Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Tarix Muzeyində XX əsrin əvvəlinə aid edilən Təbriz xalçası qorunur
11.08.2022 09:38
  • A-
  • A
  • A+

Tarix Muzeyində XX əsrin əvvəlinə aid edilən Təbriz xalçası qorunur

Azərbaycanın maddi və mənəvi dəyərləri arasında özünəməxsus yer alan sənət nümunələrindən biri də xalçalardır. Xovlu və xovsuz, süjetli və naxışlı, türkbaf və ya farsbaf ilmə toxunuşu ilə bir-birindən seçilən xalçalarımız Azərbaycanın hər bölgəsində toxunaraq xalça məktəblərinin yaranmasına səbəb olub. Uzun əsrlərdən bəri xalçalarda həkk olunan naxışlar tam oxunmamış məktub kimi hələ də xalçaçı və sənətşünasların tədqiqatlarında araşdırılmaqdadır. Həlli daha aydın və ünvanlı xalçalarımızdan olan süjetli xalçalar öz məzmunu və gözəlliyi ilə hər kəsin diqqət mərkəzində olub. Üzərindəki təsvirləri ilə hər hansı bir tarixi mənzərəni və ya portreti özündə canlandıran xalçalarımız hər bir dövrdə ona baxan izləyicisini düşündürüb, dəyərli sənət nümunəsi kimi qorunaraq nəsildən nəslə ötürülüb.

Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda bədii xalçalarımız toplanıb mühafizə olunmaqdadır. Belə xalçalardan biri XX əsrin əvvəlinə aid edilən Təbriz xalçasıdır. Əl işi olan bu xalçanın ərişi pambıq, arğacı və xovu yundur. Bu xalçanın ara sahəsində türk əsgər və zabitlərinin, təsvirlər arasında əlində boncuq tutmuş, taxtda oturmuş çinli zabitlərin stilizə olunmuş təsvirləri həkk olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: