Fevralın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin digər üzvləri akademiklər - Arif Həşimov, İsa Həbibbəyli, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, Fikrət Əliyev, eləcə də AMEA Rəyasət Heyətinin aparat rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) müəssisələrinin baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər.
Yığıncağı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq iclasın gündəliyi barədə məlumat verib.
Sonra iclasda AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib. Hesabatı təqdim edən AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik Rasim Əliquliyev bildirib ki, ötən il bölmə müəssisələrinin elmi tədqiqat planlarına həm fundamental, həm də tətbiqi xarakterli tədqiqatlar daxil edilib və bir sıra mühüm elmi nəticələr alınıb. Akademik qeyd edib ki, FRTEB-in müəssisələrində 7 elmi istiqamət üzrə 45 problemə aid 111 mövzu üzrə 282 tədqiqat işi aparılıb, 26 mövzu, 152 iş tamamlanıb və bu tədqiqatlardan 45-i bölmə tərəfindən müzakirə edilərək mühüm nəticə kimi dəyərləndirilib.
Akademik Rasim Əliquliyev bölməyə daxil olan müəssisələrin əməkdaşları tərəfindən 17 monoqrafiya, 20 kitab (2-si xaricdə), 31 dərslik, dərs vəsaiti və elmi-kütləvi nəşr və 1074 məqalənin (623-ü nüfuzlu xarici elmi jurnallarda) dərc olunduğunu, bu məqalələrin 449-nun “Web of Science” və “Scopus”, 174-nün isə digər bazalara daxil olan impakt faktorlu jurnallarda işıq üzü gördüyünü bildirib. Əməkdaşların əsərlərinə 16 min 758 istinadın qeydə alındığını vurğulayan natiq bu göstəricinin əvvəlki illərlə müqayisədə yüksək olduğunu və artıq Azərbaycan alimlərinin əldə etdikləri nəticələrə xarici həmkarlarının mütəmadi istinad etdiyini deyib. Eyni zamanda bölmənin müəssisələrinin patent almaq üçün 11 iddia sənədi verdiyini, 12-si respublikada, 5-i xarici ölkələrdə olmaqla 17 patentin alındığını söyləyib.
Məruzədə FRTEB-in elmi müəssisələri tərəfindən işğaldan azad edilmiş ərazilərin əkin sahələrinin peyk verilənlərinə görə monitorinq sistemlərinin işlənilməsi və ərazilərin ekoloji vəziyyətinin qiymətləndirilməsi, Sərsəng su anbarının istismarında etibarlılıq göstəricilərinin qiymətləndirilməsi, torpaq fondunun geoloji və iqlim xüsusiyyətlərini nəzərə almaqla maksimum gəlir əldə etmək məqsədilə zəmanətli riyazi modellərin qurulması, logistika layihələrinin modelləşdirilməsi, müasir şəhərsalma konsepsiyasının reallaşdırılması məqsədilə elektron kartların, verilənlər bazasının yaradılması və onların idarə olunması üçün intellektual üsulların, alqoritmlərin və sistemlərin işlənməsi istiqamətində araşdırmaların aparıldığı diqqətə çatdırılıb. Bundan əlavə, Qarabağda “Ağıllı şəhər” və “Ağıllı kənd”lərin kibertəhlükəsizliyinin təmin edilməsinin elmi-nəzəri problemlərinin həlli üçün müvafiq tövsiyə və təkliflərin işlənilməsinə, alternativ və bərpa olunan enerji mənbələrinin potensialının konkret olaraq qiymətləndirilməsinə, radiasiya fon durumunun tədqiqi və müvafiq xəritələşdirilmənin aparılmasına, əsas çirklənmə mənbələrinin və “qaynar nöqtələr”in aşkar edilməsinə, torpaq, hava və suda mobil cihazlarla radioekoloji və radiometrik ölçmələrin, laboratoriyada spektrometrik analizlərin aparılmasına, ciddi deformasiyaya uğradılmış təbii landşaftda torpaq, su və bitki örtüyünün radiokimyəvi və bakterioloji tədqiqinə dair elmi-tədqiqat işlərinin aparıldığı, təklif və tövsiyələrin irəli sürüldüyü bildirilib.
Akademik Rasim Əliquliyev, həmçinin son 20 ildə Azərbaycan elmində AMEA-nın payının dinamikası, bölmənin kadr potensialı, elm və təhsilin inteqrasiyası, elektron elmin vəziyyəti, FRTEB-in müəssisələrində nəşr olunan jurnallar, KİV-lə əlaqələr, bölmənin müəssisələrinin veb-saytlarına müraciətlərin statistikası və s. məlumatları iclas iştirakçılarına təqdim edib. Eyni zamanda yeni elmi problemləri və prioritet istiqamətləri səsləndirib.
Məruzə dinlənildikdən sonra geniş müzakirələr aparılıb. Hesabat ətrafında akademiklər - Arif Həşimov, Fikrət Əliyev, Əli Abbasov, AMEA-nın müxbir üzvləri – Oktay Qasımov və İslam Mustafayev çıxış edərək 2021-ci ildə bölmənin müəssisələrində aparılan prioritet tədqiqatlar və əldə olunan nəticələrdən danışıb, bir sıra təkliflərini səsləndiriblər.
Rəyasət Heyəti tərəfindən Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2021-ci ildəki fəaliyyəti qənaətbəxş hesab olunaraq müvafiq tapşırıqlar verilib.
Daha sonra iclasda AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib. Mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü bildirib ki, hesabat ilində Azərbaycanın şimal-qərb bölgəsinin dendroflorasının və bitki biomüxtəlifliyinin öyrənilməsi, genofondunun yaradılması, folklor nümunələrinin toplanması, bölgənin ictimai, tarixi, etno-mədəni və arxeoloji irsinin öyrənilməsi, Alban abidələrinin tədqiqi, ekoturizm potensialından səmərəli istifadə yollarının müəyyənləşdirilməsi, həmçinin tut və vəhşi ipəkqurdu üzrə innovativ tədbirlərin aparılması, məhsuldar və keyfiyyətli xətt və cinslərin yaradılması, yabanı bitkilərin genetik ehtiyatlarının təbii areallarında tədqiqi, mühafizəsi, bərpası, çoxaldılması və səmərəli istifadəsi və s. istiqamətlərdə araşdırmalar aparılıb.
Onun sözlərinə görə, hesabat ilində AMEA-nın Şəki Regional Elmi Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyinin Gəncə Heyvandarlıq İnstitutu və Qax Damazlıq İpəkçilik Stansiyasının birgə fəaliyyəti ilə ŞREM-in imkanlarından istifadə edərək tut ipəkqurdu cinslərini tətbiq etməklə elit barama istehsalına başlanması qərara alınıb. Yusif Şükürlü, o cümlədən ŞREM-in əməkdaşlarının “Fındıq qabığından alınmış bioekstrakt” adlı patentinin tətbiqi ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciətlər edildiyini diqqətə çatdırıb.
Mərkəzin nəşr fəaliyyətinə toxunan alim ötən il qurumun əməkdaşlarının 34 konfrans materialının, 38 məqaləsinin (13-ü xarici, o cümlədən 6-sı impakt faktorlu jurnallarda), 6 tezisinin nəşr olunduğunu vurğulayıb.
Məruzə dinlənildikdən sonra hesabat ətrafında akademiklər - İsa Həbibbəyli, İradə Hüseynova, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva və AMEA-nın müxbir üzvü Oktay Qasımov çıxış edərək mərkəzin 2021-ci ildəki fəaliyyətinə dair fikir və təkliflərini səsləndiriblər.
“Akademiyanın regional elmi mərkəzlərinin fəaliyyətinə, həmçinin onların kadr potensialına dəstək verməli, tədqiqat istiqamətlərini müəyyənləşdirməliyik. Həmin mərkəzlər yerləşdikləri regionun elmi problemləri ilə dərindən məşğul olmalıdırlar”, - deyə mövzu ilə bağlı çıxış edən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bildirib. AMEA rəhbəri çıxışında Rəyasət Heyətinin cari ildəki iclaslarından birini Şəki Regional Elmi Mərkəzində keçirməyi tövsiyə edib.
Daha sonra Rəyasət Heyəti tərəfindən hesabat yekdilliklə qəbul olunub və müvafiq tapşırıqlar verilib.
İclasda, o cümlədən görkəmli dilçi alim, akademik Ağamusa Axundovun 90 illik, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun isə 65 illik yubileyləri haqqında müvafiq qərarlar verilib.
Sonra bir sıra cari məsələlər müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.