Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Həyatını elmə həsr etmiş alim
23.05.2022 10:17
  • A-
  • A
  • A+

Həyatını elmə həsr etmiş alim

İbrahim Said oğlu Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın Rəyasət Heyətinin üzvü, AMEA-nın vitse-prezidentidir.

İbrahim Said oğlu Quliyev 1947-ci il may ayının 23-də Qırğızıstan Respublikasının Bazar-Kurqan kəndində Azərbaycan Tibb İnstitutunun ilk məzunlarından olmuş həkim ailəsində dünyaya göz açmışdır. 1954-1965-ci illər ərzində Bakı şəhərinin 15 nömrəli orta məktəbini bitirib və həmin ildə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji-kəşfiyyat fakültəsinə daxil olub. 1970-ci ildə “Dağ-mühəndisi-geofizik” ixtisası üzrə institutu bitirib və göndərişlə Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) böyük laborant vəzifəsinə işə qəbul edilib. 1970-ci ildən böyük laborant, mühəndis, kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb. Qısa bir zamanda İbrahim Quliyev neft və qaz geologiyası və geokimyası sahəsində gənc mütəxəssisdən yüksək ixtisaslı alimə çevrildi. 1985-2013-cü illərdə AMEA-nın Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, 2016-2020-ci ilə qədər isə AMEA-nın Neft və Qaz İnstitutunun direktoru vəzifələrində çalışmış, 2013-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvü və vitse-prezidentidir.

İ.Quliyev 1978-ci ildə Moskvada “Faydalı qazıntı yataqlarının geokimyəvi axtarış üsulları” ixtisası üzrə geologiya-mineralogiya elmləri üzrə namizədlik dissertasiyasını, 1989-cu ildə Moskva Dövlət Universitetində “Neft-qaz yataqlarının geologiyası, kəşfiyyatı və axtarışı” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmiş, 1999-cu ildə isə professor elmi adını almışdır. 2001-ci ildə “Neft-qaz yataqlarının geologiyası və geokimyası” ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə “Geologiya” ixtisası üzrə həqiqi üzvü seçilmişdir.

Akademik İ.Quliyevin elmi fəaliyyətinin nəticələri həm ölkəmizdə, həm də xaricdə yüksək qiymətləndirilmişdir. İ.Quliyev təbii qazların geologiyası və geokimyası, neft-qaz yataqlarının geologiyası və palçıq vulkanizmi sahələrində tanınmış alimdir. Onun rəhbərliyi və iştirakı ilə qırışıq zonalarının qaz rejiminin öyrənilməsi üçün orijinal tədqiqatlar aparılmış, karbon tərkibli qazın çıxma həcmi dəyərləndirilmiş və atmosferin aşağı qatlarında paylanması öyrənilmişdir. O, AMEA-nın Geologiya və Geofizika və Almaniyanın Təbii Resurslar institutlarından olan həmkarları ilə birlikdə dünyada ilk dəfə Azərbaycan palçıq vulkanlarından qazın çıxmasının monitorinqinin elmi-texnoloji prinsiplərini şərh etmiş və yer qazlarının həcmində kosmik və geoloji amillərdən asılı olan dövri dəyişmələrin olduğu göstərilmişdir. Bu elmi tədqiqatlar “greenhouse effecti” mexanizminin öyrənilməsində əsas rol oynayır. O, həmkarları ilə birlikdə palçıq vulkanlarının püskürmə məhsullarının, süxurların, neftin, qazın və suyun izotop-geokimyəvi tərkibinin öyrənilməsi üçün ilk dəfə olaraq klassik tədqiqatlar aparmış, palçıq vulkanizminin ən güclü və böyük paroksizmlər müfəssəl surətdə şərh edilən püskürmə kataloqunu tərtib etmişdir. Bu tədqiqatlar çöküntü süxurlarının spontan həyəcanlanması və sıxlıq azalmasının modelini vermiş, seysmik məlumatlar əsasında Cənubi Xəzər hövzəsində böyük dərinlikdə sıxlıq azalma zonasının olduğunu göstərmişdir. Mövcud məlumatların nəzəri tədqiqatı əsasında palçıq vulkanının beynəlxalq elmi ictimaiyyət tərəfindən qəbul edilən orijinal fiziki-kimyəvi modelini hazırlamışdır. Xəzər dənizində subdəniz palçıq vulkanlarının, palçıq vulkanı qaz-hidratlarının tapılması və geoloji-geokimyəvi öyrənilməsinin dünya prioriteti İbrahim Quliyevə və onun AMEA-nın Geologiya və Geofizika və ÜETİ Okeanologiya (Rusiya) institutlarından olan həmkarlarına məxsusdur. İ.Quliyevin önəmli praktik əhəmiyyəti olan tədqiqatlarından biri də Cənubi Xəzər hövzəsi timsalında sürətlə çökən hövzələrin karbohidrogen sistemlərinin öyrənilməsidir.

İ.Quliyev dünya elmi mərkəzləri ilə geniş beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfələr vermişdir. Təbii qazların, neft-qaz yataqlarının, palçıq vulkanlarının  geologiya və geokimyası sahəsində əldə etdiyi nailiyyətləri və təbiət elminin inkişafına göstərdiyi xidmətləri nəzərə alınaraq Rusiya Təbiət Elmləri Akademiyasının Rəyasət Heyətinin qərarı ilə akademik İ.Quliyev 2014-cü ildə bu akademiyanın “Yer təkinin sistemli tədqiqatı” seksiyası üzrə xarici üzvü seçilmişdir. 2015-ci ildə isə akademik İ.Quliyev Rusiya Təbiət Elmləri Akademiyasının “Elm və incəsənət cəngavəri” («Рыцарь науки и искусства») fəxri nişanı ilə təltif edilmişdir). O, 2019-cu ildən  Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyasının (MAAN) “Xəzər dənizi regionunun tədqiqi” adlı elmi şurasına rəhbərlik edir.

İ.Quliyev bir sıra aparıcı elmi jurnalların redaksiya heyətinin üzvü, SOCAR-ın Azərbaycan Neft Təsərrüfatı elmi-texniki jurnalının baş redaktorudur.

Alim 222 elmi əsərin, 10 monoqrafiya, o cümlədən xaricdə 114 əsərin müəllifidir. Onun əsərlərinə xarici jurnallarda çox sayda istinad olunur.

İ.Quliyev Amerika Neftçi-Geoloqlar Assosiasiyasının Azərbaycan bölməsinin prezidentidir. O, Moskva Dövlət Universitetinin neft və qaz kafedrasında, Azərbaycan Neft Akademiyasının geoloji-kəşfiyyat fakültəsində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan Geoloqlarının Milli Komitəsinin, Azərbaycan neftçi geoloqlar cəmiyyətinin üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, Beynəlxalq Geodeziya və Geofizika İttifaqının Milli Komitəsinin prezidentidir. Ona 2015-ci ildə Çinin Siçuan Universitetində dərs vermək hüququ tanınmış və bu qurumun fəxri professoru seçilmışdir.

Onun rəhbərliyi altında 18 fəlsəfə və 4 elmlər doktorluğu üzrə dissertasiya müdafiə edilmişdir.

Akademik İbrahim Quliyev səmərəli elmi-təşkilati fəaliyyətinə görə 2008-ci ildə Azərbaycan Respublikasının Əməkdar elm xadimi, 2010-cu ildə Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neftqazlılığının öyrənilməsi üzrə silsilə işlərinə görə (bir qrup alimlərlə) müstəqil Azərbaycan Respublikasının ilk Dövlət mükafatı laureatı adına layiq görülmüş, 2014-cü ildə Rusiya Təbiət Elmləri Akademiyasının “На благо Отечества” fəxri medalı, 2017-ci ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni, 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı və “EcoWorld”  müsabiqəsinin “За спасение жизни на Земле” ordeni ilə təltif edilmişdir.

Akademik İ.Quliyevin tükənməyən yeni ideyaları və bu ideyaların həyata keçirilməsində göstərdiyi əzmkarlıqla məntiqi sonluğa varmaq həvəsi, elmi-praktik problemlərin analizində və həllində kompleks və strateji yanaşmaları tətbiq etməsi onu fərqləndirən əsas cəhətlərdir.

Akademik İbrahim Quliyev bütün elmi fəaliyyəti ərzində həmkar və dostlarına, tələbələrə qarşı xeyirxah və diqqətli olmuşdur. O, hər zaman öz bilik və bacarığını Azərbaycan geologiya elminin inkişafı naminə gənc geoloqların yetişməsinə həsr etmiş və bu gün də bu, davam edir və edəcəkdir. İ.Quliyevin AMEA-nın inkişafı və dünya elminə iteqrasiyası naminə aparılan islahatlarda aktiv rolu vardır.

Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsi akademik İbrahim Quliyevi yubileyi münasibəti ilə təbrik edir, ona cansağlığı, elmi və  elmi təşkilati fəaliyyətində yeni yaradıcılıq nailiyyətləri arzu edir.

Fəxrəddin QƏDİROV, AMEA-nın Yer Elmləri Bölməsinin Elmi şurasının sədr müavini, akademik

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: