Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

İdarəetmə Sistemləri İnstitutu beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir
27.01.2022 12:45
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutu beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Yunanıstanın Qərbi Makedoniya Universitetinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) alimləri ilə birlikdə görüş keçirilib.

Tədbirdə İSİ əməkdaşları, ADNSU-nun high performance computing (HPC) üzrə rektor müşaviri, professor Ehsan Musəvi, Yunanıstanın Qərbi Makedoniya Universitetinin Əşyaların İnterneti və Tətbiq laboratoriyasının (ITHACA) rəhbəri, professor Panagiotis Sarigiannidis iştirak ediblər. Tədbir İSİ ilə ADNSU arasında imzalanmış ikitərəfli əməkdaşlıq əlaqələrinə dair memorandum çərçivəsində təşkil olunub.

Görüşü İSİ-nin baş direktoru, akademik Əli Abbasov açaraq qonaqları salamlayaraq institutun tarixi, fəaliyyəti və əsas istiqamətləri haqqında məlumat verib. Ə.Abbasov idarəetmə sistemləri, optimal qərar qəbuletmə, siqnal prosesləri, informasiyanın intellektual analizi, riyazi iqtisadiyyat və ekonometrika, dinamik sistemlər, neft-qaz sənayesində tədqiqatlar və institutun digər əsas fəaliyyət istiqamətləri barədə ətraflı bəhs edib.

Sonra institutun Kəsilməz proseslərin modelləşdirilməsi və idarəedilməsi laboratoriyasının müdiri, r.ü.f.d., dosent Ədalət Paşayev çıxış edərək yüksək performanslı hesablamalar (HPC) əsasında təsvirlərin emalı mövzusu ətrafında çıxış edib. Ə.Paşayev qeyd edib ki, institutda Yer səthinin məsafədən tədqiqi üsullarından biri kimi müxtəlif rəng filtirləri ilə çəkilmiş şəkillərin birgə emalı tətbiq olunur və bu məqsədlə filtirlənmiş şəkillərdən rəngli şəkillərin alınması, fotosintez əmsalının hesablanması istiqamətində tədqiqatlar aparılır. Böyük obyektlərin lazımi dəqiqliklə çəkilişini aparmaq üçün bir neçə kadr çəkmək lazım gəldiyini qeyd edən alim bu kadrları vahid şəkildə birləşdirə bilən proqram modulunun işlənilməsi istiqamətində işlərin aparıldığını söyləyib.

Daha sonra institutun böyük elmi işçisi, t.ü.f.d. Rauf Fətullayev çıxış edərək nitqin tanınması sistemləri mövzusu ətrafında çıxış edib. R.Fətullayev qeyd edib ki, süni intellekt texnologiyaları və metodlarına əsaslanan sistemlər insan intellektinin müxtəlif funksiyalarının reallaşdırmasına, praktiki əhəmiyyətli çətin formalizə olunan mürəkkəb məsələlərin kompüter sistemlərində həllinə imkan yaradaraq ciddi iqtisadi səmərəliliyin əldə olunmasına səbəb olur və tətbiq dairəsini günbəgün artırır. Təbii dillərin emalı süni intellektin tətbiqi istiqamətinin bir qolu olub, hər hansı bir təbii dilin kompüter vasitəsilə analizi və sintezini öyrənir. Nitqin tanınması insan danışığının avtomatik olaraq kompüter proqramları vasitəsilə mətnə çevrilməsi və analizi olduğunu qeyd edən alim yaradılan sistemin insan resurslarında geniş istifadə oluna biləcəyini vurğulayıb.  

İnstitutun İntellektual qərar qəbuletmə üsulları və kompüter sistemləri laboratoriyasının müdiri, t.e.d., professor Elçin Əliyev birgə tədqiqatların aparılması və gələcək perspektivlər üçün görülən işlərdən söz açıb. Alim xüsusilə müasir dövrdə böyük əhəmiyyətə malik olan dronlar, onların istehsalı, tərtibatı, hazırlanma texnologiyaları, keyfiyyətli uçuş üçün sınaqlar və onlardan istifadə imkanları bardə də məlumat verib. E.Əliyev uçuş zamanı yarana biləcək naviqasiya problemləri, enerji sərfi, mühərrikin xüsusiyyətləri, PUA-ların müxtəlif sahələrdə istifadəsi, növləri və texniki göstəriciləri barədə danışıb. Alim qeyd edib ki, bu tədqiqatlar müxtəlif sahələrdə müəyyən problemlərin həlli, o cümlədən kənd təsərrüfatı sahəsində bitkilərin və s. tanınması istiqamətində önəmli rol oynayacaq. Sonra böyük maraqla qarşılanan məruzə ətrafında fikir mübadiləsi aparılıb.

Sonra Neftqazçıxarma obyektlərinin intellektual diaqnostika və idarəetmə sistemləri laboratoriyasının müdiri, t.e.d., dosent Asif Rzayev çıxış edərək neft-qaz çıxarılmasında avtomatlaşdırılma və informasiyanın ötürülməsi problemləri barədə danışıb. Neftçıxarmanın fontan, qaz-neft və mexaniki üsullarından bəhs edərək ştanqlı dərinlik, dalma və digər nasoslar haqqında məlumat verib, onların müasir dövrdə istifadəsi, üstünlüklərindən danışıb. Qeyd edib ki, mexaniki üsulların istifadəsi zamanı əsas problemlər enerji sərfiyyatını azaltmaq, texniki qurğuların erkən diaqnostikası, məlumatların uzaqdan idarə olunması ilə bağlıdır. A.Rzayev Azərbaycanda ən geniş istifadə olunan ştanqlı dərinlik nasosları və istifadəsi üçün yaradılan yeni sistem, hesablama metodikaları, İSİ-də yaradılan küy texnologiyalarının tətbiqi ilə erkən diaqnostikanın mümkünlüyü və mövcud problemlər barədə qonaqlara məlumat verib.

Daha sonra ITHACA rəhbəri professor Panagiotis Sarigiannidis çıxış edərək İSİ-nin rəhbərliyinə tədbirin təşkilinə görə təşəkkürünü bildirib. Təqdim olunan mövzularla bağlı fikirlərini səsləndirərək əldə olunan nailiyyətlərdən, müxtəlif sahələrdə tətbiq imkanlarından və müəyyən problemlərin həlli istiqamətində görülə biləcək birgə işlərdən, gələcək perspektivlərdən bəhs edib.

ADNSU-nun HPC üzrə rektor müşaviri, professor Ehsan Musəvi çıxış edərək tədqim olunan məruzələrin birgə tədqiqatların aparılması baxımından uyğun olduğunu qeyd edib. O, bu istiqamətdə İSİ ilə ANDSU arasında aparılacaq tədqiqatlardan və qarşıda duran planlardan danışıb. Alim milli və beynəlxalq proyektlərin hazırlanması baxımından Yunanıstanın Qərbi Makedoniya Universiteti ilə əməkdaşlığın önəmini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: