Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Vətənim” verilişinin Xurşidbanu Natəvana həsr edilmiş buraxılışı yayımlanıb
23.06.2022 11:30
  • A-
  • A
  • A+

“Vətənim” verilişinin Xurşidbanu Natəvana həsr edilmiş buraxılışı yayımlanıb

“Mədəniyyət” televiziya kanalında “Vətənim” verilişinin Xurşidbanu Natəvana həsr edilmiş növbəti buraxılışı yayımlanıb.

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun təqdimatında yayımlanan proqramda Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustadlarından olan Xurşidbanu Natəvanın həyat və yaradıcılığına geniş nəzər salınıb.

Alim Qarabağ xanlığının sonuncu varisi olan xan qızı Xurşidbanu Natəvanın 15 avqust 1832-ci ildə Azərbaycanın dilbər guşəsi, qədim mədəniyyət mərkəzi olan Şuşada anadan olduğunu bildirib. Qeyd edib ki, Natəvanın fəaliyyətinə nəzər salarkən onu məşhur şair, “Məclisi-üns” adlı məclisin rəhbəri, rəssam, Şərq təbabətinin gözəl bilicisi, xeyriyyəçi insan, gözəl tikmələr yaradıcısı olan qabiliyyətli qadın, şahmat oynamaq bacarığı ilə ətrafdakıları valeh edən oyunçu, sərgi və cıdır yarışları üçün xüsusi Qarabağ atları yetişdirən iş adamı kimi görürük.

“1928-ci ildə tanınmış folklorçu və ədəbiyyatşünas Hənəfi Zeynallı tərəfindən ayrı-ayrı mənbələrdən toplanmış Xurşidbanu Natəvan şeirlərindən ibarət ilk kitab işıq üzü görmüşdür. 9 ildən sonra kitabın nüsxələri bütün kitabxanalardan toplandı. Bütün ölkədə qadağan edilmiş bu kitab hansı evdə tapılsa, həmin evin sahibinin adı “xalq düşmənləri”nə havadarlıq edənlərin siyahısına əlavə edilirdi. Bu kitab XIX əsrdə yaşamış Natəvanın XX əsr Azərbaycan insanına ilk böyük qayıdışı idi”, – deyə akademik söyləyib. Bildirib ki, 1940-cı ildə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi qurulmağa başlarkən binanın qarşısında Azərbaycanın 6 klassikinin heykəli ucaldılmışdır. Onlardan biri də tanınmış heykəltəraş Ömər Eldarovun yaratdığı Xurşidbanu Natəvan abidəsi idi.

Akademikin sözlərinə görə, dövrünün istedadlı şairlərindən olan Natəvan ilham mənbəyini doğma təbiətin gözəlliklərindən almış, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük zəhmət sərf etmiş, humanist təbiətinə və nəcibliyinə görə tanınıb fədakarlıq və mərhəmət mücəssəməsi kimi sevilmişdir. Natəvan ətrafında güclü qələm sahiblərinin olması səmtində də səylər göstərmiş, məclislər yaratmışdır. Bu da XIX əsrdə Qarabağda, bütövlükdə Azərbaycanda ədəbi həyatın tərəqqisində Natəvanın misilsiz rolu olduğunu bir daha sübut edir.

R.Hüseynov qeyd edib ki, Natəvanın şeirlərində səmimilik, öz yaşantılarını, həyəcanlarını ifadə etməsi, saf məhəbbətin, sədaqətin tərənnümü, dilin sadəliyi diqqəti ilk cəlb edən xüsusiyyətlərdəndir. Əsərlərində insanı, təbiət mənzərələrini bir rəssam kimi təsvir etmək istedadını nümayiş etdirmiş Xurşidbanunun həyatında yaddaqalan tarixi hadisələrdən biri də böyük fransız yazıçısı Aleksandr Düma ilə Bakıda baş tutmuş görüşüdür. Düma qələmə aldığı xatirələrində kübarlığı və nəcibliyi ilə seçilən, zəngin dünyagörüşünə malik olan Natəvan və onun anasından böyük heyranlıqla söz açmışdır.

Natəvanın həyatı hakimiyyət işləri ilə bağlı olsa da, o, qələmdən heç zaman əl çəkməmiş, yaşadığı müddətcə bənzərsiz şeirlər yaratmışdır. Əbülfət xan Tuti, İbrahimxəlil xanın qızı Ağabəyim ağa, Cəfərqulu xan Nəva, Fətəli bəy Hali, Qasım bəy Zakir kimi bir çox görkəmli şairlər Xurşidbanu Natəvanın nəslindən olmuşlar. Şuşanın rəmzlərindən biri hesab edilən Gövhər ağa məscidi də məhz Natəvanın şair bibisi Gövhər ağa tərəfindən tikdirilmişdir.

Akademik bildirib ki, illər keçsə də, qədirbilən Azərbaycan xalqı xan qızı Natəvanı unutmamış, onun adı küçə, kitabxana və məktəblərə verilmişdir. Bakıda heykəli, Şuşada büstü ucaldılmışdır. Hazırda onun əlyazmaları, şəxsi geyimləri, əşyaları arxiv və muzeylərdə saxlanılır. Xalqımız Azərbaycan mədəniyyəti və ədəbiyyatının inkişafına mühüm töhfələr bəxş etmiş Xurşidbanu Natəvan kimi görkəmli tarixi şəxsiyyətlərə daim minnətdar olacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: