Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20 Yanvar şəhidləri yad edildi
19.01.2022 18:32
  • A-
  • A
  • A+

20 Yanvar şəhidləri yad edildi

20 Yanvar - göylərin qan ağladığı, Bakı küçələrində qan göllərinin yarandığı, qərənfillərin qan qoxuduğu, gözlərə kədərli qanlı pərdə çəkildiyi, bayatının, ağının göyə yüksəldiyi, Odlar diyarının öz odunda yandığı bir gündür. Dağüstü parkın Şəhidlər xiyabanına çevrildiyi, yan-yana şəhid məzarları qazıldığı, axın-axın insanın başı üstündə şəhid tabutlarının getdiyi, sinəsini tanklara sipər edən vətənpərvər Azərbaycan övladlarının torpağa tapşırıldığı o məşum günləri kim unuda bilər?...

İndi də həmin an gözümün önündədir. O mənzərəni beynimizdən silmək qeyri-mümkündür. Sanki bir yuxu gördük; hökumət əmr verdi, ordu gəldi, günahsız, əliyalın xalqı qırdı. Kim əmr verdi, niyə əmr verdi, hansı qanunla, heç kim bu suallara çavab verə bilmədi. Hələ indiyə kimi də cavabı tapılmayan suallar var...

Qanlı Bakı bir nağıla bürünmüşdü, qara bayraqlar, qana bələnmiş qərənfillər, Vətən yolunda şəhid olan gül balalar. Onların da arzusu var idi, onlar da xoşbəxt olmaq istəyirdi, bir anda bütün arzular tankların tırtılları altında əriyib heçə döndü...

Şəhidlər nağıl oldu, şeir oldu, məqalə oldu, nəhayət, kitab-kitab yaşadılar. Ziyalılarımız, şairlərimiz, nasirlərimiz, jurnalistlərimiz, hətta alimlərimiz belə şəhid ömründən, şəhid taleyindən əsər yazdı. Hələ yenə də yazılır. Azərbaycanın azadlığı uğrunda, müstəqilliyimiz uğrunda bu gün də canından keçən igidlərimizin sələfləri olan 20 Yanvar şəhidləri daim xatırlanacaq.

Heç kim unutmadı, unutmur, unutmayacaq da. O zamandan 32 il keçməsinə baxmayaraq, hər il olduğu kimi Azərbaycanın hər bölgəsində, elm və təhsil ocaqlarında, idarə və müəssisələrdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş təbbirlər keçirilir. Hər il yeni yazılar yazılır, yeni kitablar çap olunur. Hər il əski Dağüstü parkdakı Şəhidlər xiyabanı ziyarət olunur.

Hər bir müəssisə və təşkilatda olduğu kimi, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda da 20 Yanvar şəhidləri silsilə tədbirlərlə anıldı, onların əziz xatirələri yad edildi.

Əlyazmalar İnstitutunda “Xalqımızın azadlıq mübarizəsinin rəmzi – 20 Yanvar” adlı rəqəmsal baza hazırlanmışdır. Kitabxana və elmi informasiya şöbəsinin hazırladığı bu layihədə “20 Yanvar: qəhrəmanlıq salnaməsi” adlı analitik-informasiya bazası, “Tarixin sınaq məqamı – 20 Yanvar” adlı annotasiyalı elmi-biblioqrafik resursu və “Qürur və şərəf tariximiz” adlı virtual sərgi birləşir.

Elektron informasiya axtarış sistemi kimi formalaşdırılan “20 Yanvar: qəhrəmanlıq sanaməsi” bazasına Azərbaycan və bir çox xarici dillərdə nəşr edilmiş 217 adda sənəd-informasiya resursunun (kitab, kataloq, fotoalbom, elektron nəşr və s.) annotasiyalı biblioqrafik təsviri daxil edilmişdir. Bazada 69 adda müxtəlif toplu, jurnal və qəzetdə çap edilmiş məqalələr də vardır. Baza institutun oxu zalında istifadəyə verilmişdir.

Rəqəmsal bazanın “Tarixin sınaq məqamı – 20 Yanvar” adlı biblioqrafik resursuna Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda qanlı yanvarda şəhid olmuş vətənpərvər övladlarımızın işıqlı xatirəsinə həsr edilmiş mənbələr yerləşdirilmişdir. Biblioqrafik resursda materiallar müxtəlif dillər üzrə, sərlövhələrin əlifba sırası ilə xronoloji tərtib olunmuşdur. Resursa Azərbaycanda və xarici ölkələrdə çap edilmuş 286 adda mənbənin annotasiyalı biblioqrafik təsviri daxildir.

“Qürur və şərəf tariximiz” adlı virtual sərgidə 20 Yanvarla bağlı rəsmi sənədlər: fərmanlar, sərəncamlar, qərarlar, müraciətlər, bəyanatlar, həmçinin Azərbaycan və xarici dillərdə nəşr edilmiş fotoqalereya və videoqalereya daxil edilmişdir.

Yanvarın 19-da AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda da hər il olduğu kimi yenə də 20 Yanvar şəhidlərə həsr olunmuş tədbir keçirildi. Əvvəlcə tədbir iştirakçıları Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya şöbəsinin əməkdaşları Qutiyera Cəfərova və Brilyant Hacıyevanın təşkil etdiyi sərgi ilə tanış oldular. Sərgidə  qərənfillərlə əhatələnmiş Bəxtiyar Vahabzadənin “Şəhidlər”, Anarın “Şəhidlər dağı”, Sabir Şahtaxtlının “Azadlıq nəğməsi”, Ziyadxan Rüstəmovun “Bir gecənin fəryadı”, Atamoğlan Məmmədlinin “Şəhidlərə kəfən lazım deyil”, Nazim Tapdıqoğlunun “Azərbaycan faciələrinin təqvimi” və s. kitablar nümayiş etdirilirdi. Tədbir boyu Q.Cəfərova, B.Haciyeva və Vüqar Hacıyevin hazırladığı 20 Yanvar hadisələrini əks etdirən videoçarx nümayiş etdirildi. Burada göstərilən qanlı Bakı küçələrində üstündən tank keçən şəhidlərimizin nəşləri, izdihamın hərəkəti ilə şəhidlərin dəfn mərasimi, göz yaşı tökən anaların, bacıların, beli bükülən ataların, qardaşların vəziyyəti həmin günləri bir də gözümüz önündə canlandırdı.    

Tədbiri giriş sözü ilə Əlyazmalar İnstitutunun icraçı direktoru filologiya elmləri doktoru Paşa Kərimov açdı. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Paşa Kərimov Yanvar faciəsinin səbəblərindən, erməni fitnəsi ilə Azərbaycana qarşı törədilən qırğından, Azərbaycan övladlarının igidliyindən, xalqın bu hadisəni heç vaxt unutmamasından və şəhidləri daim yad etməsindən bəhs etdi. O, Azərbaycan xalqının müstəqilliyə qovuşmasında 20 Yanvar şəhidlərinin müstəsna rol oynadığını, bu günün xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını vurğuladı.

Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə 20 Yanvarın hüzn günü olması ilə yanaşı, həm də qəhrəmanlıq, əyilməzlik, şərəf və ləyaqət günü olduğunu qeyd etdi. O, 20 Yanvarı bugünkü müstəqilliyimizin başlanğıcı və sonrakı qələbələrin ilk müqəddəs səhifəsi kimi xarakterizə edərək, şəhidlərimizin xatirəsinin əbədi yaşayacağını bildirdi. Qanlı yanvar hadisələrinin canlı şahidlərindən söz açaraq onların bu çətin günlərdə yaralılara necə kömək etməsindən, çətin vəziyyətdə həkimlərin, ümumilikdə tibbi personalın gördüyü ağır işlərdən danışdı.

Əlyazmalar İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Aytən Quliyeva öz çıxışında 20 Yanvar faciəsinin tarixi faktlarından bəhs etdi. Faciənin gənclərimizdə vətənpərvərlik hissinin, milli təəssübkeşliyin, Vətən, torpaq sevgisinin formalaşmasındakı rolunu xüsusi vurğuladı.

Bu gün hər kəsin ürəyində şəhidlər haqqında danışılacaq söz var idi. Hamı tədbirə ürəyidolu gəlmişdi. Hamının sinəsi alovlandı, boğazı qəhərlənəndi. Bu gün də o məşum, qanlı 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi önündə baş əyən insanların yadında belə qaldı.

Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun...

Sona XƏYAL, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin “İrs” Komissiyasının sədri, Prezident təqaüdçüsü

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: