Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.05.2015 00:00
  • A-
  • A
  • A+

“Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası”nın final mərhələsi keçirilib

“Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası”nın final mərhələsi keçirilib

2 may 2015-ci il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda 17 May - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası”nın final mərhələsi keçirildi.

2007-ci ildən ardıcıl olaraq keçirilən tədbirin təşkilatçıları Heydər Əliyev Fondu, AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AR Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutudur.

Olimpiadanın final mərhələsində respublikanın 12 ali təhsil müəssisəsindən (Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Neft Akademiyası, Qafqaz Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Milli Aviasiya Akademiyası, ADA Universiteti) 12 komanda iştirak edirdi.

Öncə qonaqlar institutda yaradılmış innovativ şəraitlə yaxından tanış oldular, onlara institutun maddi-texniki bazası haqqında ətraflı məlumat verildi.

Sonra təşkilat komitəsinin üzvləri, final mərhələsində iştirak edən universitetlərin nümayəndələrinin iştirakı ilə olimpiadanın açılış mərasimi keçirildi. Tədbiri giriş nitqi ilə açan rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində yüksəkixtisaslı gənc mütəxəssislərə böyük ehtiyac olduğunu bildirdi. Qeyd etdi ki, İKT-nin dinamik inkişafı və geniş vüsət alması dünyada informasiya cəmiyyətinin formalaşması, bəşəriyyətin inkişafı üçün böyük imkanlar yaradır. “Azərbaycanın gələcəyi olan gənclər də informasiya cəmiyyətinin qurulmasında yaxından iştirak etməlidirlər”, - deyə bildirən E.Vəlizadənin sözlərinə görə, 10-cu dəfədir keçirilən olimpiadanın ilk mərhələsində respublikanın 16 ali təhsil müəssisəsindən 55 komanda iştirak etmiş, 12 komanda final mərhələsinə vəsiqə qazanmışdır.

Nazir müavini cari ilin mayın 17-də Cenevrədə Azərbaycanın Qızıl Tərəfdaşı olduğu Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 150 illik yubileyinin və Azərbaycan rabitəsinin yaranmasının 134 illiyinin qeyd olunmasını əlamətdar hadisə kimi qiymətləndirdi.

Sonra çıxış edən olimpiadanın Münsiflər Heyətinin sədri, BDU-nun dosenti, Azərbaycanda informatika üzrə olimpiadaların əsasını qoyan Ramin Mahmudzadə gənclərin İKT biliklərinin təkmilləşdirilməsi, informatika və proqramlaşdırma sahəsində istedadlı tələbələrin aşkara çıxarılması və onlara dəstək vermək baxımından olimpiadanın böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, başlıca hədəflərdən biri informatika fənni üzrə respublika olimpiadasının qaliblərini beynəlxalq yarışlara hazırlaşdırmaqla Azərbaycanın intellektual yarışlarda yüksək səviyyədə təmsil olunmasına şərait yaratmaqdır.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev bu gün dünyada informasiya texnologiyaları üzrə yüksəkixtisaslı, böyük elmi-praktiki təcrübəyə malik, innovativ təfəkkürlü kadrların, xüsusən də proqram mühəndislərinin hazırlanmasına tələbatın olduğunu bildirdi. Ölkəmizdə də elm və təhsilin inkişafına ölkə rəhbərliyi tərəfindən daim diqqət və qayğı göstərildiyini söyləyən alim Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xidmətləri sayəsində son 10 ildə Azərbaycanda İKT sahəsində yüksək nailiyyətlərin əldə olunduğunu dilə gətirdi. Azərbaycanda qurulmaqda olan biliklər cəmiyyətinin əsas lokomotivinin proqram mühəndisliyi olduğunu söyləyən R.Əliquliyev bu sahənin AMEA rəhbərliyinin daim diqqət mərkəzində olan sahələrdən biri olduğunu vurğuladı.

İKT sahəsində innovasiyaların daha sürətlə vüsət almasında gənc kadrların rolundan danışan akademik bu sahədə yeni imkanlarının meydana gəlməsi və innovasiyaların geniş tətbiqi prosesinə innovativ təfəkkürə malik gənclərin böyük töhfə verdiyini vurğuladı. Bu kimi tədbirlərin keçirilməsinin İKT üzrə innovativ təfəkkürə malik istedadlı gənclərin seçilməsi və onların ölkəmizdə bu sahə ilə bağlı həyata keçirilən layihələrə cəlb edilməsinə, ölkəmizin beynəlxalq yarışlarda layiqincə təmsil edilməsinə imkan yaratdığını önə çəkdi.

Sonra olimpiada onlayn rejimdə, www.e-olimp.com saytı vasitəsilə keçirildi. Yarış zamanı hər komandaya 5 saat ərzində 9 məsələni həll etmək tapşırığı verildi.

Final mərhələsinin nəticələrinə görə, Qafqaz Universitetinin “Qafqaz Programmers” komandası 1-ci, Azərbaycan Texniki Universitetinin “AzTU1” və ADA Universitetinin “ADA U4” komandaları 2-ci, Milli Aviasiya Akademiyasının “NAA50”, Azərbaycan Dövlət Neft Akademiyasının ADNA1 və Bakı Ali Neft Məktəbinin BHOS1 komandaları isə 3-cü yerə layiq görüldülər.

Qaliblərə mükafatlar 14 may 2015-cü il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək 17 May - İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş tədbirdə təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: