Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.06.2015 08:56
  • A-
  • A
  • A+

II Xüsusi şöbə və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının birgə seminar-məşğələsi keçirilib

II Xüsusi şöbə və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının birgə seminar-məşğələsi keçirilib

Bu gün Mərkəzi Elmi Kitabxanada (MEK) AMEA Rəyasət Heyəti aparatının II Xüsusi şöbəsinin növbəti seminar-məşğələsi keçirilib.

Tədbirdə II Xüsusi şöbə, AR Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə (MM) Qoşunları, akademiyanın elmi müəssisə və təşkilatlarının MM qərargah rəisləri və sanitar qrup üzvləri iştirak ediblər.

II Xüsusi şöbənin rəisi Eldar Quliyev tədbiri giriş sözü ilə açaraq, AMEA-nın elmi müəssisə və təşkilatlarının MM qərargah rəislərinin ölkə üçün vacib olan məsələlərlə mütəmadi məlumatlandırıldığını və sərəncamlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Tədbirin keçirilməsinin əhəmiyyətindən danışan şöbə rəisi bildirib ki, əsas məqsəd əməkdaşları maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza   hadisələri zamanı düzgün təxliyyə olunmasının öyrədilməsidir.

Sonra çıxış edən MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova fövqəladə hallar zamanı davranış qaydalarının öyrənilməsi və praktiki məşğələlər zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunması baxımından bu cür tədbirlərin keçirilməsinin önəmliyini vurğulayıb.

MEK-in yeni binasına AMEA-nın Əsas binasında yerləşən köhnə kitabxanadan kitabların köçürülmə prosesinin artıq başa çatdırıldığını söyləyən L.İmanova  köçürülmüş 1 mln 571 min kitabın qeydiyyata alındığını və yeni binanın informasiya materiallarının yanğından mühafizə məqsədilə xüsusi qazla təchiz olunduğunu bildirib. MEK direktoru kitabların köçürülmə prosesində onlara köməklik göstərən Fövqəladə Hallar Nazirliyinin MM şəxsi heyətinə təşəkkürünü bildirib.

AR Fövqəladə Hallar Nazirliyinin MM Qoşunlarının MM idarəsinin rəisi, polkovnik Qüdrət Ağayev iştirakçılara nazirlik tərəfindən vətəndaşların həyat və iş fəaliyyətlərinin təhlükəsizliyi naminə görülən əməli və profilaktik tədbirlər barədə məlumat verib. Mülki müdafiə qoşunları qarşısında qoyulan vəzifələrdən danışan polkovnik Qüdrət Ağayev bildirib ki, belə tədbirlər mülki müdafiənin vacibliyi və həyati əhəmiyyəti barədə işçilərin maarifləndirilməsinə xidmət edir. Son  illər  ölkəmizdə  bu  sahəyə  xüsusi diqqət yetirilir və Mülki Müdafiə Qüvvələrinin fəaliyyəti beynəlxalq standartların tələblərinə cavab verir.  AMEA ilə sıx əməkdaşlıq əlaqələrindən söz açan Q.Ağayev mülki müdafiə sahəsində AMEA-da həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

Daha sonra Azərbaycan Dövlət Tibb Universitetinin professoru Cabbar Hacıyevin “Özünə yardım və qarşılıqlı yardım qaydalarının əyani şəkildə öyrənilməsi” mövzusunda məruzəsi dinlənilib. Məruzədə fövqəladə hadisələr və bu hadisələrdən mühafizə üsulları barədə məlumat verilib. Həmçinin qanaxmalar, sınıqlar və bədbəxt hadisələr zamanı özünə və qarşılıqlı yardım göstərmək üsulları əyani şəkildə göstərilib.

Qanaxmalar, ilk tibbi yardım qaydaları haqda ətraflı məlumat verən məruzəçi insan həyatında təhlükə yaradan qanaxmaların 3 hissədən – kapilyar, venoz və arterial qanaxmalardan ibarət olduğunu bildirib. Güclü arterial qanaxmanın olduqca təhlükəli olduğunu vurğulayan alim qeyd edib ki, venoz və kapilyar qanaxmalar, adətən, daha az təhlükəlidirlər. Bu səbəbdən zədə almış şəxsə dərhal tibbi yardım göstərilməsi olduqca vacibdir.

Tədbirdə mövzu ilə bağlı suallar cavablandırılıb.

Sonda Fövqəladə Hallar Nazirliyinin MM Qoşunlarının Tibb xidmətinin rəisi, polkovnik Elçin Əligülov çıxış edərək nazirliyin fəaliyyət  istiqamətləri və onun struktur qurumları barədə ətraflı məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: