Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Müsəlman Şərqində ilk demokratik respublika
23.05.2022 11:46
  • A-
  • A
  • A+

Müsəlman Şərqində ilk demokratik respublika

1918-ci ilin mayında müsəlman Şərqində ilk demokratik respublika xalq cümhuriyyəti qurmaqla Azərbaycan xalqı öz dövlətçilik ənənələrini yenidən bərpa etdi. Lakin bu yol heç də asan başa gəlmədi. Çünki 1917-ci ilin fevralında Rusiyada baş verən inqilab nəticəsində imperiyanın süqutu yaxınlaşmış və mərkəzdənqaçma meylləri güclənmişdi. Rusiya Dövlət Dumasına seçilmiş Cənubi Qafqazdan olan deputatlar əvvəlcə Xüsusi Komitə, noyabr ayında isə Zaqafqaziya Komissarlığı yaratdılar. 1918-ci il fevralın 23-də Rusiyanın Müəssislər Məclisinə seçilmiş deputatlar Tiflisdə toplaşaraq əvvəlcə Zaqafqaziya Seymi, aprelin 22-də isə müstəqil Zaqafqaziya Federativ Respublikası yaratdılar. Hər üç millətin nümayəndələrinin təmsil olunduqları Zaqafqaziya seymində xarici və daxili amillərin sayəsində ümumi dil tapmaq çətinləşirdi. Mayın 26-da Zaqafqaziya Seymi özünün axırıncı iclasını keçirdi. Mayın 27-də Seymin müsəlman fraksiyası Azərbaycan Milli Şurasını elan etdi. Milli Şuranın rəyasət heyəti və sədri seçildi.

Mayın 28-də Azərbaycan Milli Şurasının 44 üzvündən 26-nın imzaladığı dövlət müstəqilliyi haqqında İstiqlal Bəyannaməsi ilə türk-müsəlman dünyasında parlamentli respublikanın yaranmasının əsası qoyuldu. Azərbaycanın öz müstəqilliyini elan etməsi haqqında mayın 30-da hökumətin başçısı Fətəli xan Xoyskinin imzası ilə dünyanın əsas siyasi mərkəzlərinə telefonoqramma göndərildi. Sonralar Əsas Qanunun – Konstitusiyanın qəbul edilməsi mümkün olmadığı üçün İstiqlal Bəyannaməsi Xalq Cümhuriyyətinin süqutunadək faktiki olaraq Konstitusiyanı əvəz etmişdir.

Xalq Cümhuriyyətinin yaradılması ilə Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açıldı. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi hər il dövlət müstəqilliyinin bərpa edilməsi günü - Respublika Günü kimi qeyd edilir.

Azərbaycan Xalq Cümhuriyyəti parlament tipli respublika idi və o, çətin və mürəkkəb şəraitdə 23 ay yaşayıb fəaliyyət göstərdi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü işi şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi. Dövlət atributları - bayrağı, himni və gerbi yaradıldı. Ana dili dövlət dili elan edildi. Dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi. Naxçıvan diyarının Azərbaycan ərazisi kimi qorunub saxlanılması ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirildi. Qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı. Milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu. Maarif və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu. Təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlandı. İctimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə, dövlətçiliyin bərpa edilməsi sahəsində, demokratik quruluş yaratmaq istiqamətində böyük rol oynamışdır. Bunları nəzərə alan Ulu Öndər Heydər Əliyev demişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi. Bu respublikanın yaranması və az müddətdə də olsa yaşaması Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, Azərbaycanın dövlət müstəqilliyini əldə etmək yolunda, demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynamışdır. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu”.

Azərbaycan xalqı haqlı olaraq müsəlman aləmində ilk demokratik respublikanın yaradıcıları kimi bu tarixlə fəxr edir. Amma bu şərəfli tarix uzun sürmədi, bolşevik-daşnak qüvvələri və onların rəhbərlərinin cinayəti nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti 23 aydan sonra süqut etdi.

Ötən əsrin 70-80-ci illərində - Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə ümummilli ideyanın gerçəkləşdirilməsi - Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinə qovuşması istiqamətində mühüm işlər görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “hələ ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın böyük oğlu Heydər Əliyevin strategiyasına uyğun respublikamızda həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdı”.

Bu mənada dövlət müstəqilliyimizin təməli, əslində, ötən əsrin 70-80-ci illərində qoyulmuşdu.

Ümummilli Liderimizin Naxçıvan Muxtar Respublikasında yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illər dövlət müstəqilliyi üçün real tədbirlərin həyata keçirildiyi dövrdür. 1990-cı il iyulun 22-də Moskvadan Naxçıvana qayıdan xalqımızın böyük oğlu qədim diyarda müstəqilliyimizlə bağlı qəti və əhəmiyyətli qərarlar qəbul etmişdir. Üçrəngli bayrağımız ilk dəfə 1990-cı ildə - ölkədə müstəqillik bərpa olunmasından sonra bir il əvvəl Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qaldırılmış, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri götürülmüşdür. Sovet qoşun hissələri Naxçıvandan çıxarılmış, ilk milli sərhəd dəstəsi və ordu hissələri yaradılmış, Sovet İttifaqının qorunub saxlanılması ilə əlaqədar 1991-ci il martın 17-də keçirilən ümumittifaq referendumunda Naxçıvan Muxtar Respublikası iştirak etməmişdir. Göründüyü kimi, Ulu Öndər Azərbaycanın qurtuluşuna və müstəqilliyinə Naxçıvandan başlamışdır. Ölkə Prezidenti İlham Əliyevin də dediyi kimi, “1990-cı illərdə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qəbul edilmiş tarixi qərarlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. Məhz o sessiyada Azərbaycanın üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi. O vaxt Azərbaycanda hələ Sovet Azərbaycanının bayrağı dalğalanırdı. O vaxt Sovet İttifaqının dağılması haqqında heç kim düşünmürdü. O ağır, o çətin anlarda bu qətiyyətli qərarlar həm Naxçıvanı qorudu, həm də Azərbaycanın gələcək müstəqilliyini şərtləndirdi”.

Ulu Öndər bu tədbirləri həyata keçirərkən, ölkəmizdə bunun əksinə olaraq ictimai-siyasi və iqtisadi tənəzzül, vətəndaş müharibəsi, hakimiyyət uğrunda mübarizə hökm sürür, torpaqlarımız işğal olunurdu. Azərbaycan onu gözləyən fəlakətlərdən, daxili və xarici qüvvələrin qəsdindən və müstəqil dövlətçiliyin məhvindən xilas edilməli idi.

Azərbaycan Prezidenti qeyd etmişdir ki, “1918-ci ildə əldə edilmiş müstəqilliyi 1920-ci ildə itirdik - 2 il ərzində. Bu dəfə də 2 ildən sonra artıq buna çox yaxın idik. Əgər o vaxt xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi”.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən, Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.

Azərbaycan Respublikasının müstəqilliyi bərpa olunduqdan sonra ilk illər heç də asan keçməmişdir. Respublikada gərgin daxili vəziyyət və hakimiyyət böhranı hökm sürürdü. İctimai həyatın bütün sahələrində özbaşınalıq, hərc-mərclik baş alıb gedirdi. Ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi və təcrübəsizliyi xalqı min-bir məşəqqətlə, iztirablarla əldə etdiyi müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu.

1993-cü ildə xalqımızın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlətimizin müstəqilliyini qoruyub saxlaya bildi. Qısa zaman ərəfəsində ölkə daxilində təxribat-pozuculuq fəaliyyəti ilə məşğul olan qüvvələrin qarşısı alındı, cəbhədə atəşkəsə nail olundu, sabitlik və əmin-amanlıq bərqərar edildi.

Müstəqil Azərbaycanı möhkəm əsaslar üzərində yeni inkişaf yoluna çıxaran Heydər Əliyevin gərgin əməyi sayəsində nəhəng dövlət quruculuğu işlərinə başlandı. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Dövlətin gələcəyi ilə bağlı strateji addımlar atıldı və bu yolun nə qədər düzgün olduğunu indi tarix sübuta yetirir. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi.

Azərbaycanın öz inkişaf və sabitlik dövründə yaşadığı 1993-2003-cü illər müstəqilliyimizin ikinci dövrüdür. 2003-cü ildən sonra isə müstəqillik tariximizdə yeni bir səhifə açılır. 2003-cü ildə xalqımız ölkənin bundan sonra hansı yolla gedəcəyi barədə tarixi qərarını verdi, Ulu Öndərin “mən ona özüm qədər inanıram” əminliyinə söykənərək Azərbaycanın gələcəyini dövlət başçımız İlham Əliyevə etibar etdi. Həmin vaxtdan başlanan möhtəşəm tarix dövlət müstəqilliyimizin üçüncü dövrüdür və bu, ikinci dövrün məntiqi davamıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlki illərin bütün nailiyyətlərini qoruyaraq Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı möhkəm təməllər üzərində ölkəmizi milli dövlətçilik tarixinin ən qüdrətli mərhələsinə yetirmişdir. 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın öz torpaqlarını düşməndən təmizləməsi, ərazi bütövlüyünü bərpa etməsi, işğalçı ölkəni kapitulyasiya aktına imza atmaq məcburiyyətində qoyması Ali Baş Komandan İlham Əliyevin adını milli dövlətçilik salnaməmizə Müzəffər Sərkərdə kimi əbədi yazması müstəqillik tariximizin ən möhtəşəm nailiyyətidir.

“Bu gün Azərbaycanda müstəqilliyin, dövlətçiliyin və inkişafın yolu Ulu Öndərin siyasi xəttindən keçir”, - deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Vasif Talıbov bildirmişdir ki, ölkə Prezidenti bu yolu uğurla davam etdirərək Azərbaycanı regionun lider dövlətinə, sabitliyin və inkişafın təminatçısına çevirmiş, dövlət-xalq birliyi möhkəmlənmiş, güclü ordu yaradılmış, torpaqlarımız işğaldan azad olunmuşdur.

Ötən dövrdə Naxçıvan Muxtar Respublikasında əldə olunan nailiyyətlər də müstəqilliyin nəyə qadir olduğunu bir daha əyani olaraq göstərir. Müstəqillik illərində muxtar respublikada ümumi daxili məhsul istehsalı 67, kənd təsərrüfatı məhsulları 14, sənaye istehsalının həcmi 114 dəfə artmış, 100 minə yaxın yeni iş yerləri açılmış, yaşayış məntəqələri böyümüş, 1 rayon, 4 qəsəbə və 2 şəhər yaranmışdır. Tikinti-quruculuq işləri geniş vüsət almış, 200-dən çox təhsil, 202 səhiyyə, 400-ə yaxın mədəniyyət obyekti, 340-dan artıq inzibati bina tikilmiş, bütün yaşayış məntəqələrini əhatə edən müasir yol-nəqliyyat və sosial infrastruktur istifadəyə verilmişdir.

2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olmuşdur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd etmişdir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir. Bu tarixi günlərin dəqiq ifadəsini müəyyənləşdirməklə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 oktyabr 2021-ci ildə “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası Qanununu təsdiq etmişdir. Həmin Qanunda Mayın 28-i Müstəqillik Günü, Oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilmiş, Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram günləri kimi qeyd edilməsi təsdiq edilmişdir.

İsmayıl HACIYEV, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: