Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Novruz – xalqımızın mifologiyasını, milli-mənəvi dəyərlərini əks etdirən bayram
20.03.2022 18:36
  • A-
  • A
  • A+

Novruz – xalqımızın mifologiyasını, milli-mənəvi dəyərlərini əks etdirən bayram

Gün o gün olacaq ki, Novruz bayramı­nı bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.

Ümummilli lider Heydər Əliyev

Novruz bayramı Azərbaycan xalqının ən əziz və sevimli bayram­larından biridir. Əsrlər boyu xalqımız bu bayramı qeyd etmişdir. Ancaq müstəqillik dövründə bu bayram rəsmi şəkildə qeyd olunur. Azərbaycan xalqı Novruz bayramına ən hərarətli münasibət bəsləyir, o, bizim üçün ən başlıca, ən gözəl bayramdır... Ailə dəyərləri, bizim milli-mənəvi dəyərlərimiz, ənənələrimiz, bizim milli mədəniyyətimiz, tariximiz – bütün bunlar Azərbaycan xalqını qorumuşdur. Uzun illər, əsrlər boyu biz başqa ölkələrin tərkibində yaşamışıq. Ancaq milli xüsusiyyətlərimizi itirməmişik. Assimilyasiyaya düçar olmamışıq, öz dilimizi, adət-ənənələrimizi, milli bayramlarımızı qoruyub saxlamışıq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

 

Novruz xalqımız tərəfindən minilliklər boyunca böyük məhəbbətlə qeyd olunan sevimli bayramımızdır. Qeyd etmək lazımdır ki, Novruz bayramını bir çox digər xalqların qeyd etdiyi başqa çoxsaylı məhsul bayramlarından fərqləndirən əsas cəhəti onun özündə tarixi etnoqrafiyanı, xalqın mifologiyasını və milli-mədəni fəlsəfəsini ehtiva etməsidir. Novruz dərin fəlsəfəyə malik olan bayramdır.

Novruz sovetlər birliyi dövründə rəsmən qadağan edilsə də, ümummilli lider Heydər Əliyevin milli ənənə və dəyərlərə daxilən möhkəm bağlılığı bu bayramın xalq arasında sevilərək yaşadılmasını təmin etmiş, folklorşünaslıq və fəlsəfə sahəsində aparılan elmi tədqiqatlarda onun ideoloji-siyasi əhəmiyyəti hər zaman önə çəkilmişdir. Diqqətəlayiq haldır ki, ötən əsrin 70-ci illərində Novruz bayramı ilk dəfə olaraq məhz ulu öndərin xeyir-duası ilə rəsmən qeyd olunmuş, bayram şənliklərini əks etdirən reportajlar televiziya ilə yayımlanmışdır. Ümumxalq bayramının yüksək səviyyədə keçirilməsi Azərbaycan xalqının milli ruhunu yüksəldir, milli irsə, tarixə böyük məhəbbət yaradır, özünüdərki gücləndirirdi. Novruz adət-ənənələri o dövrdə çəkilmiş filmlərdə də özünə yer tapırdı. Hər dəfə "Dəli Kür" filmini seyr edəndə Novruzun necə təbliğ olunduğu­nu əyani şəkildə görürük. Məhz müdrik rəhbərin qayğısı ilə o illərdə qorunub saxlanılan milli-mənəvi dəyərlər sonralar Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpasında müstəsna rol oynamışdır.

1991-ci ilin oktyabrında Azərbaycan özünün müstəqilliyini bərpa etsə də o dövrdə yaşanan ziddiyyətli, təlatümlü pro­ses və faciələr Novruzun əsl xalq bayramı kimi yüksək-əhval ruhiyyədə keçirilməsinə imkan vermədi. Yalnız ulu öndər Heydər Əliyevin xalqın israrlı təkidi ilə 1993-cü ildə respublika rəhbərliyinə qayıdışından sonra Azərbaycanın qarşılaşdığı faciələrin bir çoxu aradan qaldırıldı, vətəndaş qarşıdur­masının qarşısı alındı. İctimai-siyasi sabit­lik təmin olunandan sonra maddi rifah halı ildən-ilə yaxşılaşan xalqımız Novruz bayra­mını yüksək əhval-ruhiyyədə qeyd etməyə başladı. Novruz dövlət səviyyəsində yüksək səviyyədə qeyd edilməklə yanaşı, dünya azərbaycanlılarının milli bayramına, effektiv ideoloji-siyasi təsir amilinə çevrildi.

Ulu öndər 1994-cü ilin yazından başlayaraq hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi, ümumxalq şənliklərinə qatılaraq, xalqımıza ikiqat sevinc yaşatdı, ölkə vətəndaşlarına Vətənin çiçəklənməsi naminə birlik, həmrəylik, saflıq və təmizlik arzuladı. Ulu öndər Heydər Əliyev hələ 1998-ci ildə de­mişdi: “Gün o gün olacaq ki, Novruz bay­ramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşa­yıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ümummilli liderin bu vəsiyyətini də yerinə yetirdi. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və xalqımız bundan sonra həmin ərazilərdə Novruz bayramını dünya durduqca ürək açıqlığı və könül xoşluğu ilə qeyd edəcəkdir.

Heç şübhəsiz, Novruz bayramının UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edilməsinin çox böyük əhəmiyyəti var. Əlbəttə ki, ölkəmizin mədəniyyət tarixində mühüm əhəmiyyət kəsb edən bu hadisə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və ciddi səyləri, bu istiqamətdə apardığı gərgin fəaliyyəti nəticəsində baş verib. Qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın mədəniyyət, elm və təhsil, idman, ya­radıcılıq istiqamətləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində böyük xidmətləri təqdirəlayiqdir. Ölkənin bi­rinci xanımının 2004-cü ildən başlayan UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti müddətində görülən işlər, Ümum­dünya İrs, Qeyri-Maddi Mədəni irsin repre­zentativ siyahısına daxil edilən, qorunma altına alınan mədəni irs nümunələrimiz, onun bu işə həssas münasibətinin parlaq ifadəsidir. 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan və başqa ölkələrin xalqlarının xüsusi təntənə ilə qeyd etdikləri Novruz bayramı çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına salınıb. Təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə, bəşəriyyətin mənəvi dəyəri hesab edilən, İslamdan əvvəlki tarixi dövrə təsadüf edən Novruz bayramı Azərbaycanla yanaşı, bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr – 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçi­rilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Bu, bir daha sübut etdi ki, Azərbaycanın beynəlxalq təşəbbüslərini dəstəkləyən ölkələrin sayı daim artır.

Novruz bayramını Azərbaycan xalqı­nın müqəddəs milli irs hesab edən Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Novruz bayramı Azərbaycan xalqının ən əziz və sevimli bayramlarından biridir. Əsrlər boyu xalqımız bu bayramı qeyd etmişdir. Ancaq müstəqillik dövründə bu bayram rəsmi şəkildə qeyd olunur. Azərbaycan xalqı Novruz bayramına ən hərarətli münasibət bəsləyir, o, bizim üçün ən başlıca, ən gözəl bayramdır... Ailə dəyərləri, bizim milli-mənəvi dəyərlərimiz, ənənələrimiz, bizim milli mədəniyyətimiz, tariximiz – bütün bunlar Azərbaycan xalqını qorumuşdur. Uzun illər, əsrlər boyu biz başqa ölkələrin tərkibində yaşamışıq. Ancaq milli xüsusiyyətlərimizi itirməmişik. Assimilyasiyaya düçar olmamışıq, öz dilimizi, adət-ənənələrimizi, milli bayramla­rımızı qoruyub saxlamışıq.”

Möhtərəm dövlət başçımız Novruz bayramını birmənalı şəkildə milli varlığın qorunma vasitəsi hesab edir. Məhz bu yanaşma müasir Azərbaycan dövlətinin artıq bütün dünyada böyük əks-səda verən mədəniyyət siyasətinin əsasını təşkil edir.

Habil QURBANOV, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor

“Xalq qəzeti”

  • Paylaş: