Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Şərqşünaslıq İnstitutu “Mirzə Kazımbəy – 220” mövzusunda beynəlxalq konfransa tezis qəbulunu elan edir
06.05.2022 14:46
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutu “Mirzə Kazımbəy – 220” mövzusunda beynəlxalq konfransa tezis qəbulunu elan edir

20 sentyabr 2022-ci il tarixində AMEA-nın akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə görkəmli şərqşünas və maarifçi, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü və rus şərqşünaslıq elminin banilərindən biri, Britaniya Kral Şərqşünaslar Cəmiyyətinin üzvü, Peterburq Universitetinin Şərq dilləri fakültəsinin ilk dekanı Mirzə Kazımbəyin anadan olmasının 220 illiyi ilə əlaqədar “Mirzə Kazımbəy – 220” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Mirzə Kazımbəy Azərbaycan xalqının XIX əsrdə yetişdirdiyi nadir şəxsiyyətlərdəndir. Mirzə Kazımbəy Azərbaycan elminə dünya şöhrəti qazandırmış, bir sıra elm sahələrinin inkişafında müstəsna rol oynamış, zəngin elmi biliklərə, ensiklopedik zəkaya malik olmuşdur. O şərqşünaslıq, ədəbiyyat, dil, fəlsəfə, tarix, hüquq, dinşünaslıq, etika, etnoqrafiya, pedaqogika sahəsində dünya elmi üçün bu gün də böyük əhəmiyyət kəsb edən, nadir mənbələrdən hesab olunan bir sıra fundamental əsərlər yazmışdır. Alimin “Dərbəndnamə”, “əs-Səb əs-Səyyar”, “Uyğurlar haqqında tədqiqat”, “Quranın bəzi surələrinin şərhi”, “Firdovsi yaradıcılığı üzrə Şərq mifologiyası” və s. əsərləri Avropa dillərinə tərcümə olunaraq nəşr edilmiş, dünya miqyasında geniş əks-səda doğurmuşdur. Doğma Azərbaycan dilinin tədqiqində, öyrənilməsində, elmi qrammatikasının yaradılmasında Mirzə Kazımbəyin əvəzsiz xidmətləri olmuşdur. Onun qələmə aldığı “Türk-tatar dilinin ümumi qrammatikası” əsəri müstəsna əhəmiyyətə malikdir. Mirzə Kazımbəy müsəlman hüququnun Rusiyada ilk tədqiqatçısı, Azərbaycan dilinin ilk elmi qrammatikasının yaradıcısı, Sədinin “Gülüstan” əsərinin rus dilinə ilk tərcüməçisidir. Rus şərqşünaslıq elmini zənginləşdirən əsərlərinə görə Mirzə Kazımbəy üç dəfə yüksək nüfuzlu Demidov mükafatına layiq görülmüşdür.

Şərqşünaslıq İnstitutu beynəlxalq konfransla əlaqədar tezislərin qəbulunu elan edir.

Tezislər Azərbaycan, türk, rus, ingilis, ərəb və fars dillərində qəbul olunur.

Məruzə tezisləri Microsoft Word redaktorunda “Times New Roman” şriftilə - 12, sətirlərarası interval 1.5 olmaqla yazılmalıdır. Mətnin əvvəlində ortada böyük və tünd şriftlə məruzənin adı, altında sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı, ata adı, soyadı, onun altında isə iş yeri, elmi dərəcəsi və elektron ünvanı göstərilməlidir. Tezisin mətni 1 səhifədən artıq olmamalıdır. Tezislər mirzakazim220@mail.ru elektron ünvanına göndərilməlidir. Tezislərin qəbulunun son tarixi 30 iyul 2022-ci ildir.

Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi və tezislərin geri qaytarılması hüququna malikdir. Tezislərin qəbulu ilə bağlı daha ətraflı məlumatı orientalstudies.az saytından öyrənmək olar.

Ünvan: Bakı şəhəri, H.Cavid pr. 117 (AMEA-nın Əsas binası, VII mərtəbə, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, 715-ci otaq)

Tel.: (+994 55) 392 96 41

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: