Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Elm haqqında yanlış təsəvvürlər aradan qalxmalıdır
27.03.2022 11:45
  • A-
  • A
  • A+

Elm haqqında yanlış təsəvvürlər aradan qalxmalıdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq hər il mart ayının 27-nin Azərbaycan Respublikasında “Elm günü” kimi qeyd edilməsi barədə Sərəncam imzalamışdır. Artıq 4-cü ildir ki, Azərbaycanda Elm Günü qeyd olunur.  

Elm və təhsil ölkəmizdə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Ölkə başçısının bu sahəyə ardıcıl olaraq göstərdiyi diqqət və qayğı, elmi-texniki potensialın qorunub saxlanılması, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması istiqamətində atdığı mühüm addımlar və qəbul etdiyi qərarlar bunun əyani sübutudur.

Artıq danılmaz bir həqiqətdir ki, hərtərəfli inkişaf etmiş, dayanıqlı cəmiyyətin yaradılmasında elm və alimlər mühüm rol oynayır. Əhalinin elmi nailiyyətlər haqqında mütəmadi olaraq məlumatlandırılması və bu proseslərdə onların iştirakı isə olduqca vacib məsələdir.

Son illər ölkəmizin həyatında baş verən əsaslı dəyişikliklər, iqtisadiyyatın şaxələnməsi və dinamik inkişafı cəmiyyət həyatının bütün sahələrinə bu və ya digər şəkildə təsir etdiyi kimi, elm və təhsil sferasından da yan keçməyib. Azərbaycan alimlərinin elmi nailiyyətləri beynəlxalq elmi bazalara inteqrasiya edib, Azərbaycan beynəlxalq elmi reytinq cədvəlində xeyli irəliləyib. Təhsil sahəsində də ardıcıl olaraq bir sıra uğurlu layihələr həyata keçirilib.

Bununla yanaşı, bəzi hallarda bu dəyişikliklər bir sıra problemlərlə də müşayiət olunur. Elmi fəaliyyət özünəməxsus xüsusiyyətlərə malik olduğu üçün bu sahədə baş verən proseslər və onların ətrafında aparılan müzakirələr geniş ictimaiyyət üçün tam aydın olmur. İnsanlarda bəzən bu sahə ilə bağlı yanlış təsəvvür yaranır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, elmi və şüurlu həyatını yalnız elmin inkişafına həsr etmiş alimləri baş verən konkret hadisələrlə eyniləşdirib aşağılamaq cəhdlərinə də rast gəlmək olur.

Bəşər tarixində elm həmişə vacib yer tutub. Buna baxmayaraq uzun müddət o, cəmiyyətin sosial-iqtisadi inkişafına əhəmiyyətli təsir göstərə bilməyib. Elmin inkişafı cəmiyyətin tələbatlarından asılı olmadan baş verib. İqtisadiyyatın ekstensiv inkişafı nəticəsində uzun müddət istehsalat və cəmiyyət elmi-texniki yeniliklərin mənimsənilməsində ətalət nümayiş etdirib. XX əsrin ikinci yarısında isə fizika, riyaziyyat, kimya, biologiya, yeni texnologiyalar və informatika sahəsində fundamental kəşflər nəinki bizi əhatə edən aləmi dəyişdiriblər, həmçinin elmin, istehsalatın, iqtisadiyyatın, ekologiyanın və siyasətin transformasiyasına  böyük təsir göstəriblər. Elm sosial-iqtisadi siyasətin formalaşması prosesində istiqamətləndirici rol oynamağa başlamışdır. Molekulyar biologiyanın, genetikanın, biotexnologiyanın inkişafı, kibernetikanın, yeni nəsil kompüterlərin, nanotexnologiyanın, mexatronikanın yaradılması və internetin meydana gəlməsi yaxın onilliklərdə daha kəskin sıçrayışların olacağından xəbər verir. 4-cü Sənaye inqilabı artıq qapımızın astanasındadır.

Elm sosial sistemin mürəkkəb, ierarxik, qeyri-xətti və tarazlıqdan uzaq bir hissəsidir. Digər sistemlər kimi, elm də onun inkişafını təmin edən bir sıra həlledici parametrlərlə xarakterizə olunur.

Elmin normal inkişafı üçün hər bir dövlət öz elmi-texniki siyasətini qurur. Müasir elmin xarakterik cəhəti odur ki, o baha başa gələndir. Bununla yanaşı, müəyyən olunmuşdur ki, istənilən ölkənin iqtisadi, sosial və mədəni inkişafının səviyyəsi birinci növbədə elmin və təhsilin səviyyəsindən asılıdır. Ona görə də elm və təhsil müasir dövlətin yaşaması üçün əsas faktorlardır.

Müasir elm və texnologiyalar, əsasən, məhsuldar qüvvələrin istifadəsinin səmərəliliyini yüksəltməyə, istehsalın material və enerjitutumunu azaltmağa, xammal və enerji ehtiyatlarının qənaət edilməsinə, həmçinin insan əməyinin yüngülləşdirilməsinə yönəlmişdir. Elmin gələcək inkişafı isə istehsalatın, iqtisadiyyatın, ictimai həyatın, ekologiyanın, səhiyyənin və təhsilin bütün sahələrində tətbiq edilə bilən ən yüksək texnologiyaların yaradılmasına yönələcəkdir. Beləliklə, üçüncü minllikdə elm əhalinin rifahını, sağlamlığını və beləliklə, ölkənin dünyada mövqeyini təyin edən əsas faktor olacaq.

Bəs, elmi tədqiqatların səmərəliliyinin artırılması, onların insanların həyat səviyyəsinin yüksəldilməsində həlledici amilə çevrilməsi üçün nə etmək lazımdır?

Bu, ölkənin iqtisadiyyatı, istehsal sahələrinin vəziyyəti ilə sıx bağlı olan məsələdir. Birinci növbədə elmin nəticələrinə tələbat, sifariş olmalıdır. Elmin nəticələrinə tələbat olmayanda intellektual və texniki potensialın kəskin azalması, təhsilin səviyyəsinin, keyfiyyətinin, əmək qabiliyyətli əhalinin peşə hazırlığının aşağı düşməsi baş verir. Yüksək texnologiyaların mənimsənilməsi qeyri-mümkün olur.

Müasir mərhələdə elmin inkişafı təkcə elmi tədqiqatların metodologiyasının yeniləşməsi ilə deyil, yeni təşkilati-idarəetmə formalarının axtarışı, elmi fəaliyyəti sosial-iqtisadi məsələlərin həllinə yönəltmək məqsədilə onun təşkilinin və idarə olunmasının səmərəliliyinin artırılması, elmi biliklərin və texnologiyaların tətbiqini təkmilləşdirməklə xarakterizə olunur.

Bu gün innovasiya fəaliyyətinə xüsusi diqqət yetirilməlidir. Elmi-texniki fəaliyyətin prioritetləri, elmin maliyyələşdirilməsinin forma və mexanizmləri dəyişməli, elmi-texniki məhsul bazarının strukturu təkmilləşdirilməli və onun coğrafiyası genişləndirilməlidir.

Elmi-texniki işləmələrin realizə olunmasının mexanizmləri ölkəmizdə elan olunmuş sosial yönümlü bazar iqtisadiyyatının formalaşmasına köklənməlidir. Bu mexanizmlərin toplusu onilliklərlə dövlət himayəsi altında inkişaf edən elmi-tədqiqat institutlarının və konstruktor-texnologiya təşkilatlarının tətbiqi sistemini əvəz edəcək innovasiya siyasətinin mahiyyətini təşkil etməlidir. Birinci növbədə aldığımız nəticələri «özəlləşdirməliyik», yəni müəllif hüquqlarını təsdiqləyən sənədləri almalıyıq. Sonra elmi nəticələrimizin əmtəə şəklinə salınıb  bazara çıxarılmasını təmin etməyə çalışmalıyıq. Bazarın isə öz qanunları var. Orada inzibati metodlar keçmir. Dövlət isə öz qərarları və apardığı struktur islahatları ilə bu işə maksimum kömək etməlidir.

Bəzən belə mülahizələrə rast gəlirik ki, maliyyə resurslarının məhdud olduğu şəraitdə fundamental tədqiqatlarla məşğul olmağa lüzum varmı? Bəlkə, elm təsərrüfatın qarşısında duran problemləri həll etməlidir?

Dünya alimlərinin yekdil rəyi belədir ki, texniki inkişafın yüksək səviyyəsi ilə insan cəmiyyətinin sosial-iqtisadi, siyasi və mənəvi-hüquqi təşkilinin səviyyəsi arasındakı ziddiyyətlərin həlli fundamental elmin müvəffəqiyyətlərindən çox asılıdır. Fundamental elm qlobal böhranların aradan qaldırılması üçün yeni biliklərin mənbəyi və informasiya özülüdür. Fundamental tədqiqatların nəticələri mütəxəssislər tərəfindən ictimai həyatın konkret sahələrində istifadə edilən biliklərin əsasını təşkil edir.

Bəşəriyyət üçüncü minilliyə hansı nəticələrlə gəlib çatıb, insan iradəsi  və şüuru hansı yeni nailiyyətləri əldə edib, habelə yeni əsrdə sivilizasiyanı hansı sosial, texnogen və ekoloji kataklizmlər gözləyə bilər? Bu kataklizmlərdən yan keçmək mümkündürmü? Bu məsələlər dünya ictimaiyyətini narahat edir.

Bəli, elm təsərrüfatın qarşısında duran vacib problemləri həll etməlidir və edir. Amma bu, əsas məsələ deyil. Qabaqcıl elm praktikanın izi ilə, onun yedəyində getməməlidir, o özü sivilizasiyanın inkişafında yeni istiqamətlər açmalıdır və həyatımızı təzələməlidir. Əgər elm dar praktika çərçivəsində inkişaf etdirilsəydi, bəşəriyyət atom enerjisinin istifadəsinin yollarını tapa bilməzdi. Ona görə də fundamental nəzəri tədqiqatların çəkisinin artırılması vacibdir.

Dünyada fundamental elmin təşkilinin müxtəlif formaları mövcuddur. Azərbaycanda və digər postsovet ölkələrində ənənəvi olaraq fundamental elmi tədqiqatların əsas mərkəzi milli elmlər akademiyaları olub və ədalət naminə demək lazımdır ki, onlar bu vəzifənin öhdəsindən layiqincə gəliblər. 1945-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının yaradılması və onun fəaliyyəti Azərbaycanda bir sıra nüfuzlu elmi məktəblərin və alimlər ordusunun yaranmasına gətirib çıxarmışdır. Akademiya ən çətin dövrlərdə belə öz saflığını qoruyub saxlamış, fəaliyyət prinsiplərini dəyişməmiş, ölkənin iqtisadi, siyasi və ictimai həyatında fəal iştirak edərək dövlətin və dövlətçiliyin yanında olmuşdur. Müxtəlif beynəlxalq forumlarda belə akademiyaların qorunub saxlanması və möhkəmləndirilməsi məqsədəuyğun hesab edilir. Lakin akademiyaların fəaliyyətini mütləq müasir dövrün tələblərinə uyğun təşkil etmək, elm və təhsilin məzmunca üzvi vəhdətinə nail olmaq, elmi müəssisələrlə universitetlər arasında sərhədi tədricən aradan qaldırmaq lazımdır.

Hazırda AMEA ilə ali təhsil müəssisələri arasında əməkdaşlıq Akademiya alimlərinin ali məktəblərdə əvəzçiliklə elmi-pedaqoji fəaliyyətə cəlb olunması, tələbələrin istehsalat praktikasınının təşkil edilməsi, buraxılış, diplom və dissertasiya işlərinin yerinə yetirilməsi üçün Akademiyanın kadr potensialının və maddi-texniki bazasının istifadə edilməsi yolu ilə həyata keçirilir. Bu əməkdaşlığın genişləndirilməsi, onun yeni forma və metodlarının tətbiqi, habelə onun səmərəliliyinin daha da artırılması vacibdir. Elmi proqramlar və layihələr çərçivəsində müştərək fundamental və tətbiqi tədqiqatların aparılması, bu tədqiqatların nəticəsi olaraq universitet tələbələri üçün ana dilimizdə yeni tədris proqramlarının, dərsliklərin və elmi monoqrafiyaların yazılması ən zəruri məsələlərdən biridir.

Elmi-tədqiqatların müvəffəqiyyətlə aparılması üçün yüksəkixtisaslı mütəxəssislərin (YİM) hazırlanması çox vacib məsələdir. Bu sahədə də bir sıra problemlər var və bu problemlər çoxsaylı faktorlardan asılıdır. Əvvələn, YİM-lərə tələbatın elmi əsaslandırılmış proqnozu olmalıdır. Proqnozların yaradılması çoxparametrli, kompleks bir məsələ olub bütün sahələrin və nazirliklərin, habelə cəmiyyətin bütün təbəqələrinin maraqlarına toxunur. Belə ki, YİM hazırlanması uzunmüddətli və baha başa gələn prosesdir. Konkret mütəxəssisdən fayda 30-40 illik təhsil və elmi fəaliyyətdən sonra meydana gəlir. Ona görə də YİM hazırlanması üzrə sahələrarası əlaqələndirmə işinin lazımi səviyyədə qurulmasına böyük ehtiyac var.

Digər problemləri bir-bir sadalamaq niyyətim yoxdur. Çünki elm və təhsil ictimaiyyətinə onlar yaxşı məlumdur. Bu problemlərin analizi isə göstərir ki, onların həlli üçün elmin və təhsilin idarə olunmasının təkmilləşdirilməsi vacibdir. Bu məqsədlə səriştəli rəhbər işçilərin hazırlanmasına xüsusi fikir verilməlidir. Bundan ötrü elmi dərəcənin, elmi adın olması bəzən yetərli olmur. Rəhbərin işi də ilk növbədə yaradıcılıqdır və bu yaradıcılıq təhsil prosesində bir sıra formal hərəkətlər və prosedurlar istisna olmaqla, kifayət qədər formalaşa bilməyən xüsusi keyfiyyətlərlə bağlıdır. Rəhbər işçilərin fəaliyyətinin müntəzəm olaraq qiymətləndirilməsi vacibdir. Bu, rəhbər kadrların attestasiyası, onların fəaliyyətinin monitorinqi və s. yollarla həyata keçirilə bilər.

İndi isə ölkəmizdə Elm gününün qeyd olunmasının əsas motivlərindən birinə — elmin populyarlaşdırılması məsələsinə diqqəti cəlb etmək istərdim. Həmçinin xatırlatmaq istəyirəm ki, UNESCO da hələ 2001-ci ildə noyabr ayının 10-nu “Sülh və inkişaf naminə dünya elm günü” elan edib və hər il qeyd edilir. Məqsəd yenə də elmi populyarlaşdırmaq, beynəlxalq və milli səviyyədə onun rolunu yüksəltmək, elmin nəticələrinin cəmiyyətin dinc və sabit inkişafına təsirini artırmaq, habelə cəmiyyətdə alimlərin nüfuzunu artırmaqdır.

Müxtəlif elmi-təşkilati tədbirlərdə, o cümlədən AMEA Rəyasət Heyətinin iclaslarında alimlər elmi nailiyyətlərin təbliğ olunmasının vacibliyindən danışırlar və hazırda bu işin çox zəif olduğunu qeyd edirlər. Belə bir sual da doğur. Doğrudanmı elmin də reklama ehtiyacı var?

İlk baxışdan belə görünür ki, cəmiyyətin inkişafında elmin rolunun çox yüksək olmasının sübuta ehtiyacı yoxdur. Lakin cəmiyyət hiss etməlidir ki, elm o sahə deyil ki, ona təkcə pul xərcləmək lazımdır. Cəmiyyətə aydın olmalıdır ki, elm istehsal qüvvəsidir və xammal ehtiyatları ilə ən zəngin dövlətlər belə elmsiz öz xalqları üçün ləyaqətli gələcək qura bilməzlər. Mühüm qərarlar və qanunvericilik aktları, bütövlüdə dövlət siyasəti elmi əsaslar üzərində qurulmalıdır. Reallıq belədir ki, hazırda elmi müəssisələrlə müvafiq dövlət qurumlarının və digər təsərrüfat subyektlərinin gündəlik fəaliyyəti arasında qarşılıqlı əlaqə çox zəifdir. Elmi-texnoloji məsələlərin həllində alimlər yaxından iştirak etmirlər və ya edə bilmirlər.

Hazırda elmi-texniki inqilabdan, texnikanın elmtutumluğunun artmasından və elmin tərəqqiyə  təsirindən o qədər çox danışılır ki, elmin populyarlaşdırılmasının vacibliyi məsələsi artıq görünə bilər. Buna baxmayaraq, əvvəllər heç vaxt  indiki qədər elm haqqında belə yanlış təsəvvürlər yox idi, onun haqqında əsaslandırılmamış mülahizələr yürüdülmürdü. Ona görə də elmin populyarlaşdırılması vacib sosial problem olaraq qalır. Müxtəlif səbəblərdən geniş ictimaiyyətin elm haqqında təhrif olunmuş təsəvvürləri var. Bunun aradan qaldırılması üçün məqsədyönlü iş görülməlidir.

Elmin tarixi bəşəriyyətin tarixinin tərkib hissəsidir. Nəyə görə texnika haqqında bu qədər çox, elm haqqında isə çox az danışılır? Çoxsaylı texniki vasitələrdən danışanda onların meydana gəlməsini mümkün etmiş elmdən heç nə deməmək ədalətsizlikdir.

Elmin populyarlaşdırılmasının əsas məqsədi əldə edilmiş elmi nəticələri izah emək, onun cəmiyyətdəki rolunu göstərməkdir. Çoxları mənşəyi onlara məlum olmayan hadisələrin və əşyaların mövcudluğunu normal və təbii hesab edir. Bütün bunlar onlara həmişə mövcud olmuş kainatın bir hissəsi kimi görünür. Müasir körpə televizora, avtomobilə, kompüterə, mobil telefona - ağaca, pişiyə və Aya baxdığı kimi baxır. Ona elə gəlir ki, bu texniki vasitələr həmişə mövcud olub. O, insan tərəfindən yaradılanla təbiət tərəfindən yaradılanı bir-birindən ayırd edə bilmir. Ola bilsin ki, o, bütün ömrü boyu müxtəlif kitablar oxumağa çoxlu vaxt sərf etsin, lakin kosmosa nüfuz etməyə imkan vermiş elmi nailiyyətlər barədə heçnə bilməsin. O, daha sadə şeyləri - təbiətin sel və tufan kimi dağıdıcı hadisələrini və onların nəticələrini elmin qabaqcadan necə proqnozlaşdırmağa imkan verdiyini də bilməyəcək.

Həqiqətdə cəmiyyət elmi nailiyyətlərlə deyil, texniki vasitələrlə təmasdadır. Elmi nailiyyətlərlə onların konkret tətbiqi arasında sosial-iqtisadi süzgəc mövcuddur.

Buğdanın məhsuldarlığının artmasından danışdıqda, seleksiyaçıların və genetiklərin işlərini də xatırlamaq lazımdır. Ölüm hallarının azalmasından danışdıqda xəstəliklərlə mübarizə aparan təbabət elmindən də danışmaq lazımdır. Radiolokasiya, hesablama texnikası, avtomatika sahələrindəki nailiyyətlərsiz aviasiyanın inkişafını təsəvvür etmək olmaz. Bütün bu vasitələrin yaranması fundamental tədqiqatların inkişafı sayəsində mümkün olmuşdur.  

Elmin populyarlaşdırılmasının digər bir məqsədi elmi nailiyyətlərin necə həyata keçirilməsini, elmi-tədqiqatların necə  aparılmasını və alimlərin necə işləməsini izah etməkdən ibarətdir. Elmi-tədqiqat fəaliyyəti alimlər qarşısında bir sıra tələblər qoyur. Səhv buraxmaq təhlükəsi mütləq eksperimental yoxlama aparılmasını tələb edir. Bu, riyaziyyat da daxil olmaqla bütün elm sahələrinə aiddir. Alimlər sınaqdan keçirir, araşdırır, səhv edir və yenidən başlayırlar. Əlbəttə, bu  təsəvvürlər təhsil müəssisələrindən aldığımız biliklərdən fərqlənir. Orada bizə elmin yaradılması prosesini deyil, hazır elmi tədris edirlər.

Elmin populyarlaşdırılmasında onun mədəni funksiyasının göstərilməsi əhəmiyyətli yer tutur. Elm də musiqi və rəssamlıq kimi mədəniyyətin bir hissəsidir, qoludur.

Elmi-populyar ədəbiyyat və maarifləndirici mühazirələr mütəxəssisin dar ixtisaslaşmasını müəyyən dərəcədə aradan qaldırmağa kömək edir.

Elmi biliklərin təbliği həm də ona görə lazımdır ki, cəmiyyət alimlərin nə üzərində işlədiyini bilsin. Bu zaman cəmiyyət həyatının aktual problemlərinin həllində illərlə (bəzən də onilliklərlə) çalışan tədqiqatçılara dəstək ehtimalı artacaq.

Elmi biliklərin populyarlaşması gənclərin elmi-tədqiqat işlərinə cəlb olunmasında mühüm rol oynaya bilər. Ölkənin sabahkı elmi potensialı bu gün elmə kimin gəlməsindən asılıdır və hər bir dövlətin qüdrətini məhz o müəyyən edir.

Hər bir alim elmin populyarlaşdırılmasının vacibliyini və onun öz fəaliyyətinin bir hissəsi olduğunu unutmamalıdır. Həqiqi alimlər elmi biliklərin təbliğini, xalqın maariflənməsini həmişə özlərinin bilavasitə vəzifəsi və borcu hesab etməlidirlər. Bu, öz növbəsində “yalançı elmlə” məşğul olanların və onu yayaraq təbliğ edənlərin qarşına sədd çəkə bilər.

Elmin olduqca faydalı fəaliyyət növü və biliklərin yayılması sistemi kimi populyarlaşması təkcə kitabların, jurnalların və digər vasitələrin nəşri deyil. Elmi-populyar kino, elmi mövzularda radio və televiziya proqramları kütləvi auditoriyaya kitablardan, məqalələrdən və jurnallardan az təsir göstərməz. Amma “elmin populyarlaşması” anlayışı bununla da tükənmir. Bura həm də şifahi və əyani populyarlaşdırma - elmi-kütləvi tədbirlər, sərgilərin təşkili, muzey işi və s. daxildir.

Elmi informasiya və elmin populyarlaşması getdikcə daha çox təmas nöqtələri tapır. Elmi-texnoloji tərəqqi son onilliklərdə elmi-populyar əsərlərin mövzusunu genişləndirməklə yanaşı, bu ədəbiyyatın yeni növlərinin yaranmasını diqtə edir. İlk növbədə, elmin nailiyyətlərini təbliğ edən, yeni kəşflərin mənasını, onların ictimai nəticələrini üzə çıxaran yeni ədəbiyyat meydana gəlməlidir. Bizə peşəkar alimlərlə bərabər elmi, onun ideya və metodlarını, meyllərini, gücünü bilən, elmi proqramları və prioritetləri qiymətləndirməyi bacaran daha çox mütəxəssislər lazımdır. Elmi jurnalistikanın və elmi publisistikanın daha da inkişaf etdirilməsi, elmi-kütləvi nəşrlərdə çalışan mütəxəssislərin müasir informasiya texnologiyalarının imkanlarından səmərəli istifadə edilməklə bacarıq və peşə hazırlıqlarının təkmilləşdirilməsi məqsədəuyğun olardı. Həqiqi və keyfiyyətli elmi məlumat özü elmin bir zərrəciyidir.

Ümid edirəm ki, AMEA-da və universitetlərdə çalışan alimlər, həmçinin ictimai-siyasi xadimlər ölkəmizdə elmin və təhsilin vahid konsepsiya üzrə inkişaf etməsinə dair müzakirələrdə obyektiv mövqe ortaya qoyacaq və məqsədyönlü fəaliyyət göstərəcəklər. Əminəm ki, bu da öz növbəsində cəmiyyətin hər bir üzvündə elm haqqında yanlış təşəvvürlərin aradan qalxmasına əhəmiyyətli dərəcədə kömək edəcək.

Elm günümüz mübarək!

Əminağa SADIQOV, Akademiyanın İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: