Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Qələbənin 70-ci ildönümü münasibətilə AMEA Naxçıvan Bölməsində tədbir keçirilib
06.05.2015 00:00
  • A-
  • A
  • A+

Qələbənin 70-ci ildönümü münasibətilə AMEA Naxçıvan Bölməsində tədbir keçirilib

AMEA Naxçıvan Bölməsində “1941-1945-ci illər müharibəsində qələbənin əldə edilməsində Azərbaycan xalqının rolu” mövzusunda elmi konfrans keçirilib.

Tədbir AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və “Naxçıvan” Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Konfransı giriş sözü ilə açan Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsi olduğunu, yüz minlərlə həmvətənimizin qələbə naminə canlarından keçdiklərini, milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazdığını, o cümlədən veteranların döyüşlərdə, arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərdiklərini diqqətə çatdırıb. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev tərəfindən bu bayrama xüsusi önəm verilməsi və həmin ənənənin bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən davam etdirilməsi xalqımızın tarixi qəhrəmanlığına verilən qiymətin göstəricisidir.

Konfransda bölmənin Tarix, Etnoqrafiya  və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Bəşəriyyət tarixində ən qanlı müharibə”, həmin institutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun “Naxçıvanlıların 1941-1945-ci illər müharibəsində iştirakı”, “Naxçıvan” Universitetinin prorektoru Əli Yusifovun “İkinci Dünya müharibəsinin səbəbləri və nəticələri”, Naxçıvan Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Abdulla Mustafayevin “Azərbaycanlılar 1941-1945-ci illər müharibəsində”, Naxçıvan Müəllimlər İnstitutunun dosenti, tarix üzrə fəlsəfə doktoru Ələkbər Cabbarovun “Azərbaycanlıların arxa cəbhədəki fəaliyyətləri” mövzusunda məruzələri dinlənilib.

Bildirilib ki, 1941-ci il 22 iyula olan məlumata görə Naxçıvan Muxtar Respublikasından 6492 nəfər orduya yollanıb. Arxiv sənədlərindən aydın olur ki, o zaman Naxçıvanda yaşayan əhalinin təxminən 30 mindən çoxu müharibəyə yollanıb. Naxçıvandan 3 döyüşçü-Nəcəfqulu Rəfiyev (mayor), Abbas Quliyev və Qəzənfər Əkbərov (kapitan) Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, Akim Abbasov isə müharibədən general rütbəsi ilə Vətənə qayıdıb.

Qeyd edilib ki, 8 nəfər Lenin ordeni, Rəhim Rəhimov “Şöhrət” ordeninin hər üç dərəcəsi, 102 nəfər “Şöhrət” ordeninin ayrı-ayrı dərəcələri, 105 nəfər birinci və ikinci dərəcəli “Böyük Vətən müharibəsi”, 315 nəfər “Qırmızı Ulduz”, 42 nəfər isə “Qırmızı bayraq” ordenləri ilə təltif olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: