Qazaxıstanın R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisadiyyat elmləri doktoru, dosent Duysen Qalımjan və sözügedən müəssisənin baş elmi işçisi, iqtisadiyyat elmləri doktoru, dosent Dina Aytjanova AMEA-nın Tarix İnstitutunda olublar.
Öncə Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov institut haqqında qonaqlara məlumat verərək dostluq və işgüzar münasibətləri yüksək qiymətləndirib və Qazaxıstanla elmin inkişafı istiqamətində ikitərəfli əlaqələrin möhkəmlənməsinin müsbət təsirini vurğulayıb.
Qazaxıstanın Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisadiyyat elmləri doktoru, dosent Duysen Qalımjan təmsil etdiyi institut barədə görüş iştirakçılarına məlumat verərək institutlarında 5 elmi tədqiqat şöbəsində 50 elmi işçinin, o cümlədən 12 elmlər doktoru və 25 elmlər namizədinin çalışdığını, son illərdə institutda 300-dən çox monoqrafiyanın nəşr olunduğunu bildirib.
Qazaxıstanın Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Dina Aytjanova imzalanan memorandumun əhəmiyyətindən danışaraq ortaq türk tarixinin araşdırılmasında Tarix İnstitutunun öz töhfələrini verəcəyindən ümidvar olduğunu bildirib.
Görüş çərçivəsində əməkdaşlıq memorandumu imzalanaraq, elmi-tədqiqatların həyata keçirilməsi, seminar və ixtisaslaşdırılmış kursların təşkili, birgə elmi simpoziumların, konfransların, hər iki institutun elmi fəaliyyət səviyyəsinin artırılması məqsədilə kadrların qarşılıqlı mübadiləsinin həyata keçirilməsi barəsində razılıq əldə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.