Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.01.2022 09:44
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunun Elmi seminarında “Şumer və türk dillərində heca qanunu” mövzusunda müzakirələr aparılıb

Dilçilik İnstitutunun Elmi seminarında “Şumer və türk dillərində heca qanunu” mövzusunda müzakirələr aparılıb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Şumer və türk dillərində heca qanunu” mövzusuna həsr olunan Elmi seminarı keçirilib.

Tədbiri giriş sözü ilə açan müəssisənin baş direktoru, professor Nadir Məmmədli şumer və türk dillərində hecanın tarixi əhəmiyyətindən bəhs edib. Bildirib ki, şumer dilində də möhkəm bir heca sistemi olub. Alimin sözlərinə görə, heca qanunu və heca vəzni türk dilinin daxili sirlərini qoruyub saxlayan, bir-birilə qırılmaz tellərlə bağlı olan pozulmaz, dəyişilməz qaydalardan ibarətdir.

Daha sonra seminarda filologiya elmləri doktoru, professor İslam Sadıqovun “Şumer və türk dillərində heca qanunu” mövzusunda məruzəsi dinlənilib. O qeyd edib ki, şumer dilində birhecalı sözlərin sayı yetərincə çoxdur və çoxhecalı sözlər də səslərdən yox, hecalardan əmələ gəlib: “Çox zaman sözün birinci hecası yazılır, sonrakı hecalar buraxılır. Çünki şumer dilində mixi işarələr səsləri yox, hecaları bildirir. Bu, o deməkdir ki, mixi yazı heca yazısıdır. Ona görə də ba şəklində yazılan söz şumer dilində mətnə uyğun olaraq müxtəlif anlamlarda oxunur. Başqa sözlə desək, ba hecası ilə başlayan sözlərin yalnız ilk hecası yazılır. Əgər şumer dilində hər hansı heca müstəqil olaraq məna daşıyırsa, onda onun işarəsi də həmin sözü ifadə edir. Heç bir səsin ayrıca işarəsi yoxdur. Şumer dilində də sözlər hecalar şəklində tələffüz olunur. Sözlər sətirdən-sətirə keçirilərkən hecalara bölünür. Bir hecanın parçalanması, səslərə bölünməsi nəzərə çarpmır. Bütün bunlar şumer dilində də heca qanununun mövcud olduğunu təsdiqləyir”.

Professor vurğulayıb ki, şumer və türk dillərində ünlü səslərlə başlayan sözlərin sayı yetərincə çoxdur: “Məsələn, a səsini götürək. Bu səs şumer dilində çox işlənib. Türk dilində a səsi ilə başlayan sözlərin çoxluğu onun çox işlək olduğunu göstərir. Türk dilinin quruluşuna biçimlilik verən də heca prinsipidir. Biçimsiz dillərdə sözlər hecalardan yox, səslərdən əmələ gəlir. Deyə bilərlər ki, türk dilində də sözlər səslərdən yaranır. Tamamilə doğrudur. Biz bunu inkar etmirik. Lakin unutmaq lazım deyil ki, türk dilində səslər əvvəlcə heca əmələ gətirir, sonra isə həmin hecalaşmış səslərdən sözlər düzəlir. Sözün hecalara bölünməsi zəncirin həlqələrinin qırılmasına bənzəyir. Zəncirin həlqələri heç zaman bütöv yerdən qırılmır”.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında professorlar Qəzənfər Kazımov, İlham Tahirov, Sayalı Sadıqova, İsmayıl Məmmədli və dosent Baba Məhərrəmli çıxış edərək öz fikirlərini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: