Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

İnformasiya Texnologiyaları İnstitutunun struktur bölmələri üzrə yarımillik hesabatların nəticələri müzakirə olunub
02.08.2022 11:45
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunun struktur bölmələri üzrə yarımillik hesabatların nəticələri müzakirə olunub

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının onlayn iclasında müəssisənin struktur bölmələrində 2022-ci ilin altı ayı ərzində aparılan tədqiqatların nəticələri müzakirə olunub.

İclasda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək rəhbərlik etdiyi elmi müəssisədə dünya elminin tələblərinə cavab verən, informasiya texnologiyaları və informasiya cəmiyyətinin ən aktual problemlərinə həsr olunmuş elmi-tədqiqatların aparıldığını vurğulayıb. Akademik institutda 2 elmi istiqamət, 11 problem üzrə icra olunan tədqiqat mövzularının bütövlükdə ölkənin maraqlarına xidmət etdiyini və böyük elmi əhəmiyyətə malik olduğunu qeyd edib. Alim tədqiqatçıların elmi fəaliyyətinin monitorinqinin aparılmasının vacibliyinə toxunaraq, onları qarşıya qoyulmuş konkret vəzifələrin icrasında fəal və məsuliyyətli olmağa çağırıb. R.Əliquliyev institutda elmi fəaliyyətin gücləndirilməsi ilə yanaşı, cəmiyyətə yararlı, keyfiyyətli, rəqabətədözümlü kadrların yetişdirilməsinin də diqqət mərkəzində saxlanılmasının önəminə toxunub.

Sonra institutun struktur bölmələrinin 2022-ci ilin birinci yarımili ərzində əldə etdikləri elmi nəticələrə dair hesabatları dinlənilib. Hər bir şöbə rəhbəri plan çərçivəsində yerinə yetirilmiş işlərin icra vəziyyəti haqqında ətraflı məlumat verib.

İclasda şöbələr üzrə “Web of Science”, “Scopus” və digər bazalarda çap olunmuş məqalələrin, eləcə də konfrans materiallarının sayı, institut əməkdaşlarının elmi əsərlərinə istinadların sayı ilə bağlı statistika təqdim edilib.

Şöbələrin hesabatları Elmi şuranın üzvləri tərəfindən geniş müzakirə olunaraq təsdiqlənib.

Hesabatlara dair çıxış edən akademik R.Əliquliyev bildirib ki, rəqabətədavamlı tədqiqatların aparılması, əldə olunan nəticələrin nüfuzlu bazalara daxil olan yüksək istinad indeksli, impakt faktorlu jurnallarda çap olunması, eləcə də kadr potensialının gücləndirilməsi hər bir şöbənin əsas hədəflərinə çevrilməlidir.

İnstitutun baş direktoru yarım il ərzində struktur bölmələrdə aparılan elmi tədqiqatları, əldə olunan mühüm nailiyyətləri yüksək qiymətləndirib, hər bir şöbə rəhbərini bundan sonra da institutun qarşısına qoyulan vəzifələrin icrasında fəal iştirak etməyə, elmi fəaliyyəti gücləndirməyə, beynəlxalq elmi əməkdaşlığı genişləndirməyə çağırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: