Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.01.2022 17:22
  • A-
  • A
  • A+

20 Yanvar xalqımızın faciə və milli qürur günüdür

20 Yanvar xalqımızın faciə və milli qürur günüdür

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ilinə həsr olunmuş tədbir keçirilib.

Öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncağı giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə Azərbaycan tarixində qəhrəmanlıq salnaməsinin bir səhifəsi olan 20 Yanvar faciəsinin ölkəmizin müstəqillik tarixində mühüm dönüş nöqtəsi olduğunu söyləyib. Alim qeyd edib ki, bu faciə əbədi olaraq xalqımızın qan yaddaşına həkk olunub. O gecə axıdılan günahsız qanlar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. 20 Yanvar təkcə faciə deyil, milli azadlıq ideyasının yarandığı gündür. Biz 20 Yanvarı təkcə kədərlə anmamalı, eyni zamanda 44 günlük Vətən müharibəsində ölkə başçısı Ali Baş Komandan İlham Əliyevin və qüdrətli Milli Ordumuzun sayəsində qazandığımız tarixi qələbəyə görə fəxr etməliyik. Çünki İkinci Qarabağ savaşındakı tarixi Zəfər 1990-cı il 20 Yanvar gecəsi Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda ayağa qalxaraq güclü imperiya qüvvələrinə qarşı qəhrəmancasına mübarizə aparmasının  nəticəsidir. Şəhidlərimizin qəhrəmanlığı heç zaman unudulmayacaq və onların əziz xatirəsi həmişə  qəlbimizdə yaşayacaqdır.

Sonra institutun baş meneceri, dosent Namiq Abbasov “20 Yanvar faciəsinə nəzər: insani yaşamın aksioloji mənalandırılması” mövzusunda məruzə edib. N.Abbasov qeyd edib ki, xalqımızın həyatında zaman-zaman kədərli, faciəli günlər yaşanıb. Bu gün 20 Yanvar faciəsini kədərlə xatırlamağımıza baxmayaraq müstəqilliyimizə qovuşduğumuz üçün qürur duyduğunu vurğulayıb. 

Bununla belə, kulturoloq N.Abbasov builki anım tədbirinə fərqli yanaşaraq zəfər qazanan bir ölkə vətəndaşı kimi bu hadisələrə insani prinsiplər mövqeyində kulturoloji fikirlərini bəyan edib.  

Daha sonra İncəsənətin qarşılıqlı əlaqələri şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əfsanə Babayeva “20 Yanvar faciəsinin Azərbaycan musiqisində təcəssümü” adlı çıxışını təqdim edib. Azərbaycan tarixində faciəli gün kimi yadda qalan 20 Yanvar başqa sahələrdə olduğu kimi musiqi sahəsində də təcəssüm olunur. Ə.Babayeva tarixin səs yaddaşı olan musiqinin nəsillər arasında körpü olduğunu söyləyib. Ə.Babayeva qed edib ki, kütləvi şüurun formalaşması, 20 Yanvar hadisələrinin bədii dərk olunması üçün mədəniyyətin ən ümdə sahəsi olan musiqinin rolu təsirlidir. Azərbaycan bəstəkarları tərəfindən kifayət qədər əsərlər 20 Yanvar hadisələrinə həsr olunub. 90-cı illərdən sonra şəhidlik obrazı xüsusi olaraq həmin əsərlərdə tərənnüm edilib. Bu sahədə yaranan əsərlər əsasən 2 kateqoriyaya bölünür, simfonik və vokal oratoriya kantatalar. Bununla yanaşı, bəstəkarlarımızdan Emin Sabitoğlu, Hacı Xanməmmədov, Oqtay Rəcəbov, Vasif Adıgözəlov, Mehriban Əhmədova, Nəriman Əzimovun və başqalarının mahnı yaradıcılığında bu mövzu əks olunub. Opera janrında da Nazim Quliyevin “Şəhidlər”, “İlham və Fərizə” əsərləri ərsəyə gəlib. 20 Yanvar faciəsini özündə əks etdirən əsərlərin müəllifi Azərbaycanın korifey sənətkarı C.Hacıyevin son simfoniyaları bu hadisələrin obrazlar aləmi ilə sıx bağlıdır. Simfonik muğamlardan T. Bakıxanovun “Humayun”, R. Əliyevin “ Azadlığa gedən yollar” , S.Fərəcovun “Matəm harayı” A.Əzimovun “Qətl günü və ağılar” və s. bu kimi simfonik əsərlər də 20 Yanvar hadisələrini təcəssüm etdirir.   

Tədbirdə çıxış edənlər xalqımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərin xatirəsinin heç vaxt unudulmayacağını vurğulayıblar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: