Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.01.2022 14:42
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

İdarəetmə Sistemləri İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda (İSİ) 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri İSİ-nin baş direktoru, akademik Əli Abbasov açaraq bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri olan 20 Yanvar hadisələrinin tarixi, səbəbləri və nəticələri haqqında tədbir iştirakçılarına məlumat verib. Qeyd edib ki, Azərbaycan xalqının əzmini, azadlıq istəyini boğmağa, birliyi sarsıtmağa çalışan ədalətsiz sovet rejimi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə tarixdə misli görülməmiş bir cinayət aktını həyata keçirib. Belə ki, Mixail Qorbaçovun rəhbərliyi ilə Bakıda fövqəladə vəziyyət elan edilməsi ilə bağlı sərəncam məkrli plan səbəbi ilə Azərbaycan xalqından gizlədilib, enerji bloku partladılıb. Sovet ordusu hissələri heç bir xəbərdarlıq etmədən Bakı şəhərinə və digər rayonlara yeridilərək dinc əhaliyə amansız şəkidə divan tutub. Bu təcavüz nəticəsində 147 nəfər qəddarcasına öldürülüb, 744 nəfər yaralanıb, 800-dən çox insan həbs olunub. Fövqəladə vəziyyətin elan edilməsi haqqında məlumat isə qəsdli şəkildə yanvarın 20-də səhər saatlarında bildirilib.

Faciənin əsasında duran səbəblərdən bəhs edən Əli Abbasov bildirib ki, bu hadisə dağılmaqda olan sovet rejiminin Azərbaycan xalqının dinc azadlıq hərəkatının qarşısını almağa, istiqlal arzusunu qırmağa, ərazi bütövlüyünün pozulmasına hədəflənən cinayət planı idi. Hələ 80-ci illərdə Dağlıq Qarabağa müstəqillik verilməsinə çalışan, Azərbaycanın ərazi bütövlüyünə göz dikmiş ermənilərə havadarlıq edən SSRİ rəhbərliyi bir sıra cinayətlər törətmiş, Qarabağ və İrəvan ərazisindən azərbayanlıları deportasiya etmiş, Sumqayıt hadisələrini törətmişdir. Lakin yenilməz və şücaətli Azərbaycan xalqı istiqlal arzusundan vaz keçmədi. Faciənin ertəsi günü meydanlara axışan xalq günahsızcasına şəhid edilmiş soydaşlarının dəfnində iştirak etdi, azadlıq nidaları səsləndirdi.

Qanlı yanvar hadisəsinin nəticələrindən bəhs edən Ə.Abbasov Azərbaycanın o vaxtkı rəhbərliyinin qətiyyətsizlik göstərdiyini, düzgün addımlar atmaq iqtidarında olmadığını təəssüflə qeyd edib. Xüsusilə vurğulayıb ki, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmiş sovet rejiminə yönəlmiş ən kəskin bəyanatı ümumilli lider, dahi şəxsiyyət Heydər Əliyev verib: Heydər Əliyev faciə törədildikdən bir gün sonra, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirtdi və faciəyə ilk siyasi qiymət verdi, SSRİ rəhbərliyi tərəfindən törədilən bu soyqırımını pislədi, bunu cinayət aktı adlandıraraq M.Qorbaçovu kəskin ittiham etdi. Ümummilli lider ailə üzvləri ilə birgə Moskvada 20 Yanvar hadisələrinə etiraz olaraq keçirilən yürüşlərdə iştirak etdi. Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra 1994-cü il 29 mart tarixində keçirilən Milli Məclisin xüsusi sessiyasında 20 Yanvar hadisələri ilk dəfə dövlət səviyyəsində müzakirə olundu, Azərbaycan xalqına yönələn cinayət aktı kimi qiymətləndirildi. Məhz ulu öndərin səyi nəticəsində dünya ictimaiyyəti tərəfindən 20 Yanvar hadisələrinə düzgün qiymət verilərək Azərbaycan xalqının azadlığına təhdid, dinc əhaliyə təcavüz kimi qəbul edildi. Bu barədə dünyanın aparıcı kütləvi informasiya vasitələri, o cümlədən “The New York Times”, “The Washington Post” qəzetlərində məlumatlar əks olundu, bu hadisə SSRİ-nin süqutunun başlanğıcı kimi qeyd edildi. O çətin dövrdə, məhdud şəraitdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində AMEA, o cümlədən İdarəetmə Sistemləri İnstitutu (Kibernetika İnstitutu) tərəfindən də addımlar atılır, bəyənatlar göndərilirdi.

Ə.Abbasov qeyd edib ki, dahi lider Heydər Əliyevin siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hakimiyyətə gəldikdən sonra dövlət siyasətinin əsas istiqamətlərindən biri Azərbaycan xalqının haqlı mübarizəsini dünyaya çatdırmaq, birliyini möhkəmləndirmək olub.  Məhz 20 Yanvar tarixinin anılması məqsədi ilə dövlət rəhbərliyi tərəfindən addımlar atılır, ölkə daxilində və xaricdə müxtəlif konfranslar, anım tədbirləri keçirilir.

Akademik vurğulayıb ki, ədalətsiz sovet rəhbərliyi tərəfindən törədilən bu faciə qüdrətli Azərbaycan xalqının müstəqillik arzusunu, əzmini qıra bilmədi. Beləliklə, 20 Yanvar tarixi sadəcə acı və ağrı ilə deyil, həm də şərəf günü kimi xatırlanır. Bu gün Azərbaycan tarixində qanlı və şərəfli səhifələrdən biri olan 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsi anılır, faciənin ildönümü izdihamlı ziyarətlərlə müşaiyət edilir, məzarları önünə faciənin simvoluna çevrilmiş tər qərənfillər düzülür.

Sonra İSİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Lamiyə Nəcəfova çıxış edərək Azərbaycan xalqının azadlıq mübarizəsini sarsıtmağa yönəlmiş 20 Yanvar faciəsinin nəticələrindən, xalqın haqq səsinin dünyaya çatdırılması istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, Azərbaycan Respublikasının gənclər siyasətinin əsas istiqamətlərindən biri gənclərin vətənpərvər ruhda yetişdirilməsidir. Bu uğurlu siyasətin nəticəsində vətənpərvər ruhda formalaşan gənc nəsil heç vaxt unutmur ki, qanlı 20 Yanvar xalqın yaddaşında təkcə faciə günü kimi deyil, həm də şərəf səhifəsi kimi həkk olunub.

Daha sonra AMEA-nın müxbir üzvü Qorxmaz İmanov, professor Elçin Əliyev və r.e.d. İlqar Məmmədov 20 Yanvar tarixinin səbəb və nəticələrindən bəhs edib, öz xatirələrini bölüşüb, bu hadisələrin Azərbaycan xalqının başına gələn dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də azadlıq mübarizəsinin rəmzi, qəhrəmanlıq salnaməsi olduğunu və xalqın yaddaşından heç vaxt silinməyəcəyini söyləyiblər.

Sonra gənc alim Rahiyə Niyazova 20 Yanvar hadisələri ilə bağlı öz fikirlərini bölüşüb.

Sonda institutun icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək 20 Yanvar faciəsinin miqyasını, dəhşətlərini xatırladaraq, gələcəkdə belə hadisələrin bir daha təkrarlanmaması üçün ölkə miqyasında bu faciəyə həsr olunmuş tədbirlərin keçirilməsinin önəmini vurğulayıb. O, Azərbaycanın elm adamlarının əsas vəzifəsinin bu hadisələri təhlil edərək dürüst nəticələri gənc nəsilə ötürmək və onlara ölkəmizin inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində tövsiyələrin verilməsindən ibarət olduğunu qeyd edib.

Ə.Sadıqov ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra həyata keçirdiyi tədbirlərin və sonra cənab İlham Əliyevin ölkənin qüdrətlənməsi istiqamətində atdığı ardıcıl addımların nəticəsi olaraq Qarabağ torpaqlarının azad edilməsinə nail olunduğunu vurğulayıb. İcraçı direktor şəhidlərə rəhmət diləyərək onların ailələrinə dərin hüznlə başsağlığı verib.

Tədbirdə İSİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən hazırlanan videoçarx nümayiş olunub.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi qəlbimizdə əbədi yaşayacaq!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: