Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Tarix Muzeyinin əməkdaşı beynəlxalq simpoziumda məruzə ilə çıxış edib
21.06.2022 16:05
  • A-
  • A
  • A+

Tarix Muzeyinin əməkdaşı beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Qazaxıstan Respublikasının Türküstan şəhərində Ə.Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin təşkilatçılığı ilə “III Beynəlxalq Serikbol Kondıbay və Türk Mifologiyası Araşdırmaları Simpoziumu” keçirilib.

Simpoziumda AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədova “Çingizilər dövrünün türk simvolları haqqında (Serikbol Kondıbayın tədqiqatları və Qazaxıstan ilə Azərbaycanda aşkarlanmış sikkələr əsasında)” adlı məruzə ilə çıxış edib.

Məruzədə Azərbaycanın müxtəlif bölgələrində (Ağdam, Gəncə, Bakı, Şamaxı) tapılmış XIII əsrə aid Çingizi sikkələri (Uqedey, Turakinə, Göyük, Menqu) üzərindəki təsvirlər, yazılar və Qazaxıstanda (Manqistau, Almatı) aşkarlanan Xarəzmşahlar (Təkiş, Əlaəddin Muhəmməd ibn Təkiş) dövrünün sikkələri barədə məlumat işıqlandırılıb.

Həmçinin məruzədə XIII əsrin pul dövriyyəsi və ticarət əlaqələri, o cümlədən türk simvolları və damğalarının Qazaxıstan alimi Serikbol Kondıbayın (1968-2004) əsərlərində mifoloji baxımdan araşdırıldığı vurğulanıb, türk xalqlarının ortaq tarixi də qeyd edilib.

Elektron təqdimat vasitəsilə muzeyin Numizmatika fondunda qorunan müvafiq dövrə aid sikkələr nümayiş etdirilib.

Qeyd edək ki, simpoziumun məruzələrinin nəşri nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: