Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Rəsədxananın Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib
28.01.2022 16:57
  • A-
  • A
  • A+

Rəsədxananın Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib

Yanvarın ayının 28-də AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Günel Bahəddinova seminarı tədbiri sözü ilə açaraq iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin elmi işçisi Günay Hacıyeva “HD164613(F2II) ulduzunun fundamental parametrləri” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, tədqiqat işində model və parallaksın tətbiqi üsulu ilə HD164613 nəhəng ulduzunun atmosferi araşdırılıb. [c1], b, Q fotometrik kəmiyyətlərinin və hidrogenin Balmer seriyasının spektral xətlərinin ekvivalent enlərinin müşahidə və nəzəri hesablanmış qiymətlərinin müqayisəsi və parallaksın tətbiqi əsasında ulduzun effektiv temperaturı Teff =6800 K və səthində ağırlıq qüvvəsinin təcili g=2.6 təyin edilib. FeII xətləri əsasında mikroturbulentlik  ξt=3 km/san və metallıq log ϵ (Fe) =7.36±0.12 təyin olunub. Aşkar edilib ki, ağırlıq qüvvəsinin təcili g kiçikdirsə mikroturbulent hərəkət sürəti ξt böyükdür.

Ulduzun  spektrləri AMEA ŞAR-nın 2 metrlik teleskopunda CCD matrisalı spektroqraf ilə alınıb (R=56000, S/N=150-400). Spektrlər DECH proqramı ilə işlənib, spektral xətlərin ekvivalent enləri ölçülüb.

Tədqiqat işinin nəticəsi olaraq müəyyənləşdirilib ki, ulduzun atmosferində metallıq Günəşdəki metallığa yaxındır. Bu isə onu göstərir ki, tədqiq edilən ulduz və Günəş eyni metallıqlı maddədən yaranıb. Bu nəticə, ulduzların kimyəvi təkamül nəzəriyyəsi baxımından əhəmiyyətli nəticədir.

Seminar iştirakçılarının marağına səbəb olan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: