Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzakirə edilib
08.06.2022 11:34
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzakirə edilib

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası olub.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə iclas iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.

Bölmənin Bioresurslar İnstitutunun şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasov iclasda “Naxçıvan Muxtar Respublikasının biomüxtəlifliyi – petrofil bitkiliyi” mövzusunda elmi məruzə edib. Məruzədə vurğulanıb ki, muxtar respublikanın malik olduğu təbii-coğrafi şərait petrofil bitkilərin inkişafı üçün böyük önəmə sahibdir. Ərazinin florasında petrofil bitkiliyin özünəməxsus yeri olduğunu vurğulayan tədqiqatçı bu bitkiləri iki formada - qaya bitkiliyi və töküntü bitkiliyi kimi xarakterizə edib. Petrofil bitkilərin muxtar respublika ərazisində 75 fəsilə, 210 cins və 350-dən artıq növlə təmsil olunduğunu bildirib. Qida, bəzək, dərman əhəmiyyətli qaya-töküntü bitkiləri, onların tətbiq sahələri, iqtisadi səmərəliliyi ilə bağlı məlumat verib.

Alim ərazinin dəniz səviyyəsindən hündürlüyü artdıqca petrofil bitkilərin də rəngarəngliyinin artdığını, daha nadir tapılan növlərlə təmsil olunduğunu diqqətə çatdırıb. Muxtar respublikanın Gəmiqaya, Qaplanqaya, Günnüt, Gənzə, Kükü, Çalxanqala, Soyuqdağ, Dərəşam vadisi, Zərnətün dərəsi və başqa yerlərində aparılan çöl ekspedisiyaları zamanı qeydə alınan bitkilərin fotoşəkillərini təqdim edərək hər bir bitki haqqında geniş məlumat verib. Bəzi növlərin nadir bitkilər siyahısında yer aldığını söyləyən tədqiqatçı bildirib ki, petrofil bitkilər muflon və bezoar keçilərinin əsas qida mənbəyidir. Zəngin yem ehtiyatı həmin heyvanların populyasiyasına olduqca müsbət təsir göstərir.

Məruzənin sonunda dosent Namiq Abbasov Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsi tərəfindən petrofil bitkilərlə bağlı aparılan araşdırmaları və əldə olunan nəticələri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Sonra məruzə ətrafında müzakirələr aparılıb, tövsiyə və təkliflər dəyərləndirilib.

Akademik İsmayıl Hacıyev iclasda 23-25 may tarixlərində muxtar respublikada olan Türk Tarix Qurumunun nümayəndə heyətinin bölməyə səfərinin yekunları, qarşılıqlı əməkdaşlığa dair müqavilənin imzalanması və qarşıda duran işlər haqqında məlumat verib.

Elm Festivalına hazırlıq barədə danışan bölmə rəhbəri məsələ ilə bağlı müvafiq təklif və tapşırıqlar verib. Nəzərdə tutulan işlərin vaxtında icrası ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması ilə bağlı qərar qəbul olunub.

Rəyasət Heyətinin iclasında, həmçinin “Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafı” mövzusunda keçiriləcək II beynəlxalq konfransa hazırlığın vəziyyəti və gündəlikdəki digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: