Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Cəfər Qiyasinin 80 yaşı tamam olur
18.03.2022 13:43
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Cəfər Qiyasinin 80 yaşı tamam olur

Mart ayının 24-də görkəmli memarşünas alim, Şərq Ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, AMEA-nın müxbir üzvü Cəfər Qiyasinin 80 yaşı tamam olur.

Cəfər Əli oğlu Qiyasi 24 mart 1942-ci ildə anadan olmuşdur. 1961-1966-cı illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) İnşaat fakültəsinin Memarlıq şöbəsində təhsil almışdır.

1978-ci ildə “Təbriz me­marlıq məktəbi (XIII-XVII əsrlər)” mövzusunda namizədlik, 1997-ci ildə “Memar Xacə Əlişah Təbrizi (Dövrü və yaradıcılığı)” mövzu­sunda doktorluq disserta­siyaları müdafiə etmişdir. 2007-ci ildə professor elmi adını almış, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

O, 1967-1971-ci illərdə Ümumittifaq Ku­rortları Layihələndirmə İnstitutunun Azər­bay­can filialında memar, baş memar, qrup rəh­bəri vəzifələrində çalışmışdır. 1993-cü ildə “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru təyin edilmiş, fəaliyyəti dövründə ölkəmizin şəhərsalma və memarlıq abidələrinin beynəlxalq miqyasda tanınması, onların dünya abidələri sırasında yer alması kimi məsələlərə xüsusi əhəmiyyət vermişdir. Memarın elmi rəhbərliyi ilə “İçərişəhər Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə” obyekti və Qobustan Dövlət qoruğu UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmişdir.

AMEA-nın müxbir üzvü Cəfər Qiyasi “Abşeron boyları”, “Yaxın uzaq ellərdə (Orta əsr Azərbaycan me­mar­­lığının beynəlxalq əlaqələri haqqında)”, “Nizami dövrü memarlıq abidələri”, “Azərbaycan. Qalalar, qəsrlər”, “Ermə­ni mədəni ter­roru” (türk dilində), “İğdır soyqırımı abidəsi” (türk dilində), “Azərbaycanın IX-XV əsrlər memarlığı” və s. kitab və monoqrafiyanın, 300-dən çox elmi məqalənin müəllifidir.

Memarşünas alimin layihələri əsasında Türkiyənin İğdır şəhərində soyqırımı abidəsi (1998-ci il), Ankara şəhərində TÜRKSOY təşkilatının xidmət binası (2007-ci il), Qobustan qoruğunun muzey və inzibati binası (2011-ci il) ucaldılmışdır.

Uzun illər Azərbaycan Dövlət Televiziyasında “Yaxın-uzaq ellər­də” və “Memarlıq üfüqləri” adlı müntəzəm verilişlərin ssenari müəllifi və aparıcısı olmuşdur.

Görkəmli alim 1999-cu ildən Şərq Ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvüdür.

Cəfər Qiyasi 2009-cu ildə Türkiyə Cümhuriyyətinin “Şərəf” medalı, 2005-ci ildə Dünya Azərbaycanlıları Konqresi tərəfindən “Bütöv Azərbaycan məfkurəsinə xidmət ödülü”, 2017-ci ildə AMEA-nın Fəxri fərmanı ilə təltif edilmişdir.

Azərbaycan memarlıq irsinin inkişafında mühüm xidmətləri olan alimi 80 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı, elmimizin inkişafı yolunda nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: