Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

19.04.2022 11:42
  • A-
  • A
  • A+

“Azərbaycan xalqının milli sərvəti” olan AMEA qorunmalı və inkişaf etdirilməlidir

“Azərbaycan xalqının milli sərvəti” olan AMEA qorunmalı və inkişaf etdirilməlidir

Azərbaycan Milli Elmlər Akademiyası 1945-ci ildən başlanan qürurverici tarixə malikdir. Azərbaycan elmi dünyaya çox sayda dünya şöhrətli alimlər, elmi məktəblər bəxş edib. Yüzlərlə ixtiralar və kəşflər olunub, çox sayda texnologiyalar yaradılıb və istehsalata tətbiq olunub.

Humanitar və İctimai Elmlər bölmələrinin institutları tərəfindən aparılan ciddi və dərin araşdırmalar xalqımızın və dövlətimizin tarixini, dilini, mədəniyyətini daha dərindən və daha dəqiq öyrənməyə imkan verib. Çox sayda mükəmməl elmi məqalələr və monoqrafiyalar bədnam qonşularımızın xalqımıza və dövlətimizə qarşı uydurma və yalan fikirlərinə qarşı güclü bir vasitədir. Bu əsərlər dünyaya Azərbaycan həqiqətlərini çatdırmaqda mühüm rol oynayır.

Qeyd edək ki, istənilən bir quruma, onun fəaliyyətinə dəyər vermək üçün onun mahiyyətini bilmək, əldə etdiyi uğurların miqyasını müəyyənləşdirmək, müsbət nəticələri yaradan səbəbləri araşdırmaq, ümumiləşdirmələr aparmaq və inkişaf konsepsiyasını yaratmaq üçün vacib olan strategiyanı müəyyənləşdirmək lazımdır.

Bir mənalı olaraq AMEA-nın 77 illik tarixində çox böyük uğurları olub. Məsələ ondadır ki, bu uğurların çoxu cəmiyyətə lazımi səviyyədə çatdırılmayıb.

Son otuz ilin bəzi elmi nəticələrini verməklə fikirlərimizin doğru olduğunu göstərə bilərik.

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) akademik M.İ.Rüstəmovun ideyası və rəhbərliyi ilə yaradılmış (ÜİETNEİ və Qroznı ETİ ilə birlikdə) katalitik krekinq prosesi Rusiyada 5 zavodda və Azərbaycanda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda həyata keçirilib. Bu prosesin həyata keçirildiyi Q-43/107 qurğusu 1993-cü ildə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda işə salınıb və onun açılışında ulu öndər Heydər Əliyev iştirak edib.

Hazırda bu qurğuda ildə 980000 ton benzin komponenti və onun da əsasında bir milyon iki yüz min ton Aİ-92 əmtəə benzini istehsal olunur. Təkcə bu prosesin mənfəəti bütövlükdə AMEA-ya 10 illərlə qoyulan dövlət vəsaitindən çoxdur.  Eyni zamanda bu proses ölkənin benzin istehsalının xaricdən aslılığının azaldılmasında mühüm rol oynayır. Bizim ölkəmizdə bu haqda məlumat faktiki olaraq verilmədiyi halda Rusiyada 2001-ci ildə P.Q.Bannovan müəllifliyi ilə rus dilində çap olunmuş “Neft Emalı Prosesləri” kitabının II cildinin 62 və 63-cü səhifələrində xüsusi məlumat verilib və prosesin üstünlükləri göstərilib.

NKPİ-də yaradılmış Kaspi-X korroziya inhibitoru dünyada analoqu olmayan çoxfunksiyalı inhibitor olub əlavə neytrallaşdırıcı istifadəsi tələb etmir. 1993-cü ildən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur. 28 mart 2022-ci ilə qədər 26385,31 ton istehsal olunaraq istifadə edilmişdir. Hazırda bu reagentin istifadəsi davam edir.

İnstitutda yaradılmış “Kaspi” inhibitoru 2000-ci ildən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istifadə edilir. 28 mart 2022-ci ilə qədər 189,76 ton istehsal olunaraq tətbiq edilib.

İnstitutda yaradılmış “Kaspi X(M)” inhibitoru 2009-cu ildən Heydər Əliyev adına NEZ-də istifadə edilib. Bütövlükdə bu inhibitor 286,2 ton istehsal edilərək tətbiq olunub.

İnstitutda yaradılmış “Xəzər” deemulqatoru 1998-ci ildən Heydər Əliyev adına NEZ-də istifadə edilir. 1998-ci ildən 2022-ci ilin martın 28-nə qədər 3602,24 ton istehsal olunaraq istifadə edilib.

İnstitutda yaraılmış üç qida elementli (N, P, K) kompleks gübrə “Azofos K” 2017-2021-ci illərdə 199,14 ton istehsal olunaraq “Azqranat” MMC-nin üzüm və nar bağlarında istifadə olunub. Bir hektar üzüm bağına 214 kq fiziki çəkidə “Azofos K” gübrəsi verildikdə hektardan 20 ton üzüm götürülmüş və üzümün şəkərliliyi 22% olmuşdur. İsrailin “Hayfa Chemical” şirkətinin gübrəsi 1 hektara 214 kq fiziki çəkidə verildikdə məhsuldarlıq hektarda 11 ton, şəkərlilik 18% olmuşdur. “Azofos K” gübrəsi “Azqranat” MMC-nin nar bağlarında hektara 110 kq fiziki çəkidə verildikdə hər hektardan 5 ton artıq nar yığılmışdır (ümumilikdə 290 hektar nar bağından əlavə olaraq 1450 ton nar yığılıb).

28 hektar üzüm bağına və 290 hektar nar bağına bütövlükdə 38 ton “Azofos K” istifadə edilməklə əlavə olaraq 252 ton üzüm və 1450 ton nar yığılmışdır. 38 ton gübrənin satış qiyməti 56100 manat olduğu halda bütövlükdə ümumi dəyəri 808000 min manat olan əlavə məhsul alınmışdır.

İnstitutda yaradılmış V-2 bituma adgeziya qatqısı 2015-ci ildən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolların əsaslı tikintisi və təmiri zamanı istifadə olunur. Bu qatqı istifadə olunmaqla tikilən yolların istismar müddəti uzanır, cari təmirlərin sayı azalır.

2015-ci ildən 28 mart 2022-ci ilə qədər 620,675 ton V-2 aşqarı istehsal olunaraq istifadə edilib.

1998-ci ildə institutda yaradılmış “Bakı” ərp həlledicisi həmin ildən Heydər Əliyev adına NEZ-də istifadə olunur.

İnstitutda Təcrübə-Sənaye Zavodu (TSZ) ilə birlikdə AMEA-nın tarixində ilk dəfə olaraq istehsal texnologiyası yaradılmış “Ağ Naftalan” yağı 2014-cü ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində dərman preparatı kimi qeydiyyatdan keçib və istehsalı təşkil olunub.

Hazırda tətbiq üçün hazır olan aşağıdakı məhsullar yaradılmışdır:

“Bioloji aktiv Ağ Naftalan yağı”, “Naftakosmet-L”, “Naftakosmet-P”, “Naftaterm-La”, “Naftaterm-Ç”, “Naftakandid-C” və “Gold Naftalan”.

İnstitutda son illərdə “Qarabağ-1”, “Qarabağ-2”, “Qarabağ-3” və “Qarabağ-4” bitkilərin boy stimullaşdırıcıları yaradılıb, müxtəlif bitkilərin inkişafına və məhsuldarlığına təsiri çöl təcrübələri ilə təsdiq olunub. Bu stimullaşdırıcıların geniş istifadəsi kənd təsərrüfatında yüksək məhsuldarlıq əldə etməyə imkan verəcək, işğaldan azad olunmuş torpaqlarda məhv olmuş meşələrin sürətli bərpasını təmin edəcəkdir.

Hazırda neft sənayesinin ciddi problemlərinin həlli üçün əhəmiyyətli olan yeni reagentlər yaradılıb ki, onlar sənaye sınaqları ərəfəsindədir.

NKPİ-də son on ildə 71 Azərbaycan patenti, 13 Avrasiya patenti alınıb, nüfuzlu elmi jurnallarda 761 məqalə nəşr olunub.

2011-2021-ci illərdə institutun əməkdaşlarının müəllifi olduqları 34 monoqrafiya, 6 dərslik, 28 dərs vəsaiti, 44 kitab çap olunub.

Qeyd etmək istərdim ki, AMEA-nın digər institutlarının da tədqiqatlarının çox sayda nəticələri ölkəmizdə geniş tətbiq olunur və sənayenin, kənd təsərrüfatının, səhiyyənin və digər sahələrin inkişafında mühüm rol oynayır.

AMEA-da hazırlanmış yüksəkixtisaslı kadrlar həm xaricdə, həm də ölkəmizdə uğurlu fəaliyyət göstərirlər.

AMEA elm tariximizin şərəfli olmasında çox mühüm rol oynayıb və bu rolu indi də davam etdirməkdədir.

Hər bir dövrün öz çağrışları və tələbləri var. Elm qarşısında duran tələblər və çağrışlar da bu qəbildəndir. Son illər dünyada baş vermiş və hazırda baş verən hadisələr bir daha göstərir ki, ölkənin xaricdən aslılığı maksimum dərəcədə azaldılmalıdır, xüsusən də hərbi sənayedə, energetikada, ərzaq təhlükəsizliyində, dərman vasitələri, tibbi texnika, neft-qaz çıxarma, neft emalı, kimya sənayelərində və s.

Son vaxtlar elmin idarəçiliyində islahatlar sahəsində müxtəlif təkliflər irəli sürülür.

Hesab edirəm ki, AMEA elm siyasətinin ölkəmizdə əsas əlaqələndiricisi olmaq missiyasını davam etdirməlidir.

AMEA-nın bir çox bölmələrinin institutları nəzdində xüsusi layihə-konstruktor bürolarının yaradılmasına ehtiyac var. Bu, tətbiq işlərinin sürətlə həyata keçirilməsinə imkan verə bilər.

AMEA-nın bölmələrinin institutları arasında əlaqələrin möhkəmləndirilməsinə, birgə proqramların həyata keçirilməsinə diqqəti artırmaq lazımdır.

Elmi tutumlu işlərin təşviqi üçün dövlət qurumları qarşısında vəsatət qaldırmaq və onların həyata keçirilməsi üçün tədbirlər görmək lazımdır.

Elmi kadrların hazırlanması sahəsində iki pilləlik saxlanılmalıdır.

AMEA-nın cihazlar və avadanlıqlarla təminatına diqqət artırılmalıdır. Mövcud analitik laboratoriyaların maddi-texniki imkanları mümkün qədər tədqiqatçıların istifadəsi üçün əl çatan olmalıdır. Gənc alimlərin elmə gəlməsi və səmərəli fəaliyyəti üçün adlı təqaüdlərin verilməsi və xüsusi maliyyələşən (o cümlədən büdcədənkənar vəsaitlər hesabına) layihələrin maliyyələşdirilməsi həyata keçirilməlidir.

AMEA-da mərkəzləşmiş xarici dil kurslarının təşkili gənclərin gələcək elmi uğurlarında, beynəlxalq nüfuz qazanmasında müsbət rol oynaya bilər.

AMEA və onun regionlardakı bölmələrinin ölkənin ümumtəhsil məktəbləri, kollecləri və universitetləri ilə əlaqələrinin genişləndirilməsi məqsədəuyğun olar. Şagirdlərin və tələbələrin gələcəkdə elm yolunu seçməsində bu faktor çox önəmlidir.

Ulu öndər Heydər Əliyevin bu fikri hər zaman diqqətdə saxlanılmalıdır: “Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan xalqının milli sərvətidir”. Bu sərvət qorunmalı, inkişaf etdirilməlidir.

Vaqif ABBASOV, AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: