Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Kiber-fiziki sistemlərdə fog computing texnologiyalarının tətbiqi məsələləri tədqiq olunur
20.06.2022 10:21
  • A-
  • A
  • A+

Kiber-fiziki sistemlərdə fog computing texnologiyalarının tətbiqi məsələləri tədqiq olunur

Kiber-fiziki sistemlər (KFS) rəqəmsal və analoq cihazları, interfeysləri, şəbəkələri, eləcə də kompüter sistemlərini fiziki dünya ilə əlaqələndirir. KFS avtomobil, aviasiya, enerji və digər sahələrdə məlumatları emal edən, xüsusi tapşırıqların yerinə yetirilməsi üçün istifadə olunan kompüter sistemlərinə əsaslanır.

Bu haqda AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov 3 saylı şöbənin növbəti onlayn elmi seminarında məlumat verib.

“Kiber-fiziki sistemlərdə fog computing texnologiyalarının tətbiqi və kibertəhlükəsizlik problemlərinin analizi” mövzusunda məruzəni təqdim edən tədqiqatçı “ağıllı” şəhərlər, nəqliyyatın intellektual idarə edilməsi, elektrik enerjisinin istehsalı, kənd təsərrüfatı və s. kimi sahələrdə tətbiq olunan kiber-fiziki sistemlərdə müxtəlif fiziki parametrləri ölçmək üçün sensorlar tərəfindən böyük həcmdə və növdə verilənlərin generasiya edildiyini bildirib.

“Yüksək hesablama gücünə və yaddaş imkanlarına malik olan bulud texnologiyaları verilənlərin emalı üçün effektiv həll kimi qəbul olunur. Lakin cloud computing mərkəzləşdirilmiş hesablama modeli olduğundan hesablamaların əksəriyyəti bulud serverlərdə yerinə yetirilir ki, bu da bütün məlumat və sorğuların mərkəzləşdirilmiş buluda ötürülməsi deməkdir. Duman hesablama (fog computing) isə məlumatların emalını və tətbiqlərin icrasını buludda deyil, şəbəkənin sərhədində, hesablama qovşaqlarında yerinə yetirən hesablama modelidir. Duman hesablama bulud hesablamaların daha təkmilləşdirilmiş və genişləndirilmiş versiyasıdır. Onlar bir-birilərinə inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərirlər”, – deyən M.Həşimov bulud və duman hesablama texnologiyalarının müqayisəli təhlilinə dair nəticələri diqqətə çatdırıb.

O, duman hesablama texnologiyalarının kibertəhkükəsizlik problemlərindən də söz açıb. Cloud computing sistemlərinin hesablama mühiti və məlumatların mərkəzləşdirilmiş şəkildə saxlanması səbəbindən bir çox təhlükəsizlik təhdidlərinə qarşı həssas olduğunu, onun geniş versiyası olan duman hesablama sistemlərinin isə daha təhlükəsiz arxitektur hesab edildiyini söyləyib.

Fog computing texnologiyalarında məxfilik problemlərindən bəhs edən məruzəçi qeyd edib ki, istifadəçi məlumatlarının duman qovşaqları vasitəsilə toplanması, işlənməsi və ötürülməsi zamanı duman hesablama texnologiyalarında məxfilik bir çox cəhətdən narahatlıq doğurur. Duman qovşaqları həssas məlumatları toplamaq üçün son istifadəçilərə daha yaxın olduğundan məxfi məlumatların qorunması daha çətindir. Fog computing mühitində məlumatların kiberhücumlardan qorunması üçün avtorizasiya və autentifikasiya, hiylə metodu, blokçeyn texnologiyası, müdaxilələrin aşkarlanması sistemi, effektiv şifrələmə metodları kimi mövcud mühafizə üsullarından istifadə edilir.

Sonra məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

İnstitutun icraçı direktoru, şöbənin rəhbəri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov mövzu ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Duman hesablama texnologiyalarının tətbiqi istiqamətində aparılan araşdırmaların dərinləşdirilməsi və nüfuzlu beynəlxalq bazalarda indeksləşən elmi jurnallarda yeni məqalələrin dərc olunmasının vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: