Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu – TÜBİTAK) arasında elm və texnologiya sahəsində əməkdaşlıq haqqında beynəlxalq Saziş imzalanıb. Bu məqsədlə EİF-in icraçı direktoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti TÜBİTAK-da olub. Mərasimdə TÜBİTAK rəhbərliyi və rəsmiləri, həmçinin Azərbaycanın Türkiyədəki səfirliyinin ikinci katibi Vasif Əliyev də iştirak edib.
Sazişin imzalanmasından öncə EİF və TÜBİTAK haqqında ətraflı məlumat verilib, hər iki qurum arasında əməkdaşlığın faydalı və səmərəli olacağına əminlik vurğulanıb. EİF-in icraçı direktoru Elçin Babayev Azərbaycanda elm, təhsil, mədəniyyət, idman və incəsənətin inkişafına dövlət qayğısından söhbət açıb, Prezident İlham Əliyevin elmə göstərdiyi xüsusi qayğını konkret faktlarla qeyd edib. Azərbaycanı təcəssüm etdirən hədiyyələr TÜBİTAK-a təqdim olunub.
Sazişə əsasən, tərəflər milli iqtisadiyyatın inkişafında elm və texnologiyanın əhəmiyyətini qəbul etməklə, bərabərlik və qarşılıqlı fayda əsasında elmi və texnoloji əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək, Türkiyə və Azərbaycanın elmi-tədqiqat institutları, qurumları və universitetləri arasında elm və texnologiya sahəsində əməkdaşlığı təşviq etmək və dəstəkləmək barədə razılığa gəliblər.
EİF və TÜBİTAK ölkələr üçün prioritet hədəfləri nəzərə alaraq, qarşılıqlı maraq doğuran təbiət elmləri, mühəndislik və texnologiyalar, tibb və səhiyyə elmləri, kənd təsərrüfatı elmləri, sosial və humanitar elmlər sahələrində, həmçinin fənlərarası tədqiqatlarda və kadr hazırlığı üzrə əməkdaşlıq edəcəklər.
Əməkdaşlığın xüsusi formaları kimi tədqiqat nəticələrinin, həmçinin alim, mütəxəssis və tədqiqatçıların səfər mübadilələri də daxil olmaqla birgə tədqiqat və inkişaf layihələrinin yerinə yetirilməsi, birgə elmi iclaslar, konfranslar, simpoziumlar, kurslar, seminarlar, sərgilər və s. təşkili və onların işində iştirak, ikitərəfli elmi və texnoloji əməkdaşlıq çərçivəsində yaranacaq elmi-texniki tədqiqatların nəticələrinin, informasiyanın və sənədlərin mübadiləsi, müştərək tədqiqat və inkişaf layihələri üçün tədqiqat və inkişaf vasitələrindən və elmi avadanlıqdan birgə istifadə nəzərdə tutulur.
Tərəflər Avropa Birliyinin Çərçivə Proqramlarında və tədqiqat, inkişaf və innovasiya üzrə digər beynəlxalq əməkdaşlıq proqramlarında iştirak çərçivəsində də əməkdaşlıq edəcəklər. Əməkdaşlığın səmərəli icrası üçün birgə komitə yaradılacaq. İlk birgə qrant müsabiqəsinin bu ilin sonunadək elan olunması barədə razılıq da əldə olunub.
Səfər çərçivəsində EİF nümayəndə heyəti TÜBİTAK-ın nüfuzlu qurumlarından biri olan Kosmos Texnologiyaları Araşdırma İnstitutunda (TÜBİTAK UZAY) da olub. Bu gün TÜBİTAK UZAY 12 müxtəlif tədqiqat qrupuna, ən son texnoloji vasitələrə, modern təchizata və yüksək səviyyəli alim və mühəndis heyətinə malik olmaqla Türkiyə daxilində və regional layihələrdə, həmçinin bir çox beynəlxalq araşdırma layihələrində uğurla iştirak edir.
Rəsmi qəbulda institutun direktoru Dr. Lokman Kuzu TÜBİTAK UZAY haqqında ətraflı məlumat verilib, hər iki qurum arasında əməkdaşlıq məsələləri, həmçinin EİF, TÜBİTAK UZAY və Azərkosmos ASC arasında əməkdaşlıq haqqında üçtərəfli anlaşma Memorandumunun imzalanması ətraflı müzakirə olunub. Azərbaycanlı qonaqlar UZAY-ın bölmələri, həmçinin peyklərin yığılma və sınaqdan keçirilmə modulları ilə də tanış olub. Kosmos və astronomiya tədqiqatları sahəsində Azərbaycan və Türkiyə alimlərinin birgə fundamental-tətbiqi layihələrinin dəstəklənməsi barədə razılıq əldə edilib. Tərəflər birgə elmi tədbirlərin keçirilməsi barədə də razılığa gəliblər.
Regionun ən nüfuzlu və böyük universitetlərindən biri olan Orta Şərq Texniki Universitetində (Orta Doğu Teknik Universitesi - ODTÜ) keçirilən görüşdə isə prorektor professor Volkan Atalay universitet haqqında məlumat verib, hər iki qurum arasında əməkdaşlıq məsələləri müzakirə olunub, universitet kampusu və Elm və Texnologiya Muzeyi ilə tanışlıq baş tutub.
Hər iki görüşdə qeyd olunub ki, Elmin İnkişafı Fondu Azərbaycan üçün elmi kadr hazırlığı məsələsinə xüsusi diqqət yetirir və məsələnin həllində TÜBİTAK və ODTÜ-nün zəngin təcrübəsindən bəhrələnmək planlaşdırılır.
Azərbaycan nümayəndə heyəti 28 may Respublika Günü münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən təşkil edilmiş rəsmi qəbulda da iştirak edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir