Bu gün AMEA Mərkəzi Nəbatat Bağında “Qızılgül” sərgisinin açılış mərasimi keçirildi.
Mərasimdə AMEA Rəyasət Heyəti, respublika və müxtəlif beynəlxalq təşkilatlardan olan nümayəndələr iştirak edirdilər.
Sərginin təşkilində əsas məqsəd Azərbaycanda botanika elminin təbliği, bu sahədə əldə edilmiş nailiyyətlərin nümayişi, gənclərə təbiətə sevgi və diqqət hislərini aşılamaq, o cümlədən qızılgül həvəskarlarını yeni sortlarla tanış etmək idi.
Tədbiri giriş sözü ilə Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə açdı. Mərkəzi Nəbatat Bağında 35 il ərzində dünyanın müxtəlif ölkələrindən qızılgüllərin introduksiyası, yerli sortlarla hibridləşdirilməsi və seleksiyası üsulları ilə bağlı elmi-tədqiqat işləri aparıldığını deyən V.Əlizadə bu istiqamətdə aparılan işlərin nəticəsində Bağın qızılgül sahəsində müxtəlif qruplardan olan bağ qızılgüllərinin 1000-ə qədər növ, sort və formalarının toplandığını dedi. Mərkəzi Nəbatat Bağının qızılgül növlərinin öyrənilməsi sahəsində çoxillik və zəngin təcrübəyə malik olduğunu qeyd etdi.
Bildirdi ki, sərginin kuratoru Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsələ doktoru Asəf İsgəndərovdur. O, A.İsgəndərovun uzun illərdir ki, qızılgül sortlarının yetişdirilməsi ilə məşğul olduğunu və bu istiqamətdə müsbət nəticələr əldə etdiyini diqqətə çatdırdı.
Sonra AMEA prezidenti, akademik Akif Əlizadə çıxış edərək sərginin əhəmiyyətindən danışdı. Qızılgül sortları ilə bağlı məlumat verən alim bildirdi ki, yeni araşdırmalar, elmi-tədqiqat işləri nəticəsində qızılgüllərin tərkibi müxtəlif seleksiyalar üzrə təzələnir, yeni növlər əldə olunur. Cənubi Qafqazda ən böyük qızılgül kolleksiyalarından birinin də məhz Mərkəzi Nəbatat Bağında yerləşdiyini vurğulayan AMEA rəhbəri bu kimi sərgilərin mütəmadi olaraq keçirilməsinin zəruriliyini vurğuladı. Qeyd etdi ki, qızılgül növlərinin yetişdirilməsi sahəsində təbliğat işləri genişləndirilməli, ictimaiyyət bu barədə ətraflı məlumatlandırılmalıdır.
Sərgidə, həmçinin Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi çıxış etdi. Nümayiş etdirilən qızılgül sortlarını böyük maraqla qarşılayan səfir, sərgidə iştirak etməkdən məmnun olduğunu dilə gətirdi. O, Azərbaycanda bu sahədə əldə olunan nailiyyətləri yüksək qiymətləndirərək, qızılgüllərin yetişdirilməsilə məşğul olan tədqiqatçılara fəaliyyətlərində uğurlar arzuladı.
Sonda Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Asəf İsgəndərov çıxış etdi. O, bu sahədə intraduksiya işlərinə 1970-ci ildən, qızılgüllərin seleksiya və hidritləşdirilməsinə isə 2006-cı ildən başladığını qeyd edərək, uzunmüddətli araşdırmalardan sonra qızılgülün yeni növlərinin əldə olunmasına nail olduğunu bildirdi. Seleksiya üsulu ilə yetişdirilmiş yeni qızılgül sortlarının regional və beynəlxalq gül sərgilərində nümayiş etdirilməsinin zəruriliyini vurğuladı.
A.İsgəndərov AMEA Mərkəzi Nəbatat Bağının qızılgül kolleksiyasında toplanmış müxtəlif bağ qruplarına mənsub olan qızılgül sortları haqqında da məlumat verdi. Onun sözlərinə görə, bu sortlar əsasən seleksiya və hibridləşdirmə üsulu ilə yetişdirilmişdir.
Qeyd edək ki, Nəbatat Bağının 900 m2 xüsusi ayrılmış ərazisində beynəlxalq standartlara uyğun 350-dən artıq qızılgül ekspozisiyası nümayiş etdirildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir