Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

İlham Əliyevin yaratdığı gerçəkliklər
11.04.2022 12:26
  • A-
  • A
  • A+

İlham Əliyevin yaratdığı gerçəkliklər

XXI əsr dünyaya yeni mesajları və reallıqları ilə daxil olmuşdur. SSRİ dövründə iki sistemin - sosializm və kapitalizmin sərt qarşıdurması sovetlər birliyinin dağılması ilə aradan qalxmışdısa, əvəzində dünyada yeni müharibə ocaqlarının, fərqli blokların, gözlənilməz siyasi gərginliklərin meydana çıxması ilə nəticələnmişdi. Belə çətin və mürəkkəb şəraitdə beynəlxalq münasibətlərdə və regionda gənc müstəqil dövlətimizin mövqeyini qoruyub saxlamaq, onu daha da möhkəmləndirmək, ölkəmizin hərtərəfli inkişafını təmin etmək böyük siyasi təcrübə, aydın və qəti mövqe, böyük islahatçılıq əzmi tələb edirdi.

Azərbaycan xalqının böyük şansıdır ki, XXI əsrin həmin çətin və mürəkkəb dövrlərində müstəqil dövlətimizə Ümummilli Lider Heydər Əliyev kimi görkəmli dövlət xadimi rəhbərlik edərək müstəqilliyin möhkəm təməllərini atmış, xalqımızı böyük bəlalardan, ölkəmizi parçalanmaqdan xilas edərək gələcəyin siyasi-ideoloji, hərbi-iqtisadi yollarını açmışdır.

Xalqımız üçün daha böyük xoşbəxtlik isə ondan ibarətdir ki, Ulu Öndər Heydər Əliyev kimi qüdrətli dühadan sonra müstəqil Azərbaycan dövlətinə Prezident İlham Əliyevin simasında yeni tarixi epoxanın meydana çıxardığı bütün istiqamətlərdə hərtərəfli yüksək professionallığa malik yeni tipli bir lider rəhbərlik edir. Xalqımız XXI əsrin əvvəllərində məkrli qüvvələrin ortaya atdığı süni demokratiya oyunlarına uymayaraq, mövcud siyasi reallığı düzgün dəyərləndirərək hakimiyyətdə davamlı proseslərin ardıcıl olaraq inkişaf etdirilməsinə üstünlük vermişdir. Cavan və perspektivli lider İlham Əliyevin seçkilərdə qazandığı inamlı qələbə Azərbaycan xalqının  yeni tarixi epoxadakı rifahının və inkişafının gerçəkliyinə, real təminatına çevrilmişdir.

Sonrakı proseslər yeni tipli lider İlham Əliyevin siyasi hakimiyyətə gəlməsinin və müstəqil Azərbaycan dövlətinə rəhbərlik etməsinin ən düzgün yol olduğunu dönə-dönə isbat etmişdir. Hazırda Azərbaycan Respublikası Prezident İlham Əliyevin məqsədyönlü rəhbərliyi ilə keçid dövrünün, qlobal iqtisadi böhran mərhələlərinin, ikili standartların doğurduğu mürəkkəb və məsuliyyətli proseslərin çətinliklərindən şərəflə çıxaraq qətiyyətlə irəli getməyə davam edir. Ötən 18 il ərzində ölkəmiz həm beynəlxalq münasibətlərdə, həm də regional və ölkədaxili inkişafın bütün istiqamətlərində möhtəşəm nailiyyətlərə imza atmışdır. Məhz Prezident İlham Əliyevin düşünülmüş rəhbərliyi, çevik və uzaqgörən siyasəti, həyata keçirdiyi çoxaspektli düşünülmüş islahatlar XXI əsrdə müstəqil Azərbaycan dövlətini dünyanın inkişaf etmiş dövlətlərinin sıralarına çıxarmışdır. Hərtərəfli inkişafın real göstəriciləri və böyük nailiyyətləri müstəqil Azərbaycan dövlətinin inkişaf etməkdə olan dövlətlərin miqyasına gəlib çatmasına imkan yaratmışdır. Bu möhtəşəm zirvə müstəqil Azərbaycan dövlətinin yüksək inkişafının İlham Əliyev gerçəkliyidir.

Müstəqil Azərbaycan Respublikasının hər ili ölkəmizin tarixinə yeni parlaq səhifələr əlavə edən İlham Əliyev gerçəkliklərinin şərəfli salnaməsindən ibarətdir. Prezident İlham Əliyevin uzaqgörən müdrik siyasəti, böyük qətiyyəti, qurub-yaratmaq bacarığı, uzaqgörənliyi sayəsində cəmiyyət həyatının bütün sahələrində qazanılmış mühüm nailiyyətlər müstəqil Azərbaycanın inkişaf gerçəklikləri salnaməsinin çoxcildlik külliyatıdır. Bu, Azərbaycanın müstəqillik tarixinin İlham Əliyev erasının reallıqlarıdır.

İlham Əliyev erası Azərbaycan Respublikasının dövlət müstəqilliyinin xüsusi bir mərhələsindən ibarət olub, özünəqədərki çətin, mürəkkəb və şərəfli inkişaf dövrünün tamamlayan, xalqımızı və ölkəmizi yeni intibah səviyyəsinə çatdırmağa xidmət edir.

İlham Əliyev erası - siyasi varislikdən siyasi liderliyə qədər keçilən məsuliyyətli yolun qanunauyğun məntiqi yekunudur.

İlham Əliyev erası - Qarabağ Zəfəri erasıdır.

İlham Əliyev erası - müstəqillik qazanmış yeni Azərbaycandan inkişaf etmiş modern Azərbaycana gəlib çatmış şərəfli yoldur.

Müstəqil Azərbaycan Respublikası hazırda Prezident İlham Əliyev erasının reallıqlarını və sabaha olan böyük ümidlərini yaşamaqda davam edir.

Hər ili ölkəmizin tarixinə və xalqımızın taleyinə böyük hərflərlə həkk olunan İlham Əliyev erasının inkişafında 2018-ci ildən başlanan 4 ilin böyük nailiyyətləri və prosesləri xüsusi əhəmiyyətə malikdir. Prezidentliyi dövrünün əvvəlki inkişaf proseslərinin və uğurlarının qanunauyğun məntiqi davamı olan bu yeni tarixi mərhələ ölkəmizə böyük inkişafın möhtəşəm salnaməsini bəxş etmiş və daha parlaq gerçəkliklərini gətirmişdir.

Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin davamı olan, Avropa ölkələrinə uzanıb getmiş TANAP-TAP layihələri qədim neft ölkəsi olan Azərbaycanın yeni neft erasının İlham Əliyev gerçəkliyinin real səhifələridir. Müstəqil Azərbaycan dövlətinin iqtisadi qüdrətinin təmin edilməsində və beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində neft-qaz gerçəkliklərinin xüsusi rolu və əhəmiyyəti Prezident İlham Əliyev erasında yaranmış yeni mərhələnin böyük masştabını təsəvvür etməyə imkan yaradır.

Qoşulmama Hərəkatını Birləşmiş Millətlər Təşkilatı səviyyəsində dünyanın böyük həmrəylik hərəkatı miqyasına yüksəltmək Prezident İlham Əliyevin dünya liderlərindən biri olması reallığının de-fakto gerçəkliyidir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu liderlərindən biri kimi qəbul olunur. Dünyada və ölkəmizdə baş vermiş hər növbəti ictimai-siyasi, iqtisadi-mədəni hadisə zamanı hər dəfə yenidən nümayiş etdirdiyi ağıllı siyasət, diplomatik məharət, praqmatik baxış İlham Əliyevin lider kimi nüfuzunu daha da artırır və möhkəmləndirir.

Qlobal pandemiya dövründə rəhbərlik etdiyi müstəqil Azərbaycan dövlətinin rəhbəri kimi xalqımızı böyük təhlükələrdən xilas edən Prezident İlham Əliyevin həm də beynəlxalq miqyasda dünyanı bu böyük bəladan xilas etmək üçün zəruri olan böyük siyasəti uğurla həyata keçirməsi, beynəlxalq miqyasda mühüm əməli addımlar atması Ümumdünya Səhiyyə Təşkilatının etiraf etdiyi gerçəklikdir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının pandemiyadan xilas olmaq yollarını müəyyənləşdirmək, həmin sahədə beynəlxalq əməkdaşlıq və həmrəyliyə nail olmaq məsələlərini müzakirə etmək üçün xüsusi sessiyanın çağırılmasına təşəbbüs göstərmək və bu missiyanı gerçəkləşdirmək müstəqil dövlətimizin tarixində qeyri-adi dərəcədə əhəmiyyətə malik olan tarixi hadisədir. İndi isə Azərbaycan Respublikasının pandemiya ilə mübarizədə dünya ölkələri arasında təkrəqəmli göstəricilərə malik nadir dövlətlərdən biri olması dünyanın gözü qarşısında baş verən reallıqlardandır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandan kimi qazandığı zəfər ölkəmizin çoxəsrlik tarixinin ən möhtəşəm hadisəsidir. Qalib Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə qəhrəman  Azərbaycan Ordusu tərəfindən 44 gün ərzində aparılmış Qarabağ müharibəsi dünya hərb tarixinin fərqli hadisəsidir. Bu, XXI əsrdə Vətən torpaqlarının işğalçılardan azad olunması uğrunda aparılan ədalətli müharibə nümunəsidir. Qarabağ müharibəsində ən yeni hərbi texnologiyaların bacarıqla tətbiq edilməsi ilə vətənpərvərlik ruhunun üzvi surətdə birləşdirilməsi hərb tarixinin yeni mərhələsinin canlı təzahürüdür. Qarabağda qazanılmış böyük tarixi zəfər Prezident İlham Əliyevin simasında qalib Ali Baş Komandan olmağın isbatıdır. Vətən müharibəsində qeyri-adi qəhrəmanlıqlar göstərmiş Azərbaycan əsgərlərinin nümayiş etdirdikləri vətənpərvərlik, igidlik və şücaət İlham Əliyev epoxasının gerçəkliyidir. Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliyinin ifadəsi kimi meydana çıxmış “bir millət, iki dövlət” aforizminin tədricən inkişaf edərək, Azərbaycan-Türkiyə dövlətlərarası münasibətlərinin strategiyasına çevrilməsi də Qarabağ savaşı - Vətən müharibəsində gerçək olaraq bir daha möhkəmləndirilmiş qardaşlıq və həmrəylik doktirinasıdır.

Böyük Qayıdış Hərəkatı Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin elan etdiyi və həyata keçirdiyi Möhtəşəm Quruculuq Hərəkatıdır. Prezident İlham Əliyevin Böyük Qayıdış Hərəkatı Azərbaycan daxilində yeni bir Azərbaycan qurmaq qədər məsuliyyətli və şərəfli bir gerçəklikdir. Artıq bu istiqamətdə qısa müddətdə həyata keçirilmiş böyük layihələr Böyük Qayıdış Hərəkatının nəhəng addımlarla irəlilədiyini göstərməkdədir. Böyük sürətlə qurulmaqda davam edən qədim Şuşa şəhərinin həmişəcavan dünya şəhərlərindən birinə çevrilməsi istiqamətində yerinə yetirlmiş böyük tarixi əhəmiyyətə malik layihələr nəinki bu qədim qala - şəhərin yenidən bərpa olunacağına, hətta daha gözəl bir şəhərə çevriləcəyinə düşünməyimizə əsas verir. Görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın, dahi bəstəkar Üzeyir hacıbəylinin və məhşur xanəndə Bülbülün güllələnmiş heykəllərinin yenidən Şuşa şəhərində ucaldılması yeni zamanın İlham Əliyev gerçəkliyinin ibrətamiz mədəniyyət hadisələridir. Şuşada - Cıdır düzündə təşkil edilmiş ilk “Xarı bülbül” musiqi festivalı Böyük qayıdışın möhtəşəm bayram təntənəsidir. Molla Pənah Vaqifin ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış məqbərəsinin yüksək memarlıq əsəri səviyyəsində yenidən bərpa edilməsi və Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan ziyalılarının iştirakı ilə 2021-ci ilin 28-29 avqust tarixlərində rəsmi açılış mərasiminin keçirilməsi, burada “Vaqif Poeziya Günləri”nin təşkili Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş Şuşanın müasir dövrdəki növbəti gerçəkliyidir. Artıq Şuşa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan olunması da xəyal deyil, gerçəklikdir. Beynəlxalq TÜRKSOY təşkilatı 31 mart 2022-ci il tarixdə Türkiyənin Bursa şəhərində keçirilmiş illik yığıncağında Şuşanı 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan etmişdir. Bundan başqa, Şuşa şəhərinə avtobus marşrutlarının açılması, çoxsaylı Azərbaycan vətəndaşlarının 30 illik işğaldan sonra Şuşa şəhərini ziyarət etmək imkanlarının gerçəkləşməsi ölkəmizdə əfsanələrin reallığa çevrilməsinin nümunəsidir.

Əfsanələri reallığa çevirən İlham Əliyev həm də yeni möcüzələr yaradır. Şuşa şəhərinə dünya ölkələrindən rəsmi şəxslərin, görkəmli insanların və səyyahların gəlişi, bu qədim Azərbaycan şəhərinə arzu edən hər bir Azərbaycan vətəndaşının gedib-gəlmək imkanının olması bugünün həm möcüzəsi, həm də gerçəkliyidir. Qarabağ bölgəsində və Şərqi Zəngəzur ərazisində salınan “ağıllı kənd” və “ağıllı şəhər” layihələri dünyaya nümunə ola biləcək ağıllı Prezident örnəyi tərəfindən həyata keçirilə biləcək fantastik gerçəkliklərdir. Artıq istifadəyə verilmiş və ən yüksək dünya standartlarına cavab verən Füzuli aeroportu, Laçında, Kəlbəcərdə, Zəngilanda təməlləri atılan və inşası sürətlə davam etdirilən aeroportlar silsiləsi Qarabağın yeni dövrünün İlham Əliyev reallıqlarıdır. Şuşa şəhərinə çəkilmiş böyük Zəfər yolu İlham Əliyev yoludur. Erməni vəhşiləri tərəfindən dağıdılmış, Azərbycanın Xirosiması kimi tanınan Ağdam şəhərinin sürətlə bərpa edilməsi və yenidən qurulması Böyük Qayıdış Hərəkatının möhtəşəm quruculuq ritmlərini özündə əks etdirir. Qarabağda tikilməkdə davam edən məktəblər, xəstəxanalar, hotellər, yaşayış evləri, sənaye müəssisələri, alternativ yaşıl enerji stansiyaları İlham Əliyev gerçəkliklərinin geniş mənzərəsini təsəvvür etməyə imkan verir. 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi “Şuşa ili”nin məhz ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində böyük təntənə ilə qeyd olunması da 2020-ci ilin Qələbə paradından sonra Qarabağın yeni tarixində ən möhtəşəm tarixi hadisə olacaqdır.

Zəngəzur dəhlizi istiqamətində məqsədyönlü şəkildə həyata keçirilən davamlı və uğurlu siyasət Prezident İlham Əliyevin uğrunda ardıcıl olaraq mübarizə apardığı daha böyük bir gerçəkliyin reallaşdırılmasına xidmət edir. XX əsrin əvvəllərində ermənilərin bolşeviklərin dəstəyi ilə ələ keçirdikləri qədim Azərbaycan torpağı olan Zəngəzurun beynəlxalq nəqliyyat dəhlizinə çevrilməsi istiqamətində aparılan böyük siyasət və bu istiqamətdə yerinə yetirilməkdə olan layihələr İlham Əliyev gerçəkliyinin daha bir mühüm istiqamətidir. Əvvəla, Zəngəzur dəhlizi üzrə aparılan danışıqlar, imzalanmış sənədlər, əldə edilmiş razılaşmalar bu beynəlxalq nəqliyyat qovşağının reallığa çevriləcəyinə tam əsas verir. İkincisi, Zəngəzur nəqliyyat qovşağının salınmasına Rusiya və Çin kimi dövlətlərin maraq göstərməsi və dəstək verməsi, Türkiyə və İranın bu nəqliyyat dəhlizinin açılmasına qapılarını açmaları Zəngəzur dəhlizinin ən yaxın dövrün gerçəkliyinə çevriləcəyini təsəvvür etmək üçün şərait yaradır. Bu yaxınlarda İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında imzalanmış sənədlər, əldə olunmuş razılaşmalar artıq 45 kilometrlik məsafəsi dost və qonşu ölkədən keçməklə Zəngəzur nəqliyyat qovşağının reallığa qovuşacağı günün çox da uzaqda olmadığını göstərir. Naxçıvan Muxtar Respublikasında və Cəbrayıl-Qubadlı-Zəngilan istiqamətində dəmir və şose yollarının çəkilməsi istiqamətində başlanmış böyük işlər Zəngəzur dəhlizi ilə əlaqədar tədbirlərin sürətlə davam etdirilməkdə olduğunu göstərir. İnanırıq ki, insanların Bakıdan-Naxçıvana, oradan da İrəvandan keçməklə qardaş Türkiyəyə gedəcəkləri günlər yaxın dövrün reallıqlarından biri olacaqdır.

Mədəniyyət sahəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilməkdə davam edən məqsədyönlü siyasət Azərbaycan xalqının ümumi mədəni inkişafının ardıcıl olaraq təmin edilməsinə böyük təkan verir. 2019-cu ildə keçirilmiş “Nəsimi ili” Azərbaycan tarixinə böyük mədəniyyət və ədəbiyyat ili kimi daxil olmuşdur. Bu, çoxəsrlik Azərbaycan tarixində keçirilmiş  birinci “Şair İli” kimi də tarixə yazılmışdır. Azərbaycan dövləti “Nəsimi ili”ndə həyata keçirdiyi beynəlxalq festivallar, elmi konfranslar, səfərlər, ədəbi görüşlər, sərgilər, konsertlər vasitəsilə XV əsrdə edama çəkilmiş böyük şair və mütəfəkkirin şərəfinə XXI əsrdə sönməz əbədiyyət məşəli şölələndirmişdir. Məhz “Nəsimi ili”ndən sonra dünyada böyük Azərbaycan şairi İmadəddin Nəsiminin adı və idealları haqqın, ədalətin təntənəsi kimi səsləndirilmişdir. “Nəsimi ili” ölkəmizdə XXI əsrin mərd, əqidəli, mütəfəkkir davamçılarının yetişdirilməsinə böyük töhfələr vermişdir.

Böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin “Nizami Gəncəvi ili” səviyyəsində beynəlxalq miqyasda və ölkə masştabında geniş qeyd olunması Prezident İlham Əliyevin böyük mədəniyyət və ədəbiyyat siyasətinin möhtəşəm gerçəkliyidir. “Nizami Gəncəvi ili” - dünyaya Nizami Gəncəvi kimi qüdrətli sənətkarı Azərbaycan şairi və mütəfəkkiri kimi təqdim etmək ili olmuşdur. “Nizami Gəncəvi ili” - Nizamini doğma vətənində yeni nəsillərə Azərbaycan şairi olaraq daha dərindən mənimsətmək ilinə çevrilmişdir. “Nizami Gəncəvi ili”ndə Azərbaycan Milli Elmlər Akademiyasının ayrı-ayrı elmi-tədqiqat institutlarında nəşr edilmiş 45 monoqrafiya, dünya dillərində çap olunmuş çoxsaylı kitablar və məqalələr Azərbaycan Nizamişünaslıq elmini yeni inkişaf səviyyəsinə qaldırmışdır. Bununla Azərbaycan dünya Nizamişünaslıq elminin əsas elmi mərkəzi olmaq statusu qazanmışdır. Beləliklə, “Nizami Gəncəvi ili”ndə Azərbaycan Respublikası ölkəmizi, qüdrətli sənətkarımızı, xalqımızın ədəbiyyatını və milli mədəniyyətimizi dünyaya çıxarmaq vəzifəsini şərəflə həyata keçirmişdir. Bu da İlham Əliyevin gerçəklikləri serialının parlaq və sönməz Nizami Gəncəvi səhifəsidir.

Göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyada müasir dövrün liderlik modelinin ən real gerçəkliyidir.

Dünya ictimaiyyəti və Azərbaycan xalqı ürəkdən inanır ki, Ermənistan-Azərbaycan münaqişəsinə son qoymuş, Qarabağ müharibəsində tarixi zəfər qazanmış Prezident İlham Əliyev Böyük Sülh Sazişini də qətiyyətlə gerçəkləşdirəcəkdir. Bu günlərdə keçirilmiş Brüssel görüşlərinin və danışıqlarının dəmir məntiqi sülh sazişinin artıq gündəmdə olduğunu nəzərə çarpdırır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin simasında xalqımızın özünün qüdrətli lideri ilə ürəkdən fəxr etməsi və dərk olunmuş şəkildə iftixar hissi yaşaması danılmaz gerçəklikdir.

Möhtərəm Prezidentimizin dünyada və ölkəmizdə sülh, əminamanlıq və inkişaf naminə həyata keçirəcəyi daha böyük gerçəkliklər hələ qabaqdadır.

İsa HƏBİBBƏYLİ, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik

“Azərbaycan” qəzeti

  • Paylaş: