Məlum olduğu kimi, AR Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında” 12 mart 2022-ci il tarixli Qərarına əsasən, 2023-2024-cü tədris ilində I ixtisas qrupu üzrə riyaziyyat-informatika altqrupuna daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər 2-ci mərhələdə fizika, riyaziyyat və informatika fənlərindən imtahan verəcəklər.
Ali təhsil müəssisələrinə qəbulda informatika fənninə yeni status verilməsi qəbula hazırlaşan abituriyentlər, bu fənni tədris edən müəllimlər üçün yeni tədris vəsaitlərinə zərurət yaradıb. Bu məqsədlə Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi İsmayıl Sadıqovun həmmüəllifi olduqları tədris vəsaitinin 1-ci hissəsi nəşr olunub.
17 bölmədən ibarət olan kitab materialın həcmi nəzərə alınaraq 2 hissəyə ayrılıb. Hər bir bölmə bir neçə mövzudan ibarətdir. Hər bir mövzuya uyğun verilmiş nəzəri materiallar çoxsaylı nümunələrlə (testlərlə) müşayiət olunub. Məsələ həlli tələb edən mövzularda müvafiq həcmdə nümunələr təqdim edilib. Mövzunun sonunda mənimsəməni dərinləşdirmək, möhkəmləndirmək və dəyərləndirmək üçün “Müstəqil qiymətləndirmə tapşırıqları”, hər bölmənin sonunda isə “Ümumiləşdirici tapşırıqlar” verilib.
“Bakı” nəşriyyatı tərəfindən yüksək səviyyədə dizayn edilərək nəşr olunmuş dərslik, ilk növbədə, 2023-2024-cü tədris ilində “İnformatika” fənnindən qəbul imtahanı verəcək məktəblilərin (abituriyentlərin) həmin imtahana sistemli şəkildə hazırlaşmaları üçün nəzərdə tutulub. Kitabın hazırlanmasında qəbul imtahanının proqramı və imtahan modeli, eləcə də hazırda istifadədə olan V-XI siniflər üçün “İnformatika” dərslikləri əsas götürülüb. Sadə və anlaşıqlı dildə yazılmış kitabda mənimsəməni asanlaşdıracaq sxem, şəkil və illüstrasiyalar təsvir edilib. Bu da müxtəlif səviyyəli məktəblilərin imtahana səmərəli hazırlaşmalarına yardım edəcək.
Kitab ümumtəhsil məktəblərinin V-XI siniflərində informatika fənnini tədris edən müəllimlər üçün də əvəzsiz tədris vəsaiti olacaq. Belə ki, eyni bölməyə aid olan, lakin kurrikuluma uyğun olaraq, “İnformatika” dərsliklərinin ümumi təhsil pilləsinin fərqli səviyyələrinə (siniflərinə) paylanmış bir sıra mövzular burada sistemli şəkildə verilmiş və daha ətraflı izah edilib.
Bundan başqa, sözügedən tədris vəsaitindən yuxarı sinif şagirdləri və ali təhsil müəssisələrində “İnformasiya texnologiyalarının əsasları” fənnini öyrənən tələbələr də yararlana biləcəklər. Kitab informasiya-kommunikasiya texnologiyaları sahəsi ilə maraqlanan geniş oxucu kütləsi üçün də faydalı olacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.