Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Azərbaycan dövləti elmin inkişafına xüsusi diqqət göstərir
29.03.2022 14:25
  • A-
  • A
  • A+

Azərbaycan dövləti elmin inkişafına xüsusi diqqət göstərir

27 mart  hər il Azərbaycanda elmi ictimaiyyətin bayramı - Elm günü kimi qeyd edilir. Elm gününün qeyd olunması 2018-ci il aprelin 9-da Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilib. Dövlət başçısı bu Sərəncamla cəmiyyətin inkişafında elmin əhəmiyyətini daha da artırıb, qədim tarixə malik Azərbaycan elminin müasir dövrdə inkişafı ilə bağlı qarşıda duran vəzifələri müəyyənləşdirib, icra olunmasına töhfə verib. Prezident İlham Əliyev həm də elmin yeni dövr üçün statusunu müəyyənləşdirib, onun cəmiyyət həyatında hərəkətverici funksiyasının daha da gücləndirilməsini bir hədəf kimi təsbit edib. Bu dövlət başçısının, dövlətin elmə, onun inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Xatırladaq ki, 14 iyun 2016-cı ildə  dövlət başçısı “Elm haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsiplərini müəyyən edən bu qanunun qəbulu müstəqil Azərbaycanın elm siyasətinin əsas sütununu təşkil edir və özlüyündə elmdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqini, dünya elminin tələblərinə cavab verən tədqiqatların aparılmasını, elmi-texniki potensialın qorunub saxlanılmasını, yüksəkixtisaslı kadrların hazırlanması kimi vacib sahələri əhatə edir. Azərbaycan dövləti elmin inkişafı, onun qanunvericilik bazasının möhkəmləndirilməsi və bu sahədə sanballı layihələrin  həyata keçirilməsi üçün bütün tədbirləri görüb və Elm gününün qeyd olunması da bu sahədə çalışan mütəxəssislərin əməyinə göstərilən diqqətin təzahürüdür.

Prezident İlham Əliyevin "Elm müstəqil Azərbaycanın dövlət siyasətinin prioritet sahələrindəndir" fikri bu proseslərə təkan verən əsas amildir. Azərbaycanda elmin inkişafına dövlət qayğısı və bu sahədə aparılan uğurlu islahatlar, qanunvericilik bazasının təkmilləşdirilməsi, Azərbaycan Prezidentinin qəbul etdiyi Fərman və sərəncamlar müsbət nəticələrə gətirib çıxarıb. Azərbaycan alimlərinin beynəlxalq aləmə inteqrasiyası istiqamətində mühüm nailiyyətlər əldə olunub, gənclərin elmə diqqəti artıb, elm ölkəmizdə yüksək səviyyədə inkişaf və populyarlıq qazanıb.

Qeyd edək ki, insanın əməli və nəzəri fəaliyyətinin spesifik sahəsi olan elm cəmiyyətin məhsuldar qüvvələrinin inkişafına və ictimai həyatın müxtəlif sahələrinə təsir edən sosial nəticələrin ən mühümüdür. Keçən əsrlərdə elmlə məşğul olmaq ayrı-ayrı şəxsiyyətlərin taleyinə düşürdüsə, XX əsrin əvvəllərindən, xüsusilə Elmlər Akademiyasının yaranmasından sonra elmi tədqiqatlarla alimlər, institutlarda və elmi tədqiqat idarələrində çalışan peşəkar elm adamları məşğuldurlar. Azərbacan Elmlər Akademiyasının yaranması isə xalqımızın fikir və mədəniyyətinin çoxəsrlik inkişaf yollarında mühüm dönüş nöqtəsi olmuşdur. Bu elm məbədində çoxsaylı alimlər yetişmiş, ölkəmizin, elə həm də bəşəriyyətin inkişafında, elmin hazırkı inkişaf səviyyəsinə çatmasında müstəsna rol oynamışlar. Müxtəlif dövrlərdə qarşılaşdıqları çətinlikləri dəf etməyi bacaran fədakar elm adamlarımız fəaliyyətləri, ixtiraları, çalışmaları ilə gənc nəslə örnəkdir.

Elm günü Azərbaycanda Milli Elmlər Akademiyasının təsis edildiyi gündə qeyd olunur. O zaman bu hadisə fəaliyyət göstərdiyi müddətdə ölkə həyatının ən vacib strukturuna və ayrılmaz hissəsinə çevrilən Elmlər Akademiyasının fəaliyyətinə verilən önəm kimi qəbul olunmalıdır. Çünki Azərbaycanda elmin inkişafı birmənalı olaraq Elmlər Akademiyasının fəaliyyəti ilə sıx bağlıdır və bu fəaliyyət daha çox ölkədə elmin sistemli inkişafına həsr olunub. AMEA Azərbaycanda elm sahəsində baş verən fəaliyyətlərin koordinasiyasında, sistemləşdirilməsində, təşkilatlanmasında danılmaz rola malikdir. Ona görə də Elmlər Akademiyasının təsis olunması gününün ölkəmizdə “Elm günü” kimi qeyd olunması tamamilə qanunauyğundur. Daha dəqiq desək, Azərbaycanda elm deyərkən AMEA, AMEA deyərkən də elm anlaşılır.

Akademik Fəraməz  Maqsudov  yazır  ki, XX əsrdə baş vermiş ictimai-siyasi hadisələr xalqın əsrlərdən keçib gələn intellektinin üzə çıxması və misli görünməmiş bəşəri dühaların meydana gəlməsi üçün şərait yaratmışdır. 1920-ci illərdən etibarən elmi tədqiqat təşkilatları və idarələrinin formalaşma prosesi 1945-ci ildə respublikanın ali elmi idarəsinin - Azərbaycan Elmlər Akademiyasının yaradılması ilə başa çatdı. Respublikamızın həyatında, ictimai fikrin formalaşmasında, müstəqillik uğrunda mübarizə yollarında 1945-ci ildə yaradılmış Elmlər Akademiyasının böyük xidmətləri var.

Azərbaycan Milli Elmlər Akademiyası bugün də keçdiyi şərəfli tarixi yolla davam edərək ölkəmizin elmi nailiyyətlərinin artmasına əvəzsiz töhfələr verir. AMEA-da yeni-yeni dissertasiyalar yazılır, elmin ən müxtəlif istiqamətləri üzrə araşdırmalar aparılır, ixtiralar edilir. Dövlətimiz üçün prioritet olan sahələr üzrə elmi araşdırmaların həyata keçirilməsi, əldə olunan nəticələrin ictimailəşdirilməsi, reallaşdırılması qarşıda duran əsas vəzifələrdəndir.

AMEA-da bu gün yalnız elmi araşdırmalar aparılmır. Eyni zamanda bu gün Akademiyada elmlə təhsilin vəhdət şəklində həyata keçirilməsini də müşahidə etmək mümkündür. AMEA-nın magistrləri gələcək elmi araşdırmalarının istiqamətini, şərəfli alimlik yolunun əhəmiyyətini tədris prosesində mənimsəyirlər. Onlar Azərbaycan alimlərindən dərs almaqla öz bilik və bacarıqlarını, dünyagörüşlərini də genişləndirirlər.

Ümummilli lider Heydər Əliyev AMEA-nın keçidiyi yolu Azərbaycan xalqının tarixində böyük səhifə kimi dəyərləndirmişdir: “Çoxəsrlik tariximizdə böyük elmimiz olubdur. Ancaq Azərbaycan elmi heç vaxt bu qədər mütəşəkkil və bu qədər qüvvətli, güclü, çoxsahəli olmayıb. Müstəqil Azərbaycanın Elmlər Akademiyası bütün elmi potensialı özündə cəmləyərək, xalqımızın yaradıcılıq sahəsində nəyə qadir olduğunu dünyaya göstəribdir”.

Dövlətimizin ideoloji əsaslarının təşkilində, ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq məfkurəsinin təbliğində Azərbaycan alimləri öz sözünü deyib, onun fəaliyyət istiqamətləri arasında bu sfera hər zaman aparıcı xətt olub və beləcə, Azərbaycan elmi müstəqil dövlətçiliyin yaratdığı geniş imkanlar sayəsində ölkəmizin müasir inkişafının aynasına çevrilib.

2022-ci ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun rəşadəti sayəsində qalib dövlət, tarix yazan bir xalq kimi daxil olduq. Lakin qalibiyyət bizi arxayınlaşdırmamalıdır və arxayınlaşdırmır da. Mənfur  düşmən  daim ölkəmizə, xalqımıza, çoxəsrlik tariximizə, dəyərlərimizə qarşı təcavüz etmək üçün fürsət axtarır. Belə bir məqamda hər bir azərbaycanlının, xüsusilə də alimin, araşdırmaçının ikiqat həvəslə və enerji ilə çalışması lazımdır. Əldə etdiyimiz qələbəni yalnız bu yolla qoruya və dövlətimizi daha da güclü edə bilərik.

AMEA əməkdaşları, alimlərimiz bu müqəddəs vəzifənin önəmini dərk edirlər. Elmlər Akademiyası tarixi Qələbəmizin qorunması, yağı düşmənə layiqli cavab verilməsi üçün elmi istiqamətdə çalışmalarını genişləndirir və genişləndirməkdə də davam etməlidir. İnanırıq ki, azad edilmiş Qarabağın və bütövlükdə dövlətimizin bundan sonrakı inkişafında Azərbaycan elminin, AMEA-nın da müstəsna rol oynayacağı şübhəsizdir.

Bütün xalqımızı, xüsusən də elm adamlarımızı Elm günü münasibətilə təbrik edir, fədakar alimlərimizə, araşdırmaçılara bundan sonrakı müqəddəs işlərində uğurlar arzulayırıq.

Şəhla TAHİRQIZI, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent

Mübariz GÖYÜŞLÜ, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri

“İki sahil”

  • Paylaş: