Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Zemfira Səfərovanın 85 yaşı tamam olur
10.06.2022 09:09
  • A-
  • A
  • A+

Akademik Zemfira Səfərovanın 85 yaşı tamam olur

Bu gün görkəmli musiqişünas alim, Azərbaycanın Əməkdar incəsənət xadimi, Əməkdar elm xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının Rəyasət Heyətinin üzvü, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, akademik Zemfira Səfərovanın 85 yaşı tamam olur.

Zemfira Yusif qızı Səfərova 1937-ci il iyun ayının 10-da Kislovodskda ziyalı ailəsində anadan olmuşdur. 1960-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının Musiqi tarixi və nəzəriyyəsi fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1962-ci ildən AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda əmək fəaliyyətinə başlayan alim 1980-ci ildən bugünədək institutun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin müdiri vəzifəsini uğurla aparır.

1970-ci ildə “Üzeyir Hacıbəyovun musiqi-estetik konsepsiyası” mövzusunda namizədlik, 1996-cı ildə “Azərbaycanın musiqi elmi (XIII-XIX əsrlər)” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1998-ci ildə professor elmi adını almışdır. 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə həqiqi üzvü seçilmişdir.

Akademik Zemfira Səfərova 300-dən artıq elmi əsərin, o cümlədən 50-dən artıq kitab və monoqrafiyanın müəllifidir. Onun “Azərbaycanın musiqi elmi” (1998) adlı fundamental monoqrafiyasında ilk dəfə olaraq yeddi-səkkiz əsrlik orta əsr musiqimizin korifeylərindən Səfiyəddin Urməvinin, Əbdülqadir Marağainin, Fətullah Şirvaninin, XIX əsrin görkəmli ensiklopedist alimi Mir Möhsün Nəvvabın və Azərbaycan professional bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin irsi geniş araşdırılmışdır. Alim Mir Möhsün Nəvvabın “Vüzuhül Ərqam” əsərini ilk dəfə mətnşünaslıq tələblərinə uyğun şəkildə nəşr etdirmiş, Azərbaycan musiqişünaslığında mənbəşünaslığın əsasını qoymuşdur. XIII əsrin böyük musiqişünası Səfiyəddin Urməvinin “Kitabül-ədvar” və “Şərəfiyyə” risalələrinin, XV əsrin görkəmli alimi Fətullah Şirvaninin “Musiqi məcəlləsi” risaləsinin redaktoru, ön söz və şərhlərin müəllifidir. Səfiyəddin Urməvi, Əbdülqadir Marağai, Mir Möhsün Nəvvabın əsərləri əsasında “Azərbaycanın qədim musiqi terminləri” lüğətini tərtib və nəşr etmişdir.

Sənətşünas alimin son illərdə Azərbaycan, rus, ingilis, türk dillərində nəşr olunmuş bir sıra əsərləri - “Üzeyir Hacıbəyov” (Azərbaycan, türk, rus, ingilis, fransız, ərəb və fars dillərində, 1985), “Qara Qarayevin elmi-publisistik irsi” (rus dilində, 1988), “Qara Qarayevi anarkən” (Azərbaycan və rus dillərində, 2002), “Üzeyir Hacıbəyov və onun görkəmli sələfləri” (ingilis dilində 2005, macar dilində 2015), “Ölməzlik” (Azərbaycan, rus və ingilis dillərində, 2010), “Şərq musiqisinin peyğəmbəri” (Azərbaycan və rus dillərində, 2011), “Üzeyir Hacıbəyov” (serb dilində, 2012), “Azərbaycanın musiqi elmi” (rus dilində, 2013), “Akademik Üzeyir Hacıbəyli: Yanan ürəyin aydınlığa çıxaran sənəti” (2015), “Türk dünyasının musiqi ulduzu Üzeyir Hacıbəyli” (türk dilində, 2016, 2021), “Şuşa - Azərbaycanın musiqi qalasıdır” (rus dilində 2020, Azərbaycan dilində 2021), və s. sənətşünaslıq elmimizin mühüm nailiyyətləridir.

Beş cildlik fundamental “Azərbaycan musiqi tarixi” adlı akademik nəşrin layihə rəhbəri, elmi redaktoru, ön söz və bir çox məqalələrinin müəllifidir (2012-2020).

Akademik Zemfira Səfərova ilk dəfə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” və “Koroğlu” operalarının klavir və partituralarının akademik nəşrini çap etdirmişdir.

Fransa, Türkiyə, Çin, İran, Özbəkistan, Gürcüstan və başqa ölkələrdə keçirilən beynəlxalq miqyaslı tədbirlərin iştirakçısı olan alim Azərbaycan musiqi elmini uğurla təmsil və təbliğ etmişdir. O, 1978-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının Rəyasət Heyətinin üzvü, ittifaqın Musiqişünaslıq və tənqid bölməsinin rəhbəri, uzun illər Ali Attestasiya Komissiyasının Sənətşünaslıq və Memarlıq üzrə ekspert şurasının sədri olmuşdur.

Akademik Zemfira Səfərovanın xidmətləri dövlət və ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1989-cu ildə Azərbaycanın “Əməkdar incəsənət xadimi”, 2005-ci ildə “Əməkdar elm xadimi” fəxri adlarına layiq görülmüşdür. Azərbaycan Bəstəkarlar İttifaqının “Üzeyir Hacıbəyli” medalı, AMEA-nın “Üzeyir Hacıbəyli” adına, “Humay”, “Qızıl qələm”, “Xalqın nüfuzlu ziyalısı”, “İlin alimi”, “Ən yaxşı vətənpərvər tədqiqatçı alim”, “Heydər Əliyev zirvəsi”, “Xarı Bülbül” və başqa nüfuzlu mükafatlarla təltif edilmişdir.

Azərbaycan sənətşünaslıq elminin inkişafında mühüm xidmətləri olan akademik Zemfira Səfərovanı 85 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, Azərbaycan musiqisinin inkişafı yolunda yeni uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: