Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Toyli Komekov AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.
Görüşdə bu qurumun direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova kitabxanada aparılan islahatlar, müxtəlif istiqamətlərdə görülən işlər barədə ətraflı məlumat verib. Əməkdaşlığın genişləndirilməsi istiqamətində mübadilə layihələrinin həyata keçirilməsi, sərgilərin təşkili, hər iki ölkənin kitabxanaları arasında əlaqələrin qurulmasının zəruriliyi qeyd edilib.
Səfir T.Komekov Türkmənistanın son illərdə keçdiyi inkişaf yolundan, ölkələrimiz arasında əlaqələrdən danışıb. İki ölkə arasında digər sahələrlə yanaşı, elm, təhsil, mədəniyyət sahələrində də fəal əməkdaşlığın olduğunu vurğulayıb. AMEA ilə sıx əməkdaşlıq əlaqələrindən söz açan T.Komekov ötən il səfirliyinin dəstəyi ilə akademiyanın Əlyazmalar İnstitutunda türkmən şairi və filosofu Məhtumqulu Fərağinin 290 illiyinə həsr olunan tədbirdən, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ilə görüşündən də bəhs edib.
Səfir kitabxananın sərgi və akademiklər zalı, Şərq ədəbiyyatı və əsas kitab fondlarında olub. Şərq ədəbiyyatı fondunda türkmən ədəbiyyatının görkəmli simalarının həyat və yaradıcılığı ilə bağlı bölmə diplomatın xüsusi marağını cəlb edib.
Sonda T.Komekov müəllifi olduğu “Türkmənistan: sülh və inkişaf strategiyası” (“Turkmenistan: strateqiya mira i razvitiya”) kitabını, Türkmənistanın milli xalçaçılıq ənənələrini əks etdirən, qədim xalça nümunələrinin fotolarından ibarət “Canlı əfsanə” kitabını və digər nəşrləri MEK-ə hədiyyə edib.
Görüşdə əlaqələrin inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq sazişinin imzalanması barədə razılıq əldə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir