Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Elmi kadrlar” Milli İnformasiya Sisteminin yaradılması konsepsiyası ətrafında müzakirələr aparılıb
02.08.2022 14:10
  • A-
  • A
  • A+

“Elmi kadrlar” Milli İnformasiya Sisteminin yaradılması konsepsiyası ətrafında müzakirələr aparılıb

İnformasiya Texnologiyaları İnstitutunun 13 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirilib. Tədbirdə institutun əməkdaşı Raqif İsmayılov “Elmi kadrlar” Milli İnformasiya Sisteminin yaradılması konsepsiyası” mövzusunda məruzəni təqdim edib, sistemin yaradılmasının məqsəd və vəzifələri, normativ-hüquqi əsasları, konseptual modeli, eləcə də funksional imkanları haqqında ətraflı məlumat verib.

Məruzəçi bildirib ki, müasir dövrün çağırışları yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması ilə əlaqədar vahid dövlət siyasətinin gerçəkləşdirilməsində qabaqcıl beynəlxalq təcrübənin, yeni idarəetmə modelləri və innovativ həllərin tətbiqini zəruri edir. R.İsmayılovun sözlərinə görə, bu istiqamətdə elmi işlər, elmi və elmi-pedaqoji işçilər haqqında ölkə üzrə informasiya resurslarının müasir texnologiyalar əsasında formalaşdırılması, həmçinin elm sahəsində diaqnostik təhlillərin gücləndirilməsi məsələləri mühüm əhəmiyyətə malikdir.

O, “Elmi kadrlar” Milli İnformasiya Sisteminin yaradılması konsepsiyasının normativ-hüquqi əsaslarını diqqətə çatdırıb, ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı əsasında AMEA prezidentinin 12 mart 2019-cu il tarixli sərəncamına uyğun olaraq, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən “Elmi kadrlar” Milli İnformasiya Sisteminin yaradıldığını bildirib.

Sonra R.İsmayılov sistemin konseptual sxemini təqdim edib, onun məlumat kateqoriyaları və komponentlərini diqqətə çatdırıb.

Tədqiqatçı “Elmi kadrlar” Milli İnformasiya Sisteminin funksional imkanlarından da söz açıb. Qeyd edib ki, sistemin yaradılması elmi kadrlar haqqında informasiya resurslarının və məlumat bazasının formalaşdırılması, eləcə də elmi informasiyanın əlçatanlığının təmin edilməsinə imkan verir. Məruzəçi sistemdən istifadənin elmi fəaliyyətin qiymətləndirilməsi və monitorinqi sahəsində idarəetmənin təkmilləşdirilməsinə, təşkilatlar üzrə elmi fəaliyyətin monitorinqi və qiymətləndirilməsinin aparılmasına şərait yaratdığını vurğulayıb.

Sonda mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb. Şöbənin rəhbəri, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova fikirlərini bölüşüb, təklif və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: