Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Firəngiz Əli-zadənin 75 yaşı tamam olur
27.05.2022 12:25
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Firəngiz Əli-zadənin 75 yaşı tamam olur

Mayın 28-də AMEA-nın müxbir üzvü, tanınmış bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Respublikasının Xalq artisti Firəngiz Əli-zadənin anadan olmasının 75 illik yubileyidir.

Firəngiz Əli-zadə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki xüsusi istedadlı uşaqlar üçün orta ixtisas musiqi məktəbində (indiki Bülbül adına orta ixtisas musiqi məktəbi) və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq və fortepiano ixtisasları üzrə musiqi təhsili alıb. Həm bəstəkarlıq (1972-ci il, professor Qara Qarayevin sinfi), həm də fortepiano ixtisası üzrə (1970-ci il, professor Urfan Xəlilovun sinfi) Konservatoriyanı fərqlənmə diplomu ilə bitirib. 1994-cü ildə “Azərbaycan bəstəkarlarının əsərlərində orkestr üslubu” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, 1998-ci ildə professor elmi adını alıb. 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

1972-1974-cü illərdə Qara Qarayevin assistenti çalışan Firəngiz Əli-zadə 1974-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında müstəqil pedaqoji fəaliyyətə başlayıb. 1974-cü ildə SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü seçilib, 2007-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının sədridir.

Firəngiz Əli-zadənin yaradıcılığı geniş və çoxşaxəlidir. Bəstəkarın böyük mənəvi və əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən “İntizar”, “Qarabağnamə”, “Sənin adın Dənizdir”, “Ağ atlı oğlan” operaları, “Boş beşik” və “Stadt-Graniza” baletləri, “Habilsayağı”, “Oazis”, “Dərviş”, “Abşeron” instrumental kompozisiyaları, “Silk Road” konserti, violonçel və orkestr üçün "Mərsiyə" konserti, böyük simfonik orkestr üçün “İthaf”, “Dərviş” və s. əsərləri dünyanın nüfuzlu konsert səhnələrində müvəffəqiyyətlə səsləndirilib. Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasının motivləri əsasında hazırlanmış “Nizami fəzası” simfonik poemasının müəllifidir. Azərbaycan bəstəkarlarının Zəfər bayramına həsr olunmuş əsərlərindən ibarət “Qarabağ Azərbaycandır!” adlı konsert proqramının ideya müəllifi və bədii rəhbəri olub.

Firəngiz Əli-zadə həm də respublikamızın ictimai həyatında mühüm rolu olan görkəmli musiqi xadimidir. O, Heydər Əliyev Fondunun rəhbərliyi ilə keçirilən “Muğam Aləmi” Beynəlxalq Musiqi Festivallarının (2009-2018), Azərbaycan Bəstəkarlar İttifaqının layihəsi əsasında Şəkidə və Bakıda keçirilən “İpək yolu” Beynəlxalq Musiqi Festivallarının (2010-2019) bədii rəhbəri, “Üzeyir dünyası” layihəsinin və “Muğam aləmi” ensiklopediyasının baş redaktoru və koordinatoru kimi səmərəli fəaliyyətə malikdir. Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operasının partiturasını bərpa etmişdir. “Qara Qarayev. Foto-albom” (Azərbaycan, rus, ingilis dillərində), “Azərbaycan  simfonik musiqisi”, “Azərbaycan simfonik orkestrin tarixi – monodiyadan çoxsəsliliyə” kitablarının müəllifidir.

Bəstəkarın fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş və o, “Əməkdar incəsənət xadimi” (1990), “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarını almış (2000), “Şöhrət” (2007) və “Şərəf” (2017) ordenləri ilə təltif edilmişdir.

UNESCO-nun “Sülh artisti” fəxri adına layiq görülmüş yeganə azərbaycanlı (2007), Beynəlxalq Ağa Xan Fondunun bəstəkarlıq sahəsindəki “Musiqi yaradıcılığı” mükafatının ilk laureatıdır (2019).

Firəngiz Əli-zadənin Almaniyanın Maqdeburq şəhərində simfonik orkestr üçün “Yay təəssüratları”, Londonda simfonik orkestr üçün “Nizami fəzası” əsərlərinin təqdimat mərasimləri keçirilib. Onun bəstələdiyi “Nağıllar” simfonik əsəri Amerika Birləşmiş Ştatlarında böyük alqışla qarşılanıb.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü Firəngiz Əli-zadəni 75 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, Azərbaycan musiqisinin inkişafı yolunda yeni uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: