə və görmə sistemi tərəfindən nəzarət olunan məqsədyönlü hərəkət aktivliyinin icra olunmasında təsir effektlərinin tədqiqi ilə bağlı elmi işlər aparılır. Onun rəhbərliyi ilə neyrodegenerativ xəstəliklərin reabilitasiyası mövzusunda tədqiqatlar yerinə yetirilir.

U.Həşimovanın sözlərinə görə, alim beynəlxalq konfranslarda Azərbaycan elmini layiqincə təmsil edir. Son illərdə əldə etmiş olduğu böyük elmi uğurlarından biri onun rəhbərliyi ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticələrinin 1500 elmi iş arasından seçilərək “SHORT” siyahısına daxil edilməsi və 2020-ci ilin dekabrında ABŞ-ın Santa Klara şəhərində “Silikon valleh”də çıxış üçün seçilən 4 işdən (Azərbaycan, ABŞ, Tayvan, Rusiya) biri olmasıdır.

Alim 2016-ci ildə “Görmənin fiziologiyası” yaradıcı qrupuna rəhbərlik edib, hazırda Görmənin və neyrodegenerativ proseslərin fiziologiyası laboratoriyasının müdiridir. Biologiya elmləri doktoru E.Pənahova 180-ə yaxın elmi-tədqiqat işinin, o cümlədən 1 monoqrafiyanın müəllifidir.

Professor Ulduz Həşimova daha sonra müəssisənin kollektivi adından alimi yubileyi münasibətilə təbrik edib, ona elmi yaradıcılıqda yeni-yeni uğurlar arzulayıb.

Sonda biologiya elmləri doktoru Elmira Pənahova çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: