Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Alim ömrünün 65-ci baharı
30.03.2022 15:10
  • A-
  • A
  • A+

Alim ömrünün 65-ci baharı

Bu günlərdə ömrünün 65-ci baharını qeyd etməyə hazırlaşan tarix elmləri doktoru, professor, “Tərəqqi” medallı Abbas Qadir oğlu Seyidov 1 aprel 1957-ci ildə Naxçıvan şəhərində anadan olub. Bir sıra sahələrdə xüsusi istedadı ilə seçilən Abbas müəllim orta təhsilini Naxçıvan şəhər C.Məmmədquluzadə adına 2 №-li orta məktəbdə başa vurub. 1974-cü ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) tələbəsi olduğu ilk günlərdən qədim tariximizə marağına görə digərlərindən fərqlənib. Əvvəla A.Seyidov təhsil aldığı dövrdə tələbə ikən İnstitut Tələbə Həmkarlar Təşkilatının sədri kimi yüksək vəzifə tutub ki, bu da çoxminli tələbə kollektivi içərisində bir nəfərə nəsib olan yer idi. İkincisi, bu o zaman idi ki, AMEA-nın müxbir üzvü, professor, təcrübəli arxeoloq mərhum Vəli Əliyev Naxçıvan yaxınlığındakı II Kültəpə abidəsində qazıntılar aparırdı və bu qazıntılar Şimali Qafqazdan Suriya, Fələstinədək geniş bir arealda yayılmış Kür-Araz mədəniyyətinin bir çox problemlərinin araşdırılmasında yeni bir mərhələnin başlanğıcını qoymuş oldu. Abbas Seyidovun da Tunc dövrünün və xüsusən onun erkən mərhələsinin problemlərinin araşdırılmasına istək və həvəsi məhz bu dövrdə başlayıb.

Ali məktəbi bitirdiyi zaman Abbas Seyidov qarşısında bir məqsəd qoymuşdu: - Azərbaycanın qədim tarixinin araşdırılmasına öz töhfəsini vermək. Bunun üçün isə çətin, əziyyətli olsa da, şərəfli bir peşə sahibi - arxeoloq olmaq istəyini reallaşdırmaq üçün Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya sektoruna (o zamankı) üz tutdu. 1980-ci ildə Tarix İnstitunun Elmi şurasının qərarı ilə arxeologiya ixtisası üzrə dissertanturaya qəbul edildi və onun adına “Naxçıvan ərazisində Kür-Araz mədəniyyəti abidələri” adlı dissertasiya mövzusu təsdiq edildi.  

Kür - Araz mədəniyyətinin araşdırılmasındakı ən böyük problemlərdən biri onun ilkin yayılma arealı, özündən əvvəlki arxeoloji dövrlə bağlılığı məsələlərinin araşdırılmasıdır. Bu dövrün tədqiqatları ilə məşğul olan bir çox sovet arxeoloqu Azərbaycanı və xüsusən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanı bu mədəniyyətin əsas ocaqlarından biri kimi görmək istəmirdilər. Elə bu səbəbdən qısa müddətdə dissertasiya işini tamamlayan gənc tədqiqatçı bundan sonra bədnam qonşularımızın təzyiqlərinə məruz qalmağa başladı. Bakıda ixtisaslaşdırılmış Müdafiə Şurasının olmaması səbəbindən dissertasiyasını Azərbaycandan kənarda müdafiə etmək məcburiyyətində qalan Abbas Seyidov əvvəlcə Tbilisiyə, sonra İrəvana, sonra isə Səmərqənd və Leninqrad (indiki Sankt Peterburq) şəhərlərinə üz tutdu. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvləri İ.H.Əliyev, Q.M.Əhmədov, t.e.d, M.M.Hüseynovla yanaşı, tanınmış arxeoloq, Gürcüstan Elmlər Akademiyasının müxbir üzvü, professor O.M.Çaparidzenin, Türkmənistan EA-nın müxbir üzvü V.M.Massonun, Özbəkistan EA Arxeologiya İnstitutunun direktoru R.H.Süleymenovun müsbət rəylərinə baxmayaraq, dırnaqarası erməni şovinist arxeoloqları E.Xanzadyan, M.Esayan, K.X.Kuşnareva, N.Osipova və başqaları məhz bu mövzuda dissertasiya işinin müdafiəsinə mane oldular.

Xatırladım ki, bu o zaman idi ki, Ulu Öndər Heydər Əliyev SSRİ rəhbərliyindən istefa vermiş və uzun illər məhz bunu gözləyən ermənilər süni şəkildə Dağlıq Qarabağ” problemini qaldırmışdılar. Belə bir şəraitdə xalqımızın tarixi kimliyinin müəyyənləşdirilməsində mühüm rol oynayan arxeoloji tədqiqatlar istiqamətində aparılan araşdırmaların nəticələrini təsdiq edən dissertasiyaların müdafiəsi üçün Bakıda İxtisaslaşdırılmış Şuralar yaradılmağa başlandı. Yeni yaradılmış Şurada ilk müzakirə olunan işlərdən biri məhz A.Q.Seyidovun “Naxçıvan ərazisində Kür-Araz mədəniyyəti abidələri” adlı dissertasiya işi oldu.

Ehtiyac olmasa da belə, Abbas Seyidovun dissertasiya işinin Azərbaycandan kənara rəyə göndərilməsində israr edənlər oldu. Nəhayət Moskvaya, SSRİ Arxeologiya İnstitutuna göndərilmiş dissertasiya işi müsbət rəy aldı və 1991-ci ilin iyulun 12-də tarix elmləri doktoru Valentina Kozenkova və tarix elmləri namizədi Firuzə Muradovanın opponentliyi ilə dissertasiya işi müdafiə olundu. Tezliklə Moskvadan - SSRİ Ali Attestasiya Komissiyasından dissertasiya işinin təsdiqi ilə bağlı xoş xəbər gəldi. Bu Abbas Seyidovun elmi araşdırmalar istiqamətində ilk uğuru idi və təbii ki, onun dayanmaq fikri yox idi.

Mənim Abbas Seyidovu yaxından tanımağımdan 40 ildən artıq vaxt ötür. Yaxşı yadımdadır. 1981-ci ilin dekabr ayının 25-27-si tarixlərində, qışın oğlan çağı, qaynar-oynar dəmi, allı-şallı bir əyyamda Naxçıvana xoş məramla güzar eləmişdik. Muxtar Respublikada qeyri-adi bir canlanma var idi. Hamı şadlıq libasında, sevinc içində yeni ili qarşılamağa hazırlaşırdı. Məni qarşılayanlar arasında xoş rəftarlı, gülərüzlü bir gənc də var idi. Bu Abbas Seyidov idi. Beləcə ilk tanışlıqlar başladı. Onun Naxçıvanın tarix-mədəniyyət abidələri haqqında danışdıqları, abidələrə, peşəsinə vurğunluğu məni valeh etdi. Sonralar bu münasibətlər daha da istiləşdi. 

A.Seyidov 2003-cü ildə mənim sədrliyim ilə İxtisaslaşdırılmış Müdafiə Şurasında “Naxçıvanın tunc dövrü mədəniyyəti” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, tarix elmləri doktoru elmi dərəcəsi aldı. Artıq müstəqilliyimizi bərpa etdikdən, xüsusən dahi şəxsiyyət Heydər Əliyev Azərbaycana yenidən rəhbərliyə başladıqdan və elmi mühitdə baş vermiş müsbət dəyişikliklərdən sonra Abbas Seyidov doktorluq dissertasiyasında Tunc dövrünün daha geniş problemlərinin elmi müzakirəyə çıxarılmasına nail oldu.

A.Seyidov 1996-cı ildə “dosent”, 2012-ci ildə “professor” elmi adlarını alıb. 2018-ci ildən Avstriyanın İnnsbruck şəhərində yerləşən Beynəlxalq Elmlər Akademiyası Azərbaycan Bölməsinin akademiki, 2019-cu ildən isə Avropa Arxeoloqlar Assosiasiyasının (Praqa, Çexiya), 2006-cı ildən AMEA-nın Naxçıvan Bölməsinin nəzdində fəaliyyət göstərən ED 1.13 saylı Dissertasiya Şurasının üzvüdür.

Müstəqillik illərində arxeologiya elminin formalaşmasında, bacarıqlı kadrların hazırlanmasında da onun xidmətləri vardır. Abbas müəllim 2013-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix üzrə Ekspert Şurasının üzvü olub. Onun rəhbərliyi ilə 10-a yaxın arxeoloq fəlsəfə doktoru, elmlər doktoru alimlik dərəcəsi alıb və ya dissertasiya işi üzərində işləyir.

Abbas Seyidov tarix elminin müxtəlif istiqamətlərinə həsr olunmuş 400-ə yaxın elmi məqalə, 35 kitab və monoqrafiya, 2 metodik göstəriş, 2 dərs vəsaitinin müəllifidir ki, bunlardan da 70 məqalə və 2 kitab ölkəmizdən xaricdə nəşr olunub. O, bir alim kimi Türkiyə, Almaniya, ABŞ, Yaponiya, Kanada, Bolqarıstan, Şimalı Makedoniya, Avstriya, İtaliya, Gürcüstan, Fransa, Rusiya, Polşa, Ukrayna, Bosniya-Hersoqovina, İran, Gürcüstan, Monqolustan, Moldava, Qazaxıstan, Özbəkistan və s. ölkələrdə keçirilən müxtəlif beynəlxalq konfrans və simpoziumlarda respublikamızı təmsil edib.

Abbas müəllim 2014-2017-ci illərdə AAK-ın reyestrinə daxil edilmiş “Tarix, İnsan və Cəmiyyət” jurnalının baş redaktoru olub. Hazırda baş redaktorun müavinidir. Müxtəlif illərdə Şərur, Culfa, Babək, Sədərək, Şahbuz, Göygöl, Tərtər rayonlarında arxeoloji qazıntılara rəhbərlik edib.

A.Seyidov elmi tədqiqatla yanaşı, Azərbaycanın təhsil sistemi ilə də sıx bağlı olub. Belə ki, 1978-1982-ci illərdə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Hacıvar kənd məktəbində tarix müəllimi, 1982-1996-ci illərdə Naxçıvan Dövlət Universitetinin “Azərbaycan tarixi” kafedrasında baş laborant, sonra müəllim, baş müəllim, dosent (1993), 1996-1998-ci illərdə Azərbaycan Ali Tətbiqi Elmlər Kollecində, 1998-2000-ci illərdə Bakı Kompüter Liseyində müəllim, 2000-ci ilin sentyabr ayından Azərbaycan Dövlət İqtisad Universitetinin “Azərbaycan tarixi” (indi “Humanitar fənlər”) kafedrasında dosent, professor (2006 - universitet daxili) vəzifələrində çalışıb.

Tədqiqatçı-alim səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 2011-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” adına layiq görülüb. 2018-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri-Fərmanı” ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

A.Seyidov bədii yaradıcılıqla da məşğuldur və onun milli mənəvi dəyərlərimizin təbliğində xüsusi fəaliyyət istiqaməti vardır. O, 2015-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1998-ci ildə “Qızıl Qələm” jurnalist mükafatına layiq görülüb.

Abbas Seyidov 2021-ci ilin noyabr ayından uzun illər elmi fəaliyyətlə məşğul olduğu AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsində çalışır. Bu elm sahələrindəki mövcud problemlərlə yaxından tanış olan Abbas müəllim istər institutun strukturunda, istərsə də elmi tədqiqat istiqamətlərinin müəyyən edilməsi və həyata keçirilməsində mühüm qərarlar qəbul edib. Bu ötən 5 ay müddətində institutumuzda bir canlanma baş verib. Belə ki, şəffaflıq təmin edilib, bir sıra neqativ hallar aradan qaldırılıb. İnstitutun strukturunda qismən dəyişiklər edilərək, şöbələr ixtisaslara uyğun kompleksləşdirilib. Bugünkü reallıqlar nəzərə alınaraq, yeni şöbələr yaradılıb (Məsələn: Türk xalqlarının etnoqrafiyası şöbəsi). Tanınmış arxeoloqların, ziyalıların, elm adamlarının yubileyləri ilə bağlı konfranslar, görüşlər keçirilir. İnstitutda miras kimi qalan çəkişmələr aradan qaldırılıb. Müxtəlif təşkilatlarla gələcək arxeoloji və etnoqrafik tədqiqatların aparılması üçün müqavilələr bağlanılır və ya köhnələri yenilənir. İnstitutun büdcəsinə əlavə vəsaitlərin daxil olması üçün mühüm işlər görülür. Qısa müddət ərzində İnstitutda “Nizami Gəncəvi dövrü maddi-mədəniyyətinin işığında”, “İdeal Həmid oğlu Nərimanov – 95”, “Şuşa – 270: arxeologiyası, tarixi, etnoqrafiyası və antropologiyası” adlı respublika elmi konfransları, “Türk xalqlarının mərasim sistemində Novruzun yeri” mövzusunda beynəlxalq elmi konfransı təşkil edilib. Bu ilin aprel ayında görkəmli arxeoloq Məmmədəli Hüseynovun 100 illiyi ilə əlaqədar daha bir beynəlxalq elmi konfransa institutumuzun rəhbərlik etməsi planlaşdırılır.

Yazının əvvəlində qeyd etdiyimiz kimi, bu günlərdə arxeoloq alim, publisist, sənətkar, bacırıqlı təşkilatçı və gözəl ailə başçısı Abbas Seyidovun 65 yaşı tamam olur. Bu münasibətlə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun kollektivi adından Abbas müəllimi təbrik edir, ona çətin və şərəfli elm sahəsində uğurlar arzulayırıq.

Teymur BÜNYADOV, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, akademik

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: