Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Biofizika İnstitutunun Elmi şurasının iclası keçirilib
26.01.2022 15:20
  • A-
  • A
  • A+

Biofizika İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın Biofizika İnstitutunun Elmi şurasının cari ildə ilk iclası keçirilib.

Tədbiri institutun baş direktoru, Elmi şuranın sədri, AMEA-nın müxbir üzvü Oktay Qasımov açaraq gündəlikdəki məsələləri şura üzvlərinin diqqətinə çatdırıb.

İclasda AMEA Rəyasət Heyətinin 1 oktyabr 2021-ci il tarixli qərarı ilə təsdiq olunmuş “2021-2025-ci illər AMEA-da aparılacaq elmi-tədqiqat işlərinin mövzu planı”na uyğun olaraq 2022-ci ildə elmi müəssisədə yerinə yetiriləcək elmi-tədqiqat işlərinin əhatəli planının geniş müzakirəsi aparılıb. Məsələ ilə bağlı çıxış edən baş direktor elmi-tədqiqat işlərinin müasir və aktual prioritet istiqamətlər üzrə həyata keçirilməsini davam etdirmək üçün laboratoriya rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini çatdırıb.

Daha sonra Elmi şura gündəliyə əsasən, İnteqrativ biologiya birgə laboratoriyasının kiçik elmi işçisi Türkan Səmədovanın institutun fəlsəfə doktoru hazırlığı üzrə doktoranturasından xaric edilməsini müzakirə edib. Qeyd olunub ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı”nın qalibi olan T.Səmədova Fransanın Monpelye Universitetində təhsilini davam etdirmək hüququ qazandığı üçün öz ərizəsinə əsasən Biofizika İnstitutunun doktoranturasından xaric edilir. Elmi şura yekdilliklə məsələ ilə bağlı AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin qarşısında vəsatət qaldırmağı qərara alıb.

İclasda Biofizika İnstitutunda təhsil alan magistrantların 2021/22-ci tədris ilinin qış imtahan sessiyasının gedişi, institutun elmi seminarlarının keçirilməsi və digər bu kimi cari məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: