Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin məqaləsi ən çox istinad edilən məqalələr sırasındadır
19.07.2022 11:45
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin məqaləsi ən çox istinad edilən məqalələr sırasındadır

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin “CAAI Transactions on Intelligence Technology” jurnalında dərc olunan “Efficient algorithm for big data clustering on single machine” (“Böyük məlumatların tək kompüterdə klasterləşdirilməsi üçün səmərəli alqoritm”) adlı məqaləsi ən çox istinad alan 5 məqalədən biridir.

Çinin Süni İntellekt Assosiasiyasının İngiltərənin Mühəndislik və Texnologiya İnstitutu ilə birgə nəşr etdirdiyi bu jurnalın impakt faktoru 7.985-ə bərbərdir və dünyada süni intellekt sahəsində dərc olunan jurnalların Q1 sinfinə daxildir.

Son illər müxtəlif mənbələrdən çox böyük sürətlə məlumatlar generasiya edilir və onların həcmi eksponensial sürətlə artır. Kompüterlərin hesablama və yaddaş resurslarının daim artmasına baxmayaraq, onların böyük həcmli məlumatları (big data) analiz etmək imkanları yenə də məhduddur və çox zaman mümkün deyil. Bu halda böyük həcmli məlumatların intellektual analizi superkompüterlərə və yeni alqoritmlərin işlənməsinə tələbatı artırır. Aydındır ki, superkompüterlər nəinki hər bir təşkilat, həmçinin hər bir dövlət üçün həmişə əlçatan deyil, çünki onun əldə olunması və istismarı çox böyük maliyyə resursları tələb edir. Deməli, böyük həcmli məlumatları emal edə bilən yeni alqoritmlərin işlənməsi zərurəti meydana çıxır. İnstitut əməkdaşları tərəfindən böyük həcmli məlumatları bir kompüterin imkanları çərçivəsində analiz etməyə imkan verən səmərəli alqoritm işlənmişdir. Alqoritm böyük həcmli məlumatların paket-paralel emalına əsaslanır. Bu alqoritm kompüterin yaddaş və hesablama imkanlarını nəzərə alaraq, böyük həcmli məlumatları paketlərə ayırır və sonra onları paralel analiz edir. Burada paketin ölçüsü kompüterin yaddaş imkanları nəzərə alınmaqla, avtomatik müəyyən edilir. Bu alqoritm böyük həcmli məlumatların analizi sahəsində böyük perspektivlər vəd edir və tibb, biznes, bank, maliyyə, e-dövlət, “ağıllı şəhər”, kibertəhlükəsizlik və s. kimi sahələrdə geniş tətbiq edilə bilər.

Alqoritmin qiymətləndirilməsi üçün real böyük həcmli məlumatlar üzərində eksperimentlər aparılmışdır. Alqoritm k-means və onun modifikasiyası ilə müqayisə edilmişdir. Eksperimentin nəticələri göstərmişdir ki, təklif olunan alqoritm k-means və onun modifikasiyası ilə müqayisədə həm işləmə sürəti, həm də dəqiqlik baxımından daha effektivdir.

Məqalənin müəllifləri akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və dosent Lyudmila Suxostatdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: