Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Oqtay Səmədovun 70 yaşı tamam olur
05.04.2022 10:15
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Oqtay Səmədovun 70 yaşı tamam olur

Bu gün radiasiya materialşünaslığı sahəsində tanınmış alim, Ra­dias­i­ya Problemləri İnstitutunun Nizamsız bərk cisimlərin radiasiya fizikası laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Oqtay Səmədovun 70 yaşı tamam olur.

Oqtay Əbil oğlu Səmədov 5 aprel 1952-ci ildə Neftçala rаyоnundа аnаdаn оlmuşdur. O, 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirmiş, 1988-ci ildə fizika üzrə fəlsəfə doktoru, 2006-cı ildə elmlər doktoru elmi dərəcəsi almışdır. Alim 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

Oqtay Səmədov əmək fəaliyyətinə 1975-1979-cu illərdə Neftçala rayonu Xolqarabucaq kənd orta məktəbində fizika müəllimi kimi başlamış, 1979-cu ildən Azərbaycan SSR EA-nın Radias­i­ya Problemləri İnstitutunda fəaliyyətini davam etdirmişdir. 2012-ci ildən həmin institutun Nizamsız bərk cisimlərin radiasiya fizikası laboratoriyasının rəhbəridir. Alim 2015-ci ildən 2021-ci ilədək Ra­dias­i­ya Problemləri İnstitutunun direktoru vəzifəsində çalışmışdır.

Onun tərəfindən spontan-poyarizasiyalı kristallarda (γ-şüalar,temperatur, elektrik sahəsinin təsiri altında) ardıcıl faza keçidləri üçün qanunauyğunluqlar verilmiş, piroelektrik qurğu (İQ şüalanma detektoru) təklif edilmişdir. Bu qurğu sabit elektrik sahəsində faza keçidini avtomatik idarə etməklə maksimal piroəmsalla işləyir.

O.Səmədov Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsində işlədiyi illərdə İzotop mənşəli şüa mənbələri elmi-təcrübi şöbəsində MRH-Gamma-25 qurğusunda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin “Texniki Əməkdaşlıq” Proqramı çərçivəsində Macarıstanın “İsotopes Co.Ltd.” İnstitutu tərəfindən mənbəyin yüklənməsi həyata keçirilmişdir. ABŞ Energetika Nazirliyinin Nüvə və Radiasiya Təhlükəsizliyi Departamentinin dəstəyi ilə İzotop mənşəli şüa mənbələri elmi-təcrübi şöbəsinin fiziki mühafizə sisteminin gücləndirilməsi yenilənmişdir.

Bundan əlavə, AMEA-nın müxbir üzvü Oqtay Səmədovun rəhbərliyi ilə Radiasiya Problemləri İnstitutunda xüsusi tədqiqat qrupu yaradılmış və bu qrup yaş təyininin üç müxtəlif metodunu: Radiokarbon, Radiotermolüminessensiya və Elektron Paramaqnit Rezonans (EPR) metodlarını mənimsəmiş və əhəmiyyətli nailiyyətlər əldə etmişdir. Tədqiqatlar üçün lazım olan bütün cihaz və avadanlıqlar əldə olunmuş, sazlanmış və uyğun metodikalar mənimsənilmişdir.

Oqtay Səmədov 250-dən çox еlmi əsərin müəllifidir. Alimin elmi əsərlərinin 152-i хаrici ölkələrdə nüfuzlu beynəlxalq nəşrlərdə dərc оlunmuşdur. Оnun rəhbərliyi ilə 2 elmlər, 4 fəlsəfə doktoru hazırlanmışdır.

O, 2000-ci ildən başlayaraq 2 ildən bir keçirilən “Nuclear science and it is appli­cation” Avrasiya konfransının, həmçinin 2007-ci ildən keçirilən “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsinin pers­pektivləri” beynəlxalq konfransının təşkilat komitəsinin üzvüdür.

Oqtay Səmədov 2005-ci ildən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Azər­bay­can­da ilk layihəsi olan Beynəlxalq Nüvə İnformasiya Mərkəzinin (İNİS) 2015-ci ildən rəh­bə­ri­ olmuş, beynəlxalq və respublika səviyyəli qrant layihələrinə rəhbərlik etmişdir.

2015-ci ildən Radiasiya Problemləri İnstitutunun nəşr etdiyi “Journal of Ra­diation Researches” jurnalının 2020-ci ilədək redaktoru, “AMEA-nın xəbərləri” (fizika-ri­ya­ziyyat və texnika elmləri seriyası) jurnalının redaksiya heyətinin üzvü olmuşdur.

2015-ci ildən “Radiasiya materialşünaslığı” və “Radioekalogiya” ixtisasları üzrə institutun Müdafiə Şurasının sədridir.

Oqtay Səmədov “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı və AMEA-nın Fəxri fərmanı ilə təltif edilmişdir.

Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan alimi 70 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı, elmimizin inkişafı yolunda nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: